Yerevanda hüquq-mühafizəçiləri polis post-patrul xidməti alayı ərazisini nümayişçilərdən təmizləyib, onlarla insan həbs olunub.
Polis əməliyyatı səsucaldanla ərazini tərk etmək xəbərdarlığından sonra səhər saat 5 radələrində sonra başlayıb. İkinci xəbərdarlıqdan 15 dəqiqə keçmiş polis, cərgələri seyrəlmiş nümayişçiləri tutmağa başlayıb.
Ermənistan polisindən alınan məlumata görə, 136 nəfər həbs olunub. Hələlik onların hamısı polis şöbələrində saxlanır.
Yerevan polisi post-patrul xidməti alayı ərazisinin yaxınlığında vəziyyət çərşənbə axşamı gecəsi gərginləşib. Nümayişçilər iyulun 17-də post-patrul binasını tutan və polis əməkdaşlarını girov saxlayan silahlı dəstənin ərzaqla təmin edilməsi probleminin həllini tələb edirdi. Onlar istəyirdi ki, yeməyi polis yox, müxalif millət vəkili Nikol Paşinyan aparsın.
Bundan sonra, saat 22 radələrində, canlı divar yaradıb post-patrul ərazisinə gedən yolu bağlayan polis istiqamətində daşlar uçmağa başladı, bəzi nümayiş iştirakçıları polis cərgəsini yarmağa çalışdı.
Nümayişçilərin dediyinə görə, iğtişaşlar onların sıralarına yeridilmiş təxribatçılar tərəfindən törədilmişdi.
Ermənistan Səhiyyə Nazirliyi mətbuat xidməti bildirir ki, ilkin məlumata görə, polislə nümayişçilər arasında toqquşma nəticəsində 51 nəfər yardım üçün müxtəlif tibb müəssisələrinə müraciət edib. Xəsarət alanların 28 nəfəri polis əməkdaşıdır. Məlumata görə, zərər çəkənlərə tibbi yardım göstərilib, onların həyatına təhlükə yoxdur.
İyulun 17-si səhəri bir qrup silahlı şəxs Yerevanda post-patrul alayı binasını tutub, orada olan polis əməkdaşını, o cümlədən, silahlı dəstə ilə danışıqlar keçirmək üçün gəlmiş Ermənistan və Yerevan polis rəisi müavinləri Vartan Yeğiazaryan və Valeri Osipyanı girov götürmüşdü.
Hücum zamanı polis polkovniki Artur Vanoyan həlak olub, beş polis və bir silahlı dəstə üzvü yaralanıb xəstəxanaya aparılıb.
Hazırda post-patrul alayı binasında 4 girov saxlanılır.
Dəqiqləşdirilməmiş məlumatlara görə, 20-25 nəfərdən ibarət silahlı qruplaşma Qarabağ müharibəsi iştirakçılarından ibarət “Sasna tsırer” – “Çılğın sasunlular” – dəstəsinin üzvləri, Müəssislər Məclisi hərəkatı və könüllülərdən təşkil edilib.
Onlar bir ay bundan əvvəl bir qrup şəxs tərəfindən qeyri-qanuni silah saxlamaqda şübhəli bilinib həbs olunmuş Müəssislər Məclisinin lideri Jirayr Sefilyanın buraxılmasını və Serj Sarkisyanın istefasını tələb edirlər.
Yüzlərlə Ermənistan sakini polis post-patrul alayına hücum edənlərin dövlət KİV-lərində “terrorist” adlandırılmasına etiraz edir. Yerevanda onların müdafiəsinə aksiyalar, post-patrul alayı yaxınlığında fasiləsiz piketlər keçirilir.
(BBC Azeri)