İsraildən İrana sevgi mesajları

Yəhudinin “Facebook”da başlatdığı kampaniyaya iranlılar da dəstək verməyə başlayıb
 
İsrail vətəndaşları İranla müharibəyə qarşı olduqlarını nümayiş etdirmək üçün internet vasitəsilə “İsrail İranı sevir” adlı kampaniyaya başlayıblar. Kampaniyanın təşəbbüskarı İsrail vətəndaşı Roni Edri və xanımı Mişal Tamir olublar. Gənc müəllim və dizayner olan Roni Edri “Facebook” sosial şəbəkəsində yaratdığı səhifədə onlayn-çağırışla İran xalqına müraciət edərək, İsrail vətəndaşlarının İranla müharibə istəmədiyini bəyan edib. Roni Edri bildirib ki, iranlıların İsrailin onları bombalayacağını gözlədiyi, israillilərin isə İranın cavab zərbəsi vurmağa hazır olduğunu düşündüyü bir vaxtda, sadəcə adi insanların onun səsinə səs verməsini istəyib.
Peşəkar dizayner bacarıqlarından istifadə edən İsrail vətəndaşı “iranlılar, biz heç vaxt sizi bombalamarıq. Biz sizi sevirik” kimi ifadələrin yazıldığı bir neçə plakat hazırlayıb. Bu onlayn-plakatlarda Roni Edri, ailəsi və qohumları İran xalqına gülümsəyir və əllərində İsrail bayrağı tutublar.
Sadə İsrail vətəndaşının bu aksiyası İsraildə də, İranda da gözlənilməz dəstək alıb. Qısa vaxt ərzində israilli cütlüyün sülh təşəbbüsünə 1000-dən çox İsrail və İran vətəndaşı dəstək verib. Tezliklə Roni Edrinin “Facebook” səhifəsində iranlılardan da nikbin şərhlər və iranlı istifadəçilər tərəfindən hazırlanmış analoji onlayn-plakatlar yer almağa başlayıb. İranlı istifadəçilər də İsraillə müharibə deyil, sülh istədiklərini yazıblar.
Bu axşam İsrailin paytaxtı Təl-Əvivdə İranla müharibəyə qarşı etiraz aksiyası planlaşdırılır. “Xalq İranla müharibəyə qarşıdır!” şüarı altında keçiriləcək aksiyada iştirak edəcəyini artıq 1800-dən çox “Facebook” istifadəçisi təsdiqləyir.
 
 
 
anspress