“ABŞ Əfqanıstandan çıxa bilməz”

Keçmiş dövlət katibi Buş dövrünün strategiyasını davam etdirməyi zəruri sayır

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays amerika hərbçilərinin Əfqanıstandan çəkilməsinin mümkün olmadığını bildirib. “CBS” televiziyasının “This Morning” adlı proqramına qatılan Rays ABŞ-ın Əfqanıstanla bağlı Corc Buş administrasiyasının başlatdığı strategiyanı davam etdirməsinin zəruri olduğunu deyib.

Vətəndaşların öldürülməsiylə yanaşı Əfqanıstanda baş verən şiddətli olaylara baxmayaraq ABŞ-ın bu ölkədə qalmalı olduğunu dəstəkləyən keçmiş dövlət katibi “Əfqanıstanın 10 il əvvəlki durumunu da, “Taliban” rejimi hakimiyyətdə olduğu zamanlarını da xatırlamalıyıq” söyləyib. Kondoliza Rays ABŞ-ın Əfqanıstandakı təhlükəsizlik qüvvələrinin təliminə diqqəti artırmasının lazım olduğunu vurğulayıb: “Əfqanıstanı “Taliban” və digər terrorçu qrupların ümidinə qoyub tərk edə bilmərik. “Taliban”ın yenidən iqtidara gəlməsi yalnız əfqan xalqı üçün deyil, eyni zamanda ABŞ-ın bölgədəki təhlükəsizlik maraqlarına da ciddi problem yaradacaq”.

azadlıq.info