Cümhuriyyətin 100 yaşına vaxtından əvvəl söylənmiş ağı

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Özləri yazdığı Konstitusiyaya növbəti çağdışı, mürtəce mahiyyətli, ailə hakimiyyətini qanuniləşdirmək məqsədi daşıyan dəyişiklikləri etmək üçün keçirməyə hazırlaşdıqları referendumun tarixini açıqladılar: bu fars ən geci ilin sonunadək baş tutmalıdır!

Türkiyə türkləri demiş, bayram deyil, seyran deyil, iki daşın arasında belə bir referenduma nə hacət var? – bu sualın cavabını özlərindən başqa bilən yoxdur.

Ümumiyyətlə isə, “referendum” adlandırdıqları yeni şou qətiyyən xalqı saya salmaqlarından, onun nə düşündüyünə sayğı duymaqlarından irəli gəlmir. Bunlar üçün istənilən səsvermənin yalnız bir məqsədi var: dünyaya öz hakimiyyətlərinin seçkili olduğunu, milli iradəyə dayandığını göstərmək! “Seçki”, “referendum” farsları düzəldərək, guya hər şeyin xalqın istəyi və iradəsi ilə baş verdiyini nümayiş etdirmək, öz despot mahiyyətlərini saxta səsvermələrin arxasında gizlətmək və tərəqqipərvər dünyadan daha az təpki çəkmək!

***

Iki il sonra isə türk və müsəlman şərqinin ilk demokratik dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür.

Normal ölkədə bu, təntənəli bayrama çevrilərdi.

Normal ölkədə bu, qürur duyulası, fəxr ediləsi, köksləri qabardası, ürəkləri fərəhlə doldurası bir yubiley şöləni olardı.

Ancaq…

Əsla şübhəm yoxdur ki, Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yapçılar hansısa formal, ənənəvi sərəncama imza atacaqlar. Di gəl, həmin sərəncam bir kağız parçasından qeyri heç nə ifadə etməyəcək.

Çünki Xalq Cümhuriyyətinin 100 illiyinə ən böyük hədiyyə insan haqlarının və özgürlüklərinin zəfər çaldığı bir Azərbaycan qurmaq olardı.

Çünki Xalq Cümhuriyyətinin 100 illiyinə ən böyük töhfə milli iradənin qalib gəldiyi, hakimiyyətlərin mənbəyində doğrudan da xalqın seçiminin dayandığı, məhkəmələrin ədalətə, mətbuatın özgürlüyə, vətəndaş cəmiyyətinin müstəqilliyə söykəndiyi bir Azərbaycan yaratmaq olardı.

Xalq Cümhuriyyətinin 100-cü ildönümünə yaraşan insanların fərqli, tənqidçi fikirlərinə görə şərlənmədiyi, həbsxanaların alternativ görüşlü insanlarla doldurulmadığı, adamların işini, azadlığını itirmək qorxusu ilə düşüncələrini dilə gətirməkdən çəkinmədiyi, talançılığın, yağmaçılığın, zorakılığın, yalanın, yaltaqlığın idarəetmə normativinə çevrilmədiyi bir Azərbaycana qovuşmaq olardı.

***

Gəl gör ki, biz Xalq Cümhuriyyətinin 100-cü ildönümünə Respublikaçılığın tamamilə ləğvinə, ailə hakimiyyətinin konstitusiyalaşdırılmasına hesablanmış referendumla, bu referendumun indidən hər kəsə bəlli olan sonucları ilə gedirik.

Nə qədər kədərli, nə qədər ağrılıdır, deyilmi? – Iki il sonra 100 yaşı olacaq Xalq Cümhuriyyəti faktı ilə öyünmək, boş verin müsəlman və türk coğrafiyasını, hətta Avropanın belə, neçə-neçə gəlişmiş ölkəsindən daha öncə çeşidli ilklərə (məsələn, qadınlara seçib-seçilmək haqqı vermək kimi!) imza atmağın qürurunu yaşamaq əvəzinə, təqvim 21-ci əsri, 2016-cı ili göstərərkən bir ailənin hegemoniyasına hesablanmış referendum şousu ilə tərəqqipərvər bəşəriyyətə növbəti dəfə biabır olacağıq.

Osa bu 100 illiyə hüququn əgəmən olduğu, azadlıqların qol-qanad açdığı, xalqın yeraltı-yerüstü var-yatırlarının bir ovuc insanın görməmişcəsinə talamadığı, mənimsəmədiyi bir Azərbaycanla getmək Xalq Cümhuriyyətinin adına-şanına layiq yubiley sovqatı, bayram hədiyyəsi olardı!

***

Yapçıların hər keçən gün bir az da şiddətlə əsdirdiyi istibdad küləklərinə rəğmən, yenə də böyük Rəsulzadənin müdrikliyinə sığınır və inanmaq istəyirik ki:

“Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır!”