Gültəkin Hacıbəyli: «Baş verənlər erməni xalqının oyanışı, Avropaya inteqrasiya uğrunda mübarizəsinin işartılarıdır»
Ermənistanın paytaxtı Yerevanda vəziyyət gərgin olaraq qalır. Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkir.ÿBütün maşınlar, piyadalar yoxlanılır.ÿƏn ciddi yoxlamalar metronun giriş-çıxışlarında müşahidə olunur.
Ələ keçirilmiş polis binasının (Post Patrul Xidməti) ətrafında vəziyyət gərgin olaraq qalır. Müxalifət növbəti kütləvi aksiyalarına hazırlaşır. Hazırda əsas sual Ermənistanda nə baş verdiyi ilə bağlıdır. Bu istiqamətdə müxtəlif fərziyyələr səslənir. Fərziyyələrdən biri Azərbaycan hakimiyyətinin nəzarətində olan KIV tərəfindən tirajlanır. Belə iddia olunur ki, Sarkisyan Qarabağ danışıqlarında güzəştə hazırlaşdığından cəmiyyət buna qarşı çıxır. Amma danışıqlar boyu həmişə sərt mövqedən çıxış edən Ermənistan hakimiyyətinin kompromisə getmək üçün bu cür vəziyyətlə üzləşdiyi az inandırıcıdır. Təkcə aprel döyüşlərində itirilən əraziləri qaytarmaq üçün Ermənistan rəhbərliyinin göstərdiyi dirənişi xatırlatmaq kifayətdir ki, bu təbliğatın o qədər də inandırıcı olmadığını anlayasan.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ərazilərimizin 20 faizini işğal edən bir dövlət, xalq milli mənafelərini bizdən daha dərindən düşünür, dünyada baş verən proseslərə daha praqmatik yanaşır və dünyadakı tendensiyalara dəqiq qiymət verməyi bacarır: “Ermənistanda bu gün dərin proses gedir və baş verənlər qlobal proseslərin tərkib hissəsidir. Ermənistan hazırda dünya güclərinin qarşıdurmasında formal baxımdan Rusiyanın tərəfindədir. Ermənistanın iqtisadi sistemi dərin şəkildə Rusiyaya inteqrasiya edib. Bu dövlətin Rusiyadan siyasi və hərbi aslılığı maksimum dərəcədədir. Bunun qarşılığında Ermənistana Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal etmək şansı tanınıb. Amma bu gün dünyada tamamilə fərqli proses gedir. Rusiya getdikcə təklənir. Ermənistan uzun illər gedən danışıqlar nəticəsində ona əmin olur ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dünya birliyinin mövqeyi birmənalıdır. Ermənistanın özünü tamamilə təslim etməyin qarşılığında Qarabağın işğalı artıq bir divident olaraq aktuallığını itirir. Çünki Ermənistan faktiki olaraq Qarabağı işğalda saxlasa da hüquqi baxımdan bunu gerçəkləşdirə bilməyəcəyinin fərqindədir”.
G.Hacıbəylinin sözlərinə görə, eyni zamanda Rusiya ilə siyasi və hərbi müttəfiqlik Ermənistanı inkişafdan geri saxlayır. Ermənistanın qarşısında kifayət qədər ciddi perspektivlərin olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Ermənistan üçün kifayət qədər cəlbedici alternativlər var. Və ən cəlbedici alternativ Avropa Birliyidir: “Ermənistanda ciddi problemlər, əhalinin ölkədən köç etməsi var. Bütün bunlar daha yaxşı həyat uğrunda baş verir. Artıq erməni xalqı anlayır ki, o bu gün Rusiyadan qazana bildiklərinin hamısını əldə edib. Yəni vaxtı ilə heç bir tarixi kökü olmayan Ermənistan dövləti yaradılıb, daha sonra onun əraziləri Zəngəzurun, Dərələyəzin hesabına genişləndirilib. Bir müddət sonra isə Qarabağın işğalına şərait yaradılıb. Amma Ermənistan xalqı anlayır ki, Rusiya bundan artıq onlara heç nə verə bilməz. Heç Qarabağın özü belə hüquqi baxımdan Ermənistana verilə bilmir”.
G.Hacıbəyli onu da vurğuladı ki, Rusiyanın iqtisadi resursları tükənir və bunu dövlət rəsmiləri özləri də etiraf edirlər: “Ermənistanda Avropa ilə inteqrasiya meylləri güclənir. Insanlar anlayırlar ki, Qarabağ kartı ilə hakimiyyətə gəlmiş Sarkisyan klanı ermənilərə heç nə verə bilmədi. Amma bunun qarşılığında bu klan Ermənistanın inkişafının qarşısını alır. Ermənistan getdikcə daha pis vəziyyətə düşür. Əgər Rusiya iqtisadiyyatı çöküşə gedirsə, Rusiya iqtisadiyyatının yedəyində olan Ermənistan daha acınacaqlı vəziyyətdədir. Bu baxımdan baş verən prosesləri erməni xalqının oyanışı və Avropaya inteqrasiya, ədalətli cəmiyyət uğrunda mübarizəsinin işartıları hesab edirəm. Bu bölgədə baş verən demokratikləşmə prosesinin tərkib hissəsidir. Bu baxımdan bu proses Azərbaycan üçün faydalıdır. Çünki Ermənistan cəmiyyəti nə qədər çox demokratikləşəcəksə, Avropanın dəyərlər sisteminə inteqrasiya edəcəksə, işğal etdiyi ərazilərə iddialarından da tez imtina etməli olacaq”.
Xəyal