Misir Mərdanovun başı dərddə

Nazir Qərb ölkəsində həyata keçirdiyi maliyyə əməliyyatının üstünün açılmasından narahatdır

Bir neçə gün əvvəl tanınmış banklardan birinin sahibi hüquq mühafizə orqanlarına çağırılıb. “Azadlıq”a sızan məlumata görə, buna səbəb həmin bankirlə təhsil naziri Misir Mərdanov arasında hansıs maliyyə əməliyyatı olub. Bu əməliyyat Qərb ölkələrinin birində həyata keçirilib. Və Misir Mərdanovun başı üzərində qara buludlar əsən dövrə təsadüf edib. Lakin “yuxarılar” bu əməliyyatdan yaxınlarda xəbər tutublar. Araşdırmalar zamanı o da bəlli olub ki, həmin bankirin rəhbərlik etdiyi bankın 15 faizi də Misir Mərdanova məxsusdur.
Məlumatda deyilir ki, Misir Mərdanov bu olaydan bərk narahat olub. Nazir hesab edir ki, bankirlə həyata keçirdiyi maliyyə əməliyyatının üstünün açılması onun tutduğu postu itirməsi və hətta həbsilə nəticələnə bilər. Misir Mərdanovun bu narahatlığı hakimiyyət daxilində xeyli rəqiblərinin olması ilə bağlıdır. Təhsil naziri xüsusilə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdən ehtiyat edir. Misir Mərdanov düşünür ki, həm də korrupsiyaya qarşı mübarizə komissiyasının sədri olan Ramiz Mehdiyev bu faktdan məharətlə onun əleyhinə istifadə edə bilər.

Informasiya şöbəsi