Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda mənzillərdən birində üç nəfərin meyitinin tapılması haqqında məlumat yayıb.
DİN-in rəsmi internet saytı bildirir ki, martın 22-də axşam saatlarında Nəsimi rayonu M.İbrahimov küçəsindəki evlərin birində kirayədə yaşayan Mərakeş vətəndaşı Duadeh El Boussalyin və 20-25 yaşlı 2 qadının üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Nəsimi Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, meyiti tapılan Duadeh El Boussalyin Mərakeşin Azərbaycandakı səfirliyinin əməkdaşıdır.
Fövqəladə Hallar Nazirliyinin saytında isə bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerində məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən üç nəfər vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşların vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən “milli.az”-a verilən məlumata görə, ölənlər dəm qazından boğulublar.


