Milli Şura “Nardaran işi”ndəki məlum ifşa ilə bağlı bəyanat yaydı
Nardaran işi məhkəməsində Müsəlman Birliyi Hərakatının sədri Tale Bağırzadə açıqlama verdi ki, istintaqda ondan işgəncə vasitəsilə Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimliyə qarşı ifadə almaq istəyiblər. Bununla bağlı Milli Şura bəyanatla çıxış edib. Bəyanatda deyilir:
2015-ci ilin 26 noyabrında Nardaranda Azərbaycan tarixinə qara ləkə kimi düşəcək hadisə baş vermiş, kənddə yerləşən evlərin birində namaza oturan dinc vətəndaşlara silahlı basqın edilmiş, nəticədə ikisi polis əməkdaşı olmaqla altı nəfər qətlə yetirilmişdir. Milli Şura hadisənin həmən ardınca ictimaiyyətə açıqladığı bəyanatında Nardaranda baş verənləri faciə adlandırmış, altı nəfər qətlə yetirilmiş vətəndaşımızın zülmün, ədalətsizliyin, səriştəsizliyin və dövlət məsuliyyətsizliyinin qurbanı olduğunu qeyd etmişdir. Zaman keçdikcə, cəmiyyətimiz Nardaranda baş verən olayın əsl mahiyyətindən xəbər tutduqca, hadisə nəticəsində şərlənərək həbsə atılan şəxslər və şahidlər danışdıqca, istintaq orqanlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına daxil olan maddələrinin az qala yarısı ilə ittiham irəli sürdükləri 18 nəfər vətəndaşa qarşı ortaya ağlabatan bir dəlil-sübut qoya bilmədiyi aydınlaşdıqca Nardaranla bağlı daha dəhşətli gerçəklər üzə çıxmaqdadır. İndi artıq məsuliyyətlə Nardaran hadisələrinin təkcə faciə deyil, həm də ağır cinayət olduğunu, soydaşlarımızın isə səriştəsizlik və dövlət məsuliyyətsizliyinin deyil, dövlət hakimiyyət orqanları tərəfindən hazırlanmış və amansizlıqla həyata keçirilmiş dəhşətli cinayətin qurbanı olduqlarını deyə bilərik. Hadisə baş verən vaxt çoxlarını düşündürən açıq suallar vardı: Niyə cəmiyyətə terrora qarşı mübarizə kimi təqdim edilən və DİN tərəfindən planlı şəkildə həyata keçirilən əməliyyatın videoçəkilişləri təqdim edilmir? “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Tale Bağırzadə polisin, prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin istənilən çağırışına əsasən təyin olunmuş vaxtda həmin orqanlara könüllü şəkildə getdiyi halda, onun bircə dəfə də dövlət hakimiyyət orqanlarının çağırışlarından yayınması faktı ortada olmadığı halda niyə ona növbəti dəfə çağırış gördərib polisə və ya prokurorluğa dəvət etmək əvəzinə Tale Bağırzadəni həbs etmək məqsədilə Nardaranda mülki vətəndaşların, qadınların, uşaqların yaşadığı evə amansız silahlı basqın həyata keçirilib?! Çoxlarını düşündürən və aylarla cavabsız qalan bu məntiqli suallara zaman özü cavab tapdı. Tale Bağırzadə Nardaran hadisələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 19 iyul 2016-cı il tarixində keçirilən məhkəmə hazırlıq iclasında ondan dəhşətli, ağlasığmaz işgəncələr altında Milli Şura, onun liderləri Cəmil Həsənli və Əli Kərimlinin Nardaran hadisələrinin təşkilatçıları olmaları barəsində ifadə verməsinin tələb olunduğunu bəyan etdi. Milli Şura və AXCP sədrləri bununla da ikisi dövlət hakimiyyət orqanının təmsilçisi olmaqla altı nəfərin ölümünə səbəb olan terror hadisəsinin təşkilatçılığında və Azərbaycanda dövlət quruluşunu zorakı yollarla, silahla dəyişdirib şəriət dövləti qurmaq cəhdində ittiham ediləcəkdi. Nardaran hadisələrindən dərhal sonra, Tale Bağırzadəyə işgəncə verilən günlərdə hakimiyyətə bağlı televiziyalar və digər media quruluşları da Milli Şuranı hədəf seçərək, onu süni şəkildə Nardaran hadisələrilə əlaqələndirməyə çalışırdı. İndi təsdiq olunur ki, Tale Bağırzadədən işgəncə gücünə olsa da, MŞ liderlərinə qarşı ifadə almaq və televiziyalarda MŞ-ya qarşı şər-böhtan kampaniyası başlatmaq göstərişi bir mərkəzdən – birbaşa dövlət rəhbərliyi tərəfindən verilibmiş. Bütün bunlar hakimiyyətin dövlət resurslarından – güc strukturlarından və tamamilə nəzarətə aldığı televiziya imkanlarından öz siyasi opponentini sıradan çıxarmaq üçün sui-istifadəsi kimi yolverilməzdir.
Milli Şuranı, AXCP sədrini ləkələmək rejimin artıq ənənəyə çevirdiyi praktikadır. Milli Şuranın mitinqlərində guya İŞID bayrağı olduğu iddia edilən bayraq qaldırmaqla, keçmiş siyasi məhbus Pərviz Həşimlidən ağır işgəncələr altında Əli Kərimliyə qarşı ifadələr almağa cəhd etməklə Əliyev rejimi Azərbaycan siyasi müxalifətinin avanqardı olan Milli Şuraya münasibətdə acıq-aşkar düşmən və qisasçı münasibətini əvvəllər də nümayiş etdirmişdi. Burada başlıca məqsəd bir tərəfdən əsas siyasi opponenti sıradan çıxarmaqdırsa, digər tərəfdən Qərbin demokratik institutlarını həm ümumilikdə “islam fundamentalizmi”, həm də Azərbaycan müxailfətinin terrorçu, dini ektrimizmə dəstək verən imici ilə qorxutmaq, onları siyasi məhbusların müdafiəsindən yayındırmaq cəhdidir. Nardaran hadisələri isə hakimiyyətin mahiyyəti ilə bağlı daha dəhşətli həqiqətlərə işıq saldı. Bəlli oldu ki, siyasi rejim ikinci devalvasiya öncəsi xalqın ehtimal edilən təşkilatlanmış etirazlarının qarşısını almaq və gerçək alternativini – Milli Şuranı sıradan çıxarmaqla öz hakimiyyət maraqlarını təmin etmək naminə altı nəfər günahsız vətəndaşının həyatını qurban verəcək qədər qeyri-insani və anti-bəşəridir.
“Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadənin böyük dəyanət və kişilik nümunəsi göstərərək ona qarşı uzun müddət ərzində verilən dəhşətli işgəncələrə dözüb sınmadığı, Milli Şura liderlərinə böhtan atmayacağı bəlli olduqda isə Milli Şuranı və AXCP-ni hər hansı bir formada Nardaran hadisələrinə bağlamaq üçün bu hadisələrə, ümumiyyətlə, heç bir aidiyyatı olmayan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook sosial şəbəkəsində paylaşdığı tənqidi statuslarına görə şərlənərək həbs edildi. Fuad Qəhrəmanlı vicdan məhbusudur və onun yeganə günahı AXCP sədrinin müavini və Milli Şuranın üzvü olmasıdır. Fuad bəyin hakimiyyəti gülüş hədəfinə çevirən absurd ittihamlarla həbsinin əsas məqsədi isə hakimiyyətin Milli Şuranı sıradan çıxarmaq niyyətilə həyata keçirdiyi və Tale Bağırzadənin mərdliyi və mətiinliyi sayəsində yarımçıq qalmış Nardaran ssenarisini nəyin bahasına olursa-olsun davam etdirmək qərarlılığıdır. .
Hadisə şahidlərinin iki nəfər polis əməkdaşının qətli ilə bağlı açıqladığı faktlar, onların hücum edən qrupun deyil, dindarların arasında və mülki geyimdə olması ilə bağlı səsləndirilən iddialar hadisənin mahiyətinə işıq salmaq baxımından çox önəmlidir. Bütün bu və digər müstəsna əhəmiyyət kəsb edən faktlar açıq məhkəmə prosesində, geniş ictimaiyyətin gözü qarşısında dərindən araşdırılmalı və öz ədalətli hüquqi qiymətini almalıdır.
Demokratik Qüvvələrin Milli Şurası ölkənin iqtisadi sisteminin iflasa yaxınlaşdığı, əhalinin sosial durumnun dözülməz səviyyədə pisləşdiyi, Qarabağın işğaldan azad olunması perspektivlərinin çox qaranlıq göründüyü indiki vaxtda milli səfərbərlik, vətəndaş həmrəyliyi yaratmaq əvəzinə ölkəni bu vəziyyətə gətirib çıxaran Əliyev rejiminin öz siyasi alternativini- Milli Şuranı qanunsuz yollarla sıradan çıxarmaq, məhv etmək cəhdlərini qətiyyətlə pisləyir. Milli Şura rejimin günahsız insanları öz hakimiyyət maraları naminə həyata keçirdiyi qeyri-insani ssenarilərə qurban verməsi təcrübəsini lənətləyir, Azərbaycan hakimiyyətindən bu anti-milli təcrübəyə son qoymağı, bu siyasi oyunun qurbanı olan və şərlənərək həbs olunan bütün siyasi məhbusları – Fuad Qəhrəmanlı, Tale Bağırzadə və digərlərini dərhal azad etməyi tələb edir.



