Onun Bakını bəzəyən binaları
Ötən əsrdə Bakının mədəni həyatında önəmli rol oynamış Azərbaycan milyonçularının adları indi də hörmətlə anılır. Belə şəxslərdən biri də Bakı milyonçusu Ağa Musa Nağıyev olub.
Paytaxtın 28 may küçəsindəki qoşa imarətlər, həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsindəki Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilib.
Başqa Bakı milyonçuları kimi o da yoxsul ailədən çıxmışdı, adi bir saman satanın oğlu idi. 1848-ci ildə Biləcəridə anadan olmuşdu. Sonralar varlanan Ağa Musa var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta ondan zəngin idi. Musa Nağıyevin var-dövləti on milyonlarla qızıl pula çatmışdı. “Cəmiyyəti-xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “Ismailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq, camaat onu xəsis adıyla damğalamışdı. Ağa Musa bəhayi məzhəbini qəbul etmişdi. Onun şərəfinə əzəmətli əfsanəvi “Ismailiyyə” binasının əsas fasadında, lap yuxarıda Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu. Onun altında, girdə pəncərələrin birində isə vaxtsız vəfat etmiş oğlu Ağa Ismayılın kresloda oturmuş halda mərmərdən yonulmuş heykəli dururdu.
Ağa Musa cavanlıqda üç-beş qəpiyə ona-buna şələ daşıyırmış; zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə aldı. Gecə-gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymurdu. Adətən xoş dillə onları işləməyə vadar edirdi. Yeri gələndə acıqlanırmış. Özü də fəhlələrlə bərabər ağır işlərdə işləyərdi. Nəhayət, tale üzünə gülür, quyu fontan vurur, şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. Özü də get-gedə bacarıqlı bir iqtisadçı olur. Sərvət artdıqca, tamah, həvəs, ehtiras da artır, gecə-gündüz işləyir, iş artdıqca isə qüvvə, arzu da böyüyür.
1893-cü ildə qonşu Sabunçuda, sonra Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. Çox keçmir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir, öz mədənlərində alınan neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir.
“Xəsis” milyonçunun neft mədənləri
XIX əsrin lap sonlarında Ağa Musa “Neftçıxarma firması” yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi olur.
O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında Zərgərlər küçəsi ilə Gimnazist (L.Tolstoy) küçəsinin tinində ikimərtəbəli, səkili binada yaşayırdı. Evin tinindəki daş fənərə ?Səng fənər? deyirdilər. Daş fənərə qırmızı, yaşıl, abı, firuzeyi şüşələr salmışdılar; axşamlar fənər əlvan işıqlarla yanırdı. Uşaqlar toplaşıb “Sənk fənər”ə heyran-heyran, maraqla tamaşa edərdilər. Ağa Musa təmtərağı, dəbdəbəni sevməzdi, şan-şöhrətdən məst olmazdı, artıq xərcdən, israfçılıqdan qaçardı. Məddahlığı səmimilikdən mahir psixoloq kimi ayırardı. Tərifi milçək vızıltısı hesab edərdi. Ağa Musa həmin evdə axıradək qalmadı, sonralar Hacı Zeynalabdin Tağıyevin təkidi ilə xanəndə Seyid Mirbabayevdən aldığı dəniz qırağında, Bağ küçəsindəki əzəmətli mülkə kirayənişin köçdü. Təbiətdə, cəmiyyətdə, eləcə də insanların özündə bəzən daban-dabana bir-birinə zidd cəhətlər, xüsusiyyətlər olur. Xəsislikdə ad çıxarmış Ağa Musa bəzən elə səxavət göstərirdi ki, hamı heyrətlənirdi. Bir dəfə Ağa Musaya deyirlər ki, Zəngəzurda mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, “Mis nədir, o da neft kimi fontan vurur?”. Təəccüblə cavab verirlər ki, “Mis də fontan vurar? Əlbəttə ki, yox!”. Cavabında Ağa Musa deyir: “Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz”.
Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələmişdilərsə də, xeyri olmayıb və ondan heç nə qopara bilməmişdilər. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxarırlar ki, gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: “Min manat verə bilərəm, artıq yox”. Qaçıranlar onu ölümlə hədələyəndə halını pozmadan deyir: “Atam, atam, öldürün. Öldürsəniz o min manat da əlinizdən çıxacaq, onu da ala bilməyəcəksiniz”. Üç gün girov saxlayıb, yedirdib-içirdib, sonda boynuna min manatdan artıq pul qoya bilmirlər.
Ağa Musanın müsəlman arvadından bir oğlu – Ağa Ismayıl və beş qızı vardı. Qızlardan Ümmülbani Bakı neftxudalarından biri Şəmsi Əsədullayevin böyük oğlu Mirzə Əsədullayevin arvadı idi. Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi Ümmülbəninin (Baninin) Ağa Musa haqqında xatirələrində yazır: “Mən qalmaqallı bir ilin qış günlərində qəribə, ekzotik, varlı bir ailədə doğulmuşam. Və o il tarixin unudulmaz, dəhşətli dövrlərindən idi.
Insan dühasının ictimai çaxnaşmalar naminə yaratdığı tətillər, talanlar, qırğınlar və bu kimi başqa əməllərlə dolu idi. Bakıda ermənilər yerli müsəlman əhalisini yerli dibli qırıb tükənməz sərvətlərə yiyələnmək istəyirdilər. Elə bu vaxt anamı şəhərdən ətraf kəndlərdən birinə aparıblar ki, canı xilas olsun və rahatlıqla doğa bilsin. Lakin kənarla əlaqə kəsildiyindən yardım almaq mümkün olmayıb və anam vəfat edib, gənc ömrü bada gedib. Mən sağ qalmışam və onun adını mənə qoyublar”.
Nəvəsi Ümmülbaninin xatirələrindən:
“Babam Bakının ən varlı adamlarından biri olsa da, şəhərin ən xəsis adamı sayılırdı. Onun xəsisliyi haqda şəhərdə çoxlu şayiələr yayılmışdı. Bir-birinə zidd olan bu şayiələrin uzun bir siyahısını tutmaq olardı. Bu söhbətlərdən birini misal gətirməklə onun xəsisliyi barədə müəyyən təsəvvür yaratmaq olar. Bəzi günlər müxtəlif xeyriyyə cəmiyyətləri Bakı küçələrində süni bənövşələr satırdılar. Satıcılar yoldan keçənlərin paltarına bir bənövşə taxıb, içərisində qəpik-quruş cingildəyən dəmir qutunu irəli uzadır, xeyriyyə üçün pul istəyirdilər. Deyilənə görə, babam belə adamların cənginə keçməmək üçün həmən günlər evdən çölə çıxmazmış. Amma öləndə məlum oldu ki, o, heç tanımadığı adamlara da kağızsız-filansız iri məbləğdə pul borc veribmiş. Hələ çoxlu kasıb tələbəyə də təqaüd göndərirmiş”.
“Fəhlələr bir dəfə babam Musadan tələb edirlər ki, barakda yaşayış üçün şərait yaradılsın, iş paltarı, sabun verilsin, maaş artırılsın, bir də fəhlələrlə yaxşı rəftar edilsin. Babam xoş rəftardan başqa bütün tələbləri rədd edib deyir: ”Onlarla adam kimi dolanın, amma qalan başqa tələbləri rədd edin, pul yoxdur”.
Ağa Musanın adı camaat arasında xəsis çıxsa da, o, birinci realnı məktəbin hamiliyini boynuna götürmüşdü, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağı qəbul olunurdu. Bunun nəticəsində az bir zamanda müsəlman şagirdlərin sayı xeyli artmışdı…
Ağa Musa ağır, üzüntülü xəstəlikdən sonra 1919-cu ilin aprel ayında vəfat edib. Ümmülbani bu hadisə barədə belə yazır. “…Babam Musa öldü, bizə, özünün dörd qız nəvəsinə böyük sərvət qoyub getdi. Bu sərvət onlarla milyonçusu olan
Bakı kimi bir şəhərdə də böyük dövlət sayılırdı. Vərəsə alandan sonra on üç yaşında ikən dövləti milyonlarla hesablanan bir varlıya dönürdüm…
O uzun müddət xəstə yatmışdı… Deyirdilər ki, ölümdən bərk
qorxur. Amma xəstəliyi elə əzablı idi ki, bəlkə özü də ölüb qurtarmağı arzulayırmış. Ömrü boyu ölümdən elə qorxurmuş ki, yanında bu mövzuda söhbət salmağa qoymurmuş. Qədim bir Şərq rəvayətində deyilir ki, ev tikdirən adamı əcəl aparmır. Babam da neftdən qazandığı milyonların hesabına bir-birinin ardınca çoxlu ev tikdirirdi. Beləliklə, öldüyü günə qədər altmışdan çox ev tikdirmişdi. Amma el rəvayəti yalan çıxdı. Babam Musa axırıncı evi tikdirib qurtarmamış ölüm onu yaxaladı. Beləliklə, ilk dəfə yaxın bir adamın cənazəsini görürdüm. Bu ölümə yanmasam da, maraqlanır və qorxurdum. Mənə elə gəlirdi ki, ölən babam deyil, yad bir adamdır. Fikirləşirdim ki, görəsən babam indi hardadır?..”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir