Fuad Qəhrəmanlının həbsi AXCP-ni növbəti dəfə şərləməyə hesablanıb
Mövcud hakimiyyət Azərbaycanı dünyanın ən geridə qalmış, ən pis reputasiyalı ölkələri ilə eyni sıraya saldı. Hətt bəzi məqamlarda hökumətimiz “rəqib” tanımır və öz maraqları naminə heç bir iyrənclikdən imtina etmir. Ölkədə məhkəmə sisteminin tamaşaya çevrilməsi, insanların şərlənərək həbs olunması hamıya bəll həqiqətdir və Avropa Məhkəməsinin qərarları da bunu təsdiqləyir.
Amma Azərbaycan hökuməti baş verənlərdən dərs çıxarmır, özünü tərbiyəsiz uşaq kimi aparır.
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə keçirilən məhkəmə prosesi bir daha təsdiqlədi ki, Azərbaycan insanlığı devalvasiyaya uğramış adamların girovluğundadır.
Əlbəttə, Nardaran hadisələrinin qurulmuş bir ssenari olduğu, Fuad Qəhrəmanlının absurd ittihamlarla həbs edildiyi heç kimdə şübhə doğurmurdu. Amma Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadənin məhkəmədəki çıxışı bunu bir daha təsdiqlədi və hökumətin təbliğatına uyanlara da bir mesaj oldu.
Tale Bağırzadə ona dəhşətli işgəncələrin verildiyini, AXCP sədri Əli Kərimlinin, Cəmil Həsənlinin, Milli Şuranın əleyhinə ifadə verməyə məcbur edildiyini söylədi. Bəli, gecə-gündüz Tale Bağırzadədən terrorçu düzəltməyə çalışan, Nardaran hadisələrini dövlətçiliyə təhdid kimi təbliğ edən hökumət, Tale Bağırzadədən Əli Kərimlinin əleyhinə istifadə etməyə çalışıb. Əgər Tale Bağırzadə həqiqətən də terrorçudursa, dövlət əleyhinə iş aparıbsa, niyə bunu sübut etmirlər? Niyə Tale Bağırzadədən rəsmi ittihamlara uyğun ifadə almırlar? Deməli, Nardaran hadisələrində məqsəd tamam başqadır və hökumət bir güllə ilə iki quş vurmaq istəyib. Tale Bağırzadə çıxışı zamanı onu da bildirib ki, Nardaran hadisələri zamanı həlak olan iki polis də hökumətin iyrənc planının qurbanına çevrilib.
Göründüyü kimi, hökumət günahsız insanlarla faşist kimi rəftar edib və hüquqa, qanuna, insan haqlarına tüpürüb. Erməni əsirə meyvə şirəsi, rəsm çəkmək üçün sulu boya verən hökumət, günahı sübuta yetirilməmiş insanlara yalnız işgəncə verirmiş.
Tale Bağırzadə məhkəmədəki çıxışı zamanı onu da bildirdi ki, Fuad Qəhrəmanlının bu iş üzrə dindirilməsi tamam absurddur. O, hətta Fuad Qəhrəmanlının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Məlum olur ki, Tale Bağırzadədən Əli Kərimli əleyhinə ifadə ala bilmədikdən sonra Fuad Qəhrəmanlını həbs etmək məcburiyyətində qalıblar. Israrla çalışıblar ki, AXCP-ni, Əli Kərimlinin də bu işin tərkibinə qatıb, məsələni biryolluq həll etsinlər.
Əvvəla qeyd edək ki, bu, hakimiyyətin Əli Kərimliyə qarşı ilk təxribatı deyil. Bugünə qədər ən azı 4-5 dəfə buna cəhd edilib və həbs olunmuş adamlardan Əli Kərimli əleyhinə ifadə vermək tələb olunub. Hətta Əli Kərimlini öldürmək planları da olub.
Göründüyü kimi, Azərbaycan bu qədər cılız, mənəvi dəyərlərdən məhrum, həyatını şər-böhtan üzərində qurmuş adamların idarəçiliyindədir.
Əli Kərimliyə Əbülfəz Elçibəyi zəhərləməkdən tutmuş, Əl-Qaidə ilə iş birliyinə qədər müxtəlif böhtanlar atılıb. Amma hər dəfə hökumətin planı iflasa uğrayıb və insanlar bu cəhdləri ikrahla qarşılayıb.
Hökumətin fantaziyası o qədər qısır, planları o qədər primitivdir ki, balaca uşaq da yazılan “ssenari”lərə inanmır.
Aylardı Tale Bağırzadə və tərəfdaşlarını, AXCP sədrinin müavini Fuad Qəhərmanlını həbsdə saxlayırlar və ortaya heç bir dəlil çıxara bilmirlər. Yeganə ümidləri işgəncə ilə adamlardan ifadə almaqdır. Artıq bunun da mənası yoxdur. Indi ölkə ictimaiyəti də, beynəlxalq aləm də bu adamların şərlənərək həbs edildiyinə əmindir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Nardaran işinə “sintez” olunması isə, ümumiyyətlə, “fenomenal” hadisədir, hüquq sisteminin komediyalar aləminə səyahətidir.
Bir daha vurğulayırıq ki, bu düşüncənin, bu əxlaqın sahibləri dövlətə, xalqa heç bir xeyir gətirə bilməz. Əgər insan şəxsi məqsədlər naminə onlarla insana dəhşətli işgəncələr verməyi özünə sığışdırırsa, deməli, bu insanlar şəxsi maraqlar naminə vətəndaşı qırğına da verər. Ölkə dağılır, hökumət isə yalnız alternativləri sıradan çıxarmağın yollarını axtarır.
Məhkəmə prosesi də göstərdi ki, dövlət əleyhinə iş aparan, mənəvi terrorla məşğul olan hökumət özüdür.
Samir




