İran və Belarusa qarşı sanksiyalar gücləndi

Avropa Birliyi iki ölkəyə yönəlik basqıları artırır

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında İran və Belarus rejimlərini hədəf alan yeni sanksiyalar paketi qəbul olunub. Nazirlərin qəbul etdiyi qərara əsasən sanksiyalar tətbiq olunacaq iranlıların siyahısını genişləndirərək 79 nəfərə çatdırılıb.
Avropalı rəsmilər insan hüquqlarını ciddi şəkildə pozmaqda suçlanan 17 iranlı məmurun adını “qara siyahı”ya əlavə ediblər. Sanksiyasla üzləşən rəsmilərin Avropaya səfərləri qadağan olunur. Bununla yanaşı onların bank hesablarının dondurulması da nəzərdə tutulub. Avropa Birliyinin xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumatda siyahıya düşən şəxslərə sanksiyaların müddətinin daha bir uzadıldığı bildirilib.

Eyni zamanda bu ilin yanvarında əldə edilmiş razılaşmaya əsasən İrandan neft və neft məhsullarının alınmasının məhdudlaşdırılması, İran Mərkəzi Bankının aktivlərinin dondurulması da sanksiyalar paketinə daxil olunub. Qurum bundan başqa telefon zənglərinə qulaq asmaq və internet-trafikə nəzarət etmək üçün istifadə edilə biləcək qurğuların və proqramların da İrana ixracını qadağan edib. Sanksiyalar martın 24-dən qüvvəyə minəcək.

Xarici işlər nazirləri İranla yanaşı Belarus hakimiyyətinə qarşı da qadağalar tətbiq ediblər. Toplantıda qəbul olunmuş qərarla daha belaruslu 12 fiziki və 29 hüquqi şəxs Avropa Birliyinin sanksiyalarıyla üzləşib. Sanksiyaların tətbiq ediləcəyi şəxslərin Avropa Birliyi ölkələrinə səfərləri qadağan ediləcək. Onların şəxsi hesabları və həmin rəsmilərlə əlaqəli olan 29 şirkətin hesabları dondurulacaq. Yeni siyahıda hakimlər, prokurorluq işçiləri və iş adamları var.

Əlavə edək ki, aha əvvəl də Avropa Birliyi Belarusun 230 məmuruna və 3 şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.
Belarus prezidenti Aleksandr Lukaşenko da ölkə daxilində bəzi müxalif fəallara qarşı qadağalar qoyub. Onun sözlərinə görə, bu siyahıya müxalifət nümayəndələri və hüquq-müdafiəçiləri daxildir.

İnformasiya şöbəsi

.