Uzun, upuzun illərdən sonra ilk dəfə ayaq basdığım ucqar, çox ucqar bir dağ kəndində üstü dəbdə olan tünd göy rəngli örtüklə bağlanmış orta məktəb binasını görəndə heyrətimi gizlədə bilmirəm. Oralara “daş axır” yer deyirlər.
Sevinsəm də, bu kəndin həyat tərzinə bələd biri kimi, təəccübləndim – burda məktəbə nə gərək?.. Axı körpəliyimdən gəlib-getmişəm bu kəndə. Yağış yolları bağladığından bir ay köhnə sovet-tövlə məktəbində oxumuşam da. Camaatı əkin-biçinlə məşğul olsa da, demək olar, tərəkəməçilikdi. Yeni dərs ili başlayanda hardasa bir ay dərs olar, sonra camaat qışlaqlara köçər, məktəbdə cəmi-cümlətanı 20-30 şagird qalardı – onlar da müəllim uşağı; məktəbə gəlib, tez də evlərinə qayıdardılar. Nədənsə həmişə evdə işi başından aşan müəllimlər uşaqları buraxar, kimi eşşəklə odun gətirməyə, kim bal kəsməyə gedərdi. Qışda isə məktəbin qapısı onsuz da təsadüf hallarda, rayondan “qulluqçular” (dövlət məmurlarını belə çağırırdılar) gələndə açılar, uşaqları evlərdən bir-bir yığıb soyuq sinfə doldurardılar.
Məktəbə baxmaq istədiyimi deyəndə uşaqlıq yoldaşım olan yerli müəllimlərdən biri sevindi və həvəslə məni içəri apardı: Otaqlar toz və rütubət qoxuyur. Soyuqdan adamın dişi-dişinə dəyir. Taxta döşəmənin qalın toz layı üstə biədəb şəkillərin çəkildiyi, vurma cədvəlinin yazıldığı görünür. Yəqin lövhəyə çıxan uşaqlar üçün “şparqalka”dı.
Siniflərdən birinə yığışıb nərd atan müəllimlərlə görüşüb, hal-əhval tuturuq. Gözümə uşaq dəymədiyindən bu gün nəsə tətil olub-olmadığını soruşuram. Gülürlər. “Elə bil bu kəndə birinci dəfədi gəlirsən,- deyirlər. – Hamı qışlaqdadı. Uşaqları da özlərilə gedir. Çaqqal-çuqqalı yığıb dərs deyəsi deyilik ki”. Görəsən dağınıq fermalar şəklində yaşayan qışlaqlarda uşaqlara dərs keçilirmi? Əlbəttə, bu sualım da yersizdi, çünki xatirimdədi, hələ sovet dövründə sənədlərdə həmin o “tədris”in adı gedər, kimlərsə maaş alar, ancaq bir uşağın belə bu “mövsümi məktəblərdən” xəbəri olmazdı. Indi, Misir padşahlığı dövründə bu sualı verməksə deyəsən mənə heç yaraşmır. Sadəcə, qəşş eləyirlər. Görünür, sadəlövhlüyümün həddi-hüdudu yoxmuş ki, daha bir sual verirəm: Ötən il, məktəbdən ali məktəbə girən neçə nəfər olub?
“Ali məktəbə gedən kimdi?” – müəllimlər sualıma sualla cavab verdilər, mən də guya səhvimi düzəldirmişəm kimi: “Hə də, ancaq dərs olmayandan sonra, nə ali məktəb?” – deyirəm. Yox, sən demə, səbəb bu da deyilmiş; kəndə başı kompüter kimi işləyən, öz gücünə, əlavə məşğələlər hesabına oxuyan bir neçə uşaq varmış. Onlardan biri hətta inişil yüksək balla ali məktəbə də daxil olubmuş, elə birinci kursun axırındanca gəlib oturub evdə, ata-babası kimi başlayıb qoyunçuluğa. “Institut müəllimlərinin rüşvətini çatdırmaq olmur…”.
Sonuncu nərd tasını uduzan gənc müəllimlərdən biri yerindən qalxıb mənə sarı gəlir və ciddi görkəm alıb deyir: “Sağ olsun Heydər Əliyev fondu, Mehriban xanım. Hələ məktəbimizə üç dənə kompüter də bağışlayıblar. Printer də var. Ancaq işlədə bilmirik. Heç olmasa printer işləsəydi, yaxşı pul qazanmaq olardı camaatdan. Müəllim bayaqdan diqqətimi çəkən iri müşəmbə örtüyü qaldırıb toz basmış köhnə nəsil heyvərə kompüterləri, printeri mənə göstərir. Kompüteri açmaq istəyirəm, ancaq məlum olur ki, onlar bura gələndə, artıq ömürlərini başa vurubmuşlar.
Dolanışıqdan söz düşəndə: “Həkim deyir, ay allah, xəstə çox olsun, polis çoxlu cinayət arzulayır, biz isə oturub gözləyirik ki, Ilham haçan maaşımıza bir 5 faiz də əlavə eləyəcək. Allah onun atasına rəhmət eləsin, axşamacan nərd atıb oturduğumuz yerdə filan qədər pul alırıq, daha nə istəməliyik ki? Az alan bədən tərbiyəsi müəllimidi – o da 450 manat alır. Indi də oturub səbirsizliklə yeni 5 faizi gözləyirik”.
Allah rəhmət eləsin də, müəllim qardaş, nə deyirik ki? Onsuz da Ilham müəllim gələndə hamı bilirdi ki, atasına rəhmət oxutdurmağa gəlir.

Atasına rəhmət oxutduran
•
•