Cahangir Hacıyevin yanında kimlər oturmalıydı?

cahangir-haciyevMüzəffər Baxışov: «kimlərin ki barəsində sifariş gəlmir, prokurorluq onları cinayət məsuliyyətinə cəlb etmir»

“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevlə birlikdə cinayət işi məhkəməyə göndərilən şəxslərdən üçünün adı məlum olub.

“Report”un xəbərinə görə, bunlar Beynəlxalq Bankın Mərkəz filialının direktoru olmuş Ilqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security” MMC-nin baş direktoru Ibrahim Hüseynovdur.

Digər dörd şəxsin adı isə açıqlanmayıb.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Idarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Amma müttəhimlər kürsüsünün bu formada təşkili nə dərəcədə düzgündür? BB-nin rəhbərinə qarşı konkret ittihamların irəli sürülməsi başa düşüləndir. Amma BB-nin maliyyə vəsaitinin mənimsənilməsində yalnız hazırda ittiham irəli sürülən şəxslər məsuliyyət daşımır. Digər şəxslər niyə məsuliyyətə cəlb olunmur?

muzeffer-baxishov

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Beynəlxalq Bankın nizamnamə kapitalının 51 faizi dövlətə məxsusdur. Ona görə bankın rəhbərliyində maliyyə nazirinin müavini təmsil olunur və iri kreditlərin verilməsi zamanı Idarə Heyətində müzakirələr zamanı onun böyük səlahiyyətləri var: “Belə olduğu halda o kreditlər mənimsənildiyinə görə, bu qərarların qəbulunda maliyyə nazirliyinin də nümayəndəsi iştirak edibsə, o da məsuliyyətə cəlb olunmalı idi. Bu hakimiyyətin dövründə dəfələrlə sübut olunub ki, Azərbaycandakı cinayətlərin araşdırılmasında əsas siyasi sifarişlər götürülür. Xüsusilə ictimai rezonans doğuran cinayətlərdə siyasi sifariş mühüm əhəmiyyət kəsb edir. Kimlərinki barəsində sifariş gəlmir, prokurorluq onları cinayət məsuliyyətinə cəlb etmir. Bu bir daha təsdiq edir ki, Azərbaycanda hüquq-mühafizə orqanları tam formal xarakter daşıyır”.

M.Baxışov bildirdi ki, baş prokuror vəzifəsinə Z.Qaralov təyin olunandan sonra prokurorluq bir orqan kimi məhv edildi. Nəticədə prokurorluq qanunların icrasına doğru dürüst nəzarət edən bir qurumdan, siyasi qərarları icra edən quruma çevrildi: “Bu nöqteyi nəzərdən belə görünür ki, Maliyyə Nazirliyinin nümayəndələri barəsində göstəriş olmadığına görə onlar məsuliyyətə cəlb olunmayıblar. Nə qədər belə bir göstəriş yoxdur, onlar məsuliyyətə cəlb olunmayacaq”.

Xəyal