Azərbaycanın ölümünə Konstitusiya dəyişikliyi

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Bunun başqa adı yoxdur, bu, Azərbaycanı, Azərbaycan xalqını soyub-yağmalamaqla sonunadək yenməyə yönəlik antikonstitusion qərardır. Ata-oğul Əliyevlər hakimiyətə yiyələnəndən elə hey Konstitusiyanı dəyişirlər: bir yandan özləri, o biri yandan hakimiyəti ələ keçirmə sırasını gözləyən törəmələri üçün!

Çox keçməyəcək AzTV-lərə “başlayın!” göstərişi veriləcək. Onlar da yaltaq-yalaqları, çeşidli satılmışları ekranlara doldurub Əliyevin ailə güdüklərinə, 23 illik (gerçəkdə, 47 illik) hakimiyətlərini daha çox sürdürməyə yönəlik yeni Konstitusiya dəyişikliyini xalqa “yedirməyə” başlayacaqlar. Əliyevlər çoxillik hakimiyətləri boyunca ölkədə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi xalqı yenməyə yönəlik görsənişləri DÖVLƏT SIYASƏTINƏ dönüşdürüblər. Sözsüz, bütünlüklə IŞĞALÇI rejim əlində olan televiziyalarda bunlardan danışılmayacaq. IŞĞAL rejiminin Azərbaycana, Azərbaycan xalqına “qazandırdıqlarından” danışılacaq.

Indilikdə ilkin danışanlardan biri hüquq siyasəti, dövlət quruculuğu komitəsinin sədri Ə.Hüseynlidir. Onun dediklərində iki önəmli vurğu var: 1)”yeni dəyişiklik prezident hakimiyətini gücləndirmək üçündür”; 2)”Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf edir”. Hər ikisi xalqı aldatmağa, başını tovlamağa yönəlik yalandır. 1)Soruşmaq gərəkir: 1993-dən (gerçəkdə, 1969-dan) bu yana soyub-yağmalama, repressiya yoluyla diz çökdürülmüş bu ölkədə I.Əliyevdən, Əliyevlər ailəsindən güclü, varlı, sözü ötən kimsə, kimlərsə varmı? Ölkədə prezidentlik adına gerçək bir ailə hakimiyəti qurulub. Ölkədəki bütün hakimiyət qolları, dövlət qurumları bu ailənin buyruğuna bağlıdır. Uzaq keçmiş deyil, ötən ilin bu çağlarında Intiqam Əliyev, Xədicə Ismayıl kimi siyasi dustaqlar parlamentdə “cinayətkar” adlandırıldı. Onlar buyruqla tutulduqları kimi buyruqla da “cinayətkar” adlandırılırdılar. Məhkəmə buyruqla “cinayətkar” damğasını bu adamların, eləcə də bir sıra başqalarının, üzərindən götürüb, ancaq, yapma-yalan, oyuncaq parlament elə eləcə durur. Hanı qanun, hanı qanunçuluq? Hələ prezidentə dəyişiklik sonrası belə bir əldəqayırma parlamenti buraxmaq yetkisi də verilir. Kimi aldadırsız? Düzünə qalsa, yeni dəyişikliyin bir başlıca nədəni var: korrupsioner Əliyevlər hakimiyətinə sonsuzluq qazandırmaq.

Parlament əlaltı, nazirlər kabineti əlaltı, məhkəmə əlaltı – belə bir durumda prezident hakimiyətini gücləndirmək nə deməkdir? Sözsüz, diktatura! Prezidentlik adı altında padşahlıq!

Xalq üçün çoxdan yararsız kağız parçasına çevrilmiş Konstitusiya necə “canlı sənəd” ola bilər? “Cəmiyyətin inkişafı” özünü nədə göstərir? Bəlkə, demokratiyanı gəlişdirmisiz? Sağlamlıq, təhsil sistemlərinin bütünlüklə rüşvətə büründüyü ölkədə “cəmiyyətin inkişafı” adına bir görsəniş ola bilərmi? Məktəblərin məscidlərə uduzduğu ölkədə “cəmiyyətin inkişafından” danışmaq nə deməkdir? 36 min öyrəncinin ANA DILINDƏN “2″ aldığı ölkədə ”cəmiyyətin inkişafından” danışmaq xalqı ələ salmaqdır. Bu gün Azərbaycanda xalq, Türkiyədə olduğu kimi, bilərəkdən, planlı olaraq bilik yolundan biliksizlik yoluna, başlıcası da, din yoluna yönəldilir. Soyub-yağmalama, ardıcıl repressiya yoluyla hüquqsuz duruma gətirilmiş xalqı yola verməyin ən yaxşı yolu onu dinə yönəltməkdir: qoy orada ona… molla qənim olsun!

Gerçək seçki yoluyla çağaşırı prezident dəyişikliyi baş verən qonşu Gürcüstan doğal resurslardan yoxsul olsa da, bu gün Qafqazın ən varlı, ən yaşamalı ölkəsinə çevrilib. Azərbaycan kimi doğal resurslarla dolu ölkəni xalq üçün cəhənnəmə çevirən Əliyevlər hələ uzun illər yalançı referendumlar, saxta seçkilər yoluyla bu xalqı, bu ölkəni yenmək istəyindədirlər. Xalq olaraq bizim o IŞĞALÇI istəyə qarşı çıxmaq hüququmuz var. Var!