Dəyirmançının və Konfutsinin ədalət tərəzisi

saadet-cahangir-koseSəadət Cahangir

Əlindəki hakimiyyət səlahiyyətindən yararlanıb qanunu istədiyi kimi çeynəyən adamlar anlamazlar ki, ədalət bir gün hər kəsə gərək olur. Anlamazlar ki, heç bir şahın, sultanın, kralın təkəbbürü və hakimiyyəti əbədi deyil. Anlamazlar ki, üç yüz il əvvəl bir dəyirmançının krala söylədiyi bu böyük sözlər hələ də keçərlidir: “Heç bir güc, heç bir iqtidar, heç bir kral belə ədalətdən üstün sayıla bilməz!” Elə anlamadıqlarına görə, alman kralı Fridrixə ədalət dərsi verən dəyirmançının ibrətlik sözləri beyinlərinə batacaq da deyil. Bir alman dəyirmançının kralı şikayət edəcək qədər güvəndiyi hakimlər də yox bu anlamaz adamların məmləkətində. Amma gerçək dəyişmir, həqiqət birdir. Zorbalıq, yalan, qəddarlıq, zalımlıq lənətdən başqa bir şey gətirməz insana. Iyirmi il, otuz il, qırx il sonra belə lənət oxuyarlar gəlib-keçəninin arxasınca. Hələ bu pisliklərini təkcə öz çevrənin deyil, bütünlükdə bir xalqın başında çatladasan. Bir xalqı öz çirkin oyunlarının qurbanına çevirəsən, onu əzdikcə əzib, alçaltdıqca alçaldasan, sonra heç nə olmamış ki, kürsüyə qalxıb haqdan-ədalətdən dəm vurasan. Dərdimiz böyük, məmləkət belə adamların əlindən qan ağlayır. Başa doğru, dürüst adamların keçməsi lazım. Qanunu şah sayan, ondan bir barmaq kənara çıxılmasına yol verməyən, ədalət naminə kimsəyə güzəştə getməyən, gərək olduğu zaman haqq edənləri layiqincə cəzalandırmaqdan belə çəkinməyən adamların…

Məşhur Çin filosofu Konfutsi zamanındakı hökmdarın istəyi ilə bir müddət yaşadığı şəhərə rəhbərlik etməyi üzərinə götürmüşdü. O, şəhərdə baş verənləri yeddi gün izləyəndən sonra yüksək rütbəli məmurlardan Şao-Çengi edam etdirərək, onun cəsədinin üç gün açıqda qalmasına əmr verdi. Filosofun tələbələri çaşıb qaldılar: “Şao-Çeng bu şəhərdə nüfuzlu və güclü bir adam idi. Ilk işiniz nədən onu asdırmaq oldu, etdiyiniz doğrudurmu? Bildiyimizə görə, bu adam oğurluq, quldurluq da etməmişdi…” Konfutsi tələbələrinə belə cavab verdi: “Dünyada beş ağır cinayət var. Quldurluq və oğurluq bunların arasında deyil, onlar daha sonra gəlirlər. Həmin beş cinayət bunlardır: Birincisi, uyumsuz və özbaşına şəkildə mənəmlik. Ikincisi, aşağı həyat tərzinə baxmayaraq, yuxarı səviyyə üçün inadkarlıq. Üçüncüsü, çənəsinin qüvvətli olmasıyla birlikdə yalançılıq. Dördüncüsü, hər kəsin eybini, qüsurunu bilə-bilə, hər kəslə dostcasına dolanmaq. Beşincisi, haqq və ədalət duyğusu olmadan, etdiyi haqsızlıqları bəzəkli və parlaq səbəblər arxasında gizlətmək. Şao-Çengdə bunların beşi də vardı. Hara getsə tərəfdar yığır, özünə qrup yarada bilirdi; aldadıcı fikirlərini parlaq danışıqların arxasına gizləməyi bacarırdı; zülmüylə ədaləti tərsinə çevirə bilirdi. Rəzilliklər birləşdiyi halda, ortaya çox güclü bir pislik çıxar. Mən də şəhər əhalisinin dərdini çəkmək yerinə, bu adamı edam etdirmək yolunu seçdim…”

Bir ölkəyə ədalət gətirən adamlar ilk olaraq başda oturanlardır. Ədaləti pozan, qanunu tapdayan, haqsız bir düzənə fürsət tanıyan da elə onlardır. Bəlkə, ədaləti saxlamağın üsulu yerinə görə dəyişə bilər. Dəyirmançı və Konfutsinin misalında olduğu kimi. Amma tərəzi hər yerdə birdir, o pozularsa, haqsızlıq, cəzasızlıq və özbaşınalıq cəmiyyəti qısa zamanda çökdürür. Buna izin verməyən, başdakının cızığından çıxmasına heç bir əl yeri qoymayan, yeri gələndə tərəzini əyənlərin burnundan vurmağı bacaran  xalqlar haqq edirlər gözəl cəmiyyətdə yaşamağı. Gözəl yaşamaq hər kəsin haqqıdır, əlbət. Amma onu qazanmaq üçün hökmən bir şeylər etməlisən. Bəzən böyük cəsarət tələb edən bir şeylər…