_1.jpg)
«Xəyal» televiziyasının həbs edilən baş redaktoru Zaur Quliyev icra başçısının çıxışını montaj etməkdə ittiham olunur. Bunu “Azadlıq” radiosuna Vəkil Səfər Hüseynov deyib: «Guya o, icra başçısının nitqini montaj edib, söyüşlər ardıcıl qabardılıb. İttiham bu cürdür. Mən bilmirəm elə olub, ya olmayıb. Amma Zaur Quliyev mənə deyib ki, o, həmin iclasa operator göndərib, amma qalan məsələləri o bilmir. Deyir, montaj olubsa da və onu kimsə eləyibsə də, ondan xəbərim yoxdur».
İcra başçısının keçirdiyi iclasda iştirak edən, amma adının çəkilməsini istəməyən bir Quba sakini isə radioya bildirib ki, Rauf Həbibovun çıxışı montaj olunmayıb.
Martın 13-də «Xəyal» televiziyasının 3 əməkdaşı saxlanılıb. Onlardan biri, televiziyanın reklam meneceri Zaur Mustafayev martın 23-də sərbəst buraxılıb.
Televiziyanın icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev isə hələ həbsdədir.
İndiyədək Quba hadisələri ilə əlaqədar saxlananlardan 10 nəfərin adı məlumdur.


