Əli Kərimlinin oğlu Vaşinqtonda mühüm görüşlər keçirdi

turkel-kerimliTürkel Kərimli: “Görüşlərdə İlham Əliyevin repressiyaları dəyandırması, əvəzində siyasi və iqtisadi islahatlara razı olmasının vacibliyi qeyd edilirdi”

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Vaşinqtonda səfərdə olub və ABŞ siyasi dairələrində bir sıra mühüm görüşlər geçirib. Türkel bəylə əlaqə saxlayıb, Vaşinqton səfəri haqda özündən məlumat aldıq.

– ABŞ-a səfərim zamanı həm dövlət orqanları, həm də nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərilə çoxsaylı görüşlərim oldu. Dövlət Departamentində Cənubi və Mərkəzi Avropa üzrə müavin Robert Berşinski və Dövlət Departamentinin digər əməkdaşları ilə, eləcə də Departamentinin Demokratiya və İnsan Haqları bürosunda maraqlı görüş keçirdim. Senatda Hilari Klintonun vitse-prezidentliyə namizədi, senator Tim Kainenin, ən nüfuzlu senatorlardan biri, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından keçmiş namizəd Con Makkeynin, Senatda demokratların liderlərindən biri olan senator Durbinin ofislərində çox vacib görüşlər keçirdim. Həmçinin ABŞ Konqresi Helsinki Komissiyasında, Konqresdə Nümayəndələr Palatasının üzvləri Con Yarmut, Henri Kellar, Edi Bernis və Alsi Heystinqsin ofislərində də görüşlər keçirildi. Səfərdə rəsmi dövlət qurumlarından əlavə, tanınmış və nüfuzlu qeyri-hökumət təşkilatlarında da görüşlər keçirdim. Freedom House, Milli Demokratiya İnstitutu və Freedom Now koalisiyasında ölkəmizdəki vəziyyətlə bağlı ətraflı müzakirə və diskussiyalar baş tutdu.

– Çoxsaylı və vacib görüşləriniz olub. Görüşlərdə əsasən hansı məsələlər müzakirə olunurdu? ABŞ rəsmilərinə hansı mesajları çatdırırdınız?

– Bilirsiniz ki, Azərbaycan hakimiyyəti atama 10 ildən artıqdır pasport vermir, bu yolla onu beynəlxalq aləmdən təcrid etməyə çalışır. Mənim səfərim ilk növbədə AXCP sədrinin ətrafında hökumətin yaratmaq istədiyi informasiya blokadasını zəiflətmək cəhdi idi. Ona görə də müzakirə etdiyim məsələlər ilk növbədə xalqımızın böyük əksəriyyətini, müxalifəti, AXCP və Milli Şuranı narahat edən məsələlər idi. Bütün görüşlərdə siyasi məhbuslar və müxalifətə davamlı təzyiqləri müzakirə etdik. Beynəlxalq təzyiqlərdən sonra bu ilin əvvəlində Azərbaycan hakimiyyəti 17 nəfər tanınmış siyasi məhbusu azad edib. Əlbəttə, onların azad edilməsi çox vacib hadisədir. Amma təəssüf ki, ölkəmizdə siyasi məhbus problemi həll olunmamış qalır. Görüşdüyüm şəxslərin ilk növbədə diqqətini bu məsələyə cəlb edirdim ki, hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi 80 nəfərə yaxın insan hələ də həbsdədir. Onların arasında AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzi də var, ümumiyyətlə AXCP-dən olan 10 siyasi məhbusa xüsusi qərəzli münasibət davam edir. REAL Hərəkatının lideri İlqar Məmmədov israrlı beynəlxalq çağırışlara baxmayaraq hələ də həbsdə saxlanılır, İlkin Rüstəmzadə, Əbdül Əbilov və NİDA hərəkatının bir çox digər fəalları, jurnalistlər, bloqçular, din xadimləri, feysbuk fəalları hələ də həbsdədir. Azərbaycan hakimiyyəti isə özünü elə aparır ki, sanki siyasi məhbus problemi artıq həllini tapıb. Görüşdüyüm şəxsləri ilk növbədə qanunsuz həbs edilmiş siyasi məhbusları sona qədər müdafiə etməyə çağırırdım. Ancaq onu deməliyəm ki, görüşlərdə digər məsələri də müzakirə edirdik. Azərbaycan hakimiyyəti siyasi məhbus probleminin həllinə həm də ona görə imkan vermir ki, bu problemin varlığı ölkənin digər problemlərini xeyli dərəcədə arxa plana keçirə bilir. Lakin mən çalışdım ki, digər vacib məsələlər də diqqətdən yayınmasın. Xüsusilə, ölkədə nəhayət, demokratik seçki keçirmək zərurəti. Ölkədə demokratik seçki keçirilməyincə, heç bir digər mühüm məsələ həllini tapa bilməyəcək. Demokratik seçkilərin keçirilməsi üçün isə ilk növbədə Seçki Məcəlləsi dəyişməlidir, yeni seçki komissiyaları formalaşmalıdır, mətbuat azadlığı təmin edilməli, mitinq və yürüşlərin keçirilməsi sərbəstləşməli, vətəndaş cəmiyyətinə təzyiqlər dayandırılmalıdır. Bundan əlavə görüşlərdə Azərbaycandakı son siyasi proseslərin nə qədər təhlükəli olduğu, İlham Əliyevin iqtisadi böhrana islahatlarla deyil, daha çox israfçı və bacarıqsız siyasət, daha böyük repressiya dalğası ilə cəvab verməsinin həm ölkə, həm də region üçün nə qədər təhlükə olduğu xüsusi müzakirə olunurdu. Ölkədə demokratiyaya keçidin sabit və təhlükəsiz olması üçün İlham Əliyevin indiki repressiyaları dəyandırmasının, əvəzində siyasi və iqtisadi islahatlara razı olmasının vacibliyi qeyd olunurdu.

– Görüşlərinizdə Azərbaycan konstitusiyasına İlham Əliyevin təklif etdiyi yeni əlavə və düzəlişləri də müzakirə edə bildinizmi?

– Bəli. Azərbaycanda konstitusiyaya yeni dəyişikliklərin edilməsi xəbərini görüşlərimin davam etdiyi günlərdə eşitdim. Sonrakı görüşlərdə qarşıdan gələn referendumu, ölkəmizdə monarxiyanın artıq rəsmiləşdirilməsi cəhdlərini də müzakirə etdim. İzah etdim ki, konstitusiyaya düzəliş etməklə İlham Əliyev öz əlində daha çox səlahiyyət toplamağa və istəyəcəyi təqdirdə hakimiyyətini ailə üzvlərindən birinə rahatlıqla ötürə bilməyə çalışır. Görüşlərdə keçiriləcək referendumdan qabaq Bakıda ATƏT-in ofisinin yenidən açılmasının, yerli və xarici muşahidəçilərə referendum prosesini effektiv müşahidə imkanı yaradılmasının, o cümlədən Anar Məmmədlinin sədri olduğu Seçki Monitorinqi Mərkəzinin bərpa olunmasının vacibliyini də vurğulayırdım. Azadlıq Radiosunun Bakıdakı ofisinin bərpa olunub FM dalğasına qayıtması, Milli Demokratiya İnstitutu və digər beynəlxalq təşkilatların ölkəmizə geri qayıtması perspektivini də müzakirə edirdim. Əlavə olaraq, xüsusən indiki ağır iqtisadi-siyasi durumda geniş seçki islahatlarının vacibliyi qeyd olunurdu. Tədricən demokratiyaya keçidin yalnız İlham Əliyevin seçki islahatlarına getməsi ilə reallaşa biləcəməsi müzakirə olundu.

– Görüşdüyünüz ABŞ rəsmiləri qaldırdığınız məsələlərə necə baxırdılar? Azərbaycanda baş verənlərdən xəbərdardılar? Vaşinqtondan hansısa yeni təşəbbüslər gözlənilirmi?

– Təbii ki, keçirdiyim görüşlərin detallarını açıqlamaq düzgün olmaz. ABŞ rəsmilərinin mövqeyilə bağlı da bir şey demək istəmirəm. Yəqin ki, özləri lazım bildikləri zamanda və uyğun formalarda mesajlarını Azərbaycan rəsmilərinə çatdıracaqlar. Lakin ümumi şəkildə deyə bilərəm ki, ölkəmizdəki çoxsaylı siyasi həbslərdən, müxalifətə qarşı davamlı təzyiqlərdən, sosial-iqtisadi sahədə yaşanan çətinliklərdən, artıq formalaşmış seçki praktikasından, dövlət idarəetməsində dərin kök atmış korrupsiya şəbəkəsindən xeyli dərəcədə xəbərdardılar. Mən bütün görüşlərdə ölkəmizin problemlərinə diqqət və maraq hiss etdim.

– Dayınız Elnur Seyidov artıq 5-ci ildir ki, həbsdədir. Ailənizə çoxsaylı təzyiqlər olur. Bu məsələlər də müzakirə edildimi?

– Əlbəttə. Onu da qeyd edim ki, hakimiyyət ona nail olub ki, artıq “Azərbaycanda siyasi girovlar” beynəlxalq leksikona da keçib. Freedom House təşkilatının hesabatında da dayım Elnur Seyidov məhz siyasi girov kimi tanınıb. Çox təəssüf edirəm ki, hakimiyyət vətənimizdə yalnız orta əsrlərə xas olan belə bir repressiya formasını tətbiq edir. Atamın siyasi fəaliyyətinə görə heç bir günahı olmayan, ağır xəstəlikdən əziyyət çəkən dayım həbs ediləndən sonra hökumət bu praktikanı digər ictimai xadimlər və siyasi fəallara qarşı da tətbiq etdi. AXCP Rəyasət Heyətinin üzvü Natiq Ədilovun qardaşının, “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı”nın qurucusu Qənimət Zahidin qohumlarının, Emil Millinin qaynının, Günel Mövludun qardaşlarının həbsi də göstərir ki, “siyasi girovlar” Azərbaycan üçün çox vacib problemə çevrilib. Keçirdiyim görüşlərdə bir qayda olaraq onların taleyini də müzakirə edirdik.

– Çox vacib görüşlər keçirmisiniz, ölkəmiz üçün çox vacib problemləri müzakirəyə çıxarmısınız. Bu səfərinizi sizin peşəkar siyasətə başlamanız kimi qiymətləndirmək olarmı?

– Qətiyyən yox. Baxmayaraq ki, mən siyasətçi ailəsində böyümüşəm, siyasətin içindəyəm, hətta həbs də olunmuşam, lakin siyasətlə peşəkarcasına məşğul olmaq fikrim yoxdur. İşləmək və gələcəkdə təhsilimi daha da artırmaq fikrindəyəm. Bu görüşləri isə AXCP sədri olan atamın ətrafında hökumətin yaratmaq istədiyi blokadanı zəiflətmək məqsədilə keçirdim. Atamın nəinki özünə pasport vermirlər, hətta 2 müavinini və 2 müşavirini də həbs ediblər. Bəzi AXCP fəallarının isə xaricə çıxışına maneələr var. Üstəlik, sonuncu dəfə atamın nümayəndəsi kimi ABŞ-da səfərdə olmuş müavini Fuad Qəhrəmanlının şərlənərək həbs edilməsi də göstərir ki, belə bir missiyanı yerinə yetirmək hazırda Bakıda olan partiya funksionerləri üçün təhlükəlidir. Çox şadam ki, mənim qanunsuz təqiblərə məruz qalan valideynlərimi dəstəkləmək vəzifəmlə vətəndaş movqeyim üst-üstə düşür. Çünki mən özüm də bir vətəndaş olaraq ölkəmizi demokratik və azad görmək istəyirəm. Ölkəmizin azadlığa çıxmasına dəstək vermək üçün nələrisə etməyi özümə borc bilirəm.