İlham Əliyevin bizə təklifi

Dəyərli oxucular, sizləri uzun bayram tətilindən sonra yenidən xoş gördük. Bilmirəm yazın gəlməsi bizim Asfaltistana çevrilən, hər yanı qazılıb, sökülən, tikilən vətənimizdə nəyi dəyişəcək, amma bu yaz tətilində şəxsən mən paytaxtımızı doyunca gəzdim. Onu diqqətlə yenidən seyr etdim. Dəyişiklikləri görməyə çalışdım. Hər şeydən öncə, bizim şanlı hakimiyyətin nə etmək istədiyini anlamağa çalışdım. Abadlıq adı ilə aparılan işlərin arxasında nə durduğunu dərk etməyə çalışdım.
Bu işlərin arxasında korrupsiya maraqlarının, yeyinti və talanın olduğunu siz də bilirsiniz. Amma çalışdım ki, bir şeyi də öyrənim – heç olmasa bu işlər şəhərin, ölkənin həqiqətən də abadlaşmasına xidmət edirmi? Korrupsiya maraqları öz yerində, bəs ölkənin kənd və şəhərləri köklü abadlığa nəsib olurmu? Bu qədər böyük xərclərin hesabına nəyisə qazanırıqmı?
Mən çox məyus oldum. Bir daha əmin oldum ki, ölkədə xaotik, nizamsız abadlıq işləri də yaxşı nəticələrə aparmır. Milli park adını alan Bakı bulvarı yaxın dövrdə təmirdən çıxmasına baxmayaraq, bir daha təmir edilir, şəhərin hər yanındakı abadlıq görüntü xarakteri daşıyır və çox keçməmiş buralarda yenidən təmirə ehtiyac duyulacaq.
Əksər yerlərdə təzə çəkilmiş asfalt yolların yaxın gələcəkdə sıradan çıxacağı görünür. Bundan əlavə, şəhərin az qala hər yerində asfalt çəkilir və bunun da bir çoxu yaxın keçmişdə təmir edilmiş yollardır. Tibb Universitetinin əsas binasının qarşısındakı (Türkiyə səfirliyinə tərəf) parkdakı 2-3 il əvvəl açılmış musiqili fontan yoxdur, onun yerində təzəsini tikiblər. Həmin park sökülərək təzədən tikilib. Belə hallarla çox yerdə rastlaşmaq olar.
Şəhərin əsas olmayan küçələri, qəsəbələri, çox yerdə isə əsas küçələr ciddi dərəcədə dağılıb. Qışdakı qardan sonra bu yollar tanınmaz və keçilməz olub. 20 Yanvardan Qələbə kinoteatrına  aparan yolla getsəniz, görəcəksiniz ki, dağ yollarına oxşayır. Bu gedişlə qəsəbələrə və ara yollara heç vaxt növbə çatmayacaq. Məgər bizim məqsədimiz daim asfalt çəkməklə məşğul olmaqdır?    
Bütün bu gəzintidən sonra məni bir sual xeyli düşündürdü. Doğrudanmı bizim hakimiyyət bu cür abadlıqla qane olmağımızı bizdən istəyir? Axı Ilham Əliyevin çıxışlarının əsasında bu abadlıqlar durur. Bütün ölkəyə sahib olmaq, onun üzərində məhdudiyyətsiz qərar vermək, azadlıqlarımıza hökm oxumağın əvəzinə, Ilham Əliyev bunumu bizə təklif edir?
Yəni bütün Azərbaycanı əlimizdən alıb, əvəzinə bizə bu xaotik və tezdağılan abadlıqlarımı təklif edirlər? Hətta tutaq ki, bu abadlıqlar hakimiyyətdəkilərin dediyi kimi, çox yüksək səviyyədədir, məgər bütün Azərbaycanın əvəzinə bununla qane olmalıyıq?
Yəqin bu zaman yadınıza Makedoniyalı Isgəndərin  Iran şahı Daraya dediyi sözlər yadınıza düşdü. Isgəndər   Irana hücum edəndə Dara ona imperiyasının bir hissəsini təklif etmiş, Isgəndər də cavabında demişdi: “Deyirsən ki, bütün Iranı Iranın bir hissəsinə dəyişim?!”
Biz Isgəndər kimi harasa hücum etməmişik, biz bu ölkənin sahibləriyik. Indi bizə bütün Azərbaycanın əvəzinə onun bir hissəsinin abadlaşdırılmasını təklif edirlər. Məgər biz buna qane olmalı, hamıya çatmalı olan sərvətləri, rifahımızı, bütün digər haqlarımızı, azadlıqlarımızı buna görə güzəştə getməliyik?
Mən şəxsən belə anladım ki, Ilham Əliyev bizə məhz bunu təklif edir – bütün Azərbaycanın əvəzində onun bir hissəsində gedən abadlıqları. Ona görə də daim yalnız inkişafdan və abadlıqlardan danışırlar…