Daha bir “Mətbuat günü”nü yola saldıq. Mətbuatımızın 141 yaşını qeyd etdik. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. Cəmi 56 nömrəsi çıxan qəzet tarixdə silinməz iz qoydu, mətbuat ənənəsi formalaşdırdı və maarifçiliyə əvəzsiz töhfə verdi.
Sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Irşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.
Bəli, bu mətbuat nümunələri cəmiyyətdəki cəhalətə, geriçiliyə, savadsızlığa qarşı mübarizə aparırdı, insanların gözünü açırdı, çatışmazlıqları qabarıq şəkildə göstərirdi. Problemlərin həllinə nail olmaq üçün satiradan, karikaturalardan istifadə edilirdi. Həmin dövrün aydınları böyük əziyyətlərə sinə gərərək xalqa təmənnasız xidmətin nümunəsini yaratdılar.
Amma 141 ildən sonra tamam fərqli mənzərənin şahidi oluruq. 141 il öncə azad mətbuat yaratmış, müasirliyin keşiyində durmuş mətbuat, indi yenidən keçmişə doğru yön alıb. Həmin dövrdəki eybəcərliklər bu gün də aktualdı. Mətbuatı məddahlıq, yaltaqlıq, yalançılıq ağuşuna alıb. Azad mətbuat sıradan çıxarılıb, azad qələmlərin susdurulması üçün ən iyrənc yollara əl atılıb, mətbuat demokratiyadan qaçanların caynağına keçib.
Zərdabi sağ olsaydı, bu mənzərədən dərin təəssüf keçirərdi. 21-ci əsrdə Azərbaycan mətbuatının ələbaxımlı, qətiyyətsiz, boz olduğunu görərdi. Görərdi ki, vətənini sevən qələm əhlinə divan tutulur, yaltaq yazarlar isə başa çıxarılıb. Görərdi ki, vicdanlı qələm əhli ehtiyac içində, zülmün qələminə çevrilənlər isə var-dövlət içində yaşayır. Görərdi ki, ölkəni “millət necə tarac olur, olsun” təfəkküründə olanlar idarə edir. Görərdi ki, “Əkinçi”nin davamçıları, yalan, yaltaqlıq əkirlər. Görərdi ki, qəzetlər maarifçilik yox, yalanların tirajlanması uğrunda yarışa giriblər.
Bəli, milli mətbuatın doğulmasından 141 il ötür, amma 141 ildən sonra mətbuatı geriyə doğru itələyirlər. Indi estafeti təhvil alanlar ənənəni davam etdirmək yox, yeni “ənənə”lər yaratmaqla məşuldular.
Təəssüf olsun ki, bu gün vicdanlı qələmlərdən çox, qələmlə vicdansızlıq edənlər var. Zərdabi sağ olsaydı, bu mənzərədən dəhşətə gələrdi. Əziyyətinin hədər getməsindən, mətbuatın şəxsi maraqların oyuncağına çevrilməsindən, qələmlərin sifarişlə mürəkkəbə toxunmasından məyusluq keçirərdi.
Müstəqil mətbuatın məhv edilməsi üçün bu qədər çaba göstərilməsi, 141 yaşlı dəyərin nə qədər ucuzlaşdığının göstəricisidir.
141 yaşlı mətbuatın günü ürəkaçan deyil. Amma şükrlər olsun ki, bu ölkədə qələmini satışa çıxarmayan, mürəkkəbinə şər-böhtan qatmayan, mətbuatın keşiyində dayanan adamlar da var. Bu gün əslində onların günüdür.
Zərdabinin davamçıları, “Əkinçi”ni estafet alanlar da onlardı.
Akif