Qonşu kəndə qaçan itin aqibəti

Totalitar rejimlərin eybəcərliklərindən biri də odur ki, burada insanlar layiq olduqları yerdə olmur, kimin harada olacağına özü qərar verir. Və onları itaətdə saxlamaq üçün, kriteriyalar müəyyən olunur. Bu meyarlar çox amansızdır, insanları əzmək onları qarşı-qarşıya qoymaq üçündür.
Vəzifə, deputat mandatı almaqdan ötrü, dəridən-qabıqdan çıxanları gördükcə, bu dəhşətli nağılın – sülalə hakimiyyətinin sonunu ürəkdən istəyirsən, çünki, insanları bir-birinə düşürən sistem bizi fəlakətə götürür. Vəzifə eşqi bəzi insanları hər şeyə getməyə “vadar” edir. Bu gün müxalifətə qara yaxıb, bununla da iqtidardan “ənam” gözləyənlərin sayı gündən-günə artır. Bunlardan son parlament seçkisində fiaskoya uğrayan, lakin vəzifə almaq üçün ümidləri hələ də tükənməmiş iki nəfər haqda danışmaq istəyirəm.
Bir ildir ki, Turan-Samir Ibrahimovu, son iki aydır Elşən Musayevi müşahidə edirəm. Rədd edilənə qədər, azad fikirli gənclərlə, eləcə də müxalifətlə savaşmağı qarşılarına məqsəd qoymuş bu iki inadkara heyrət etməmək mümkün deyil.
Mən, 17 Mart azad fikirli, rejimə müxalif gənclərin mitinqini uzaqdan seyr etdim, orta nəslin nümayəndəsi olduğum üçün yaxına getmədim və mitinqin sonunu gözləmədim. Soyuq, qar, qəsdən yaradılan əngəllərə baxmayaraq, iki mindən çox gənc Bibiheybətə (!) gəlib, bu məmləkətdə baş verən ədalətsizliyə qarşı səslərini ucaltdılar.
Mitinqdə 250-300 nəfərin iştirak etdiyini(!) iddia etmək üçün insan gərək ruhi xəstə olsun, ya prezident aparatında işləsin. Mənim Rəbiyyət Aslanovanın oğluna “iradım” yoxdur, bunu söyləmək onun “peşə”sidir, bundan başqa o, həm də eynək taxır.
Turan-Samir, Elşən Musayev də onun dediklərini təsdiqlədilər və əlavə etdilər ki, hətta gənclər “sərxoş olublar”, polis də buna göz “yumub”, onları ayıltama məntəqəsinə aparmayıb. Üstəlik, Turan-Samirin bu sayıqlamasını şef-redaktoru olduğu saytda görən çox hörmətli gənc bir yazar xanım istefa etmək məcburiyyətində qalaraq həqiqətin bu dərəcədə təhrifini heysiyyətinə sığışdırmayıb. Halal olsun bu kişi qeyrətli xanıma!
Xanımdan fərqli olaraq bu iki “kişi” ölkədə baş verən bütün özbaşınalıqlara göz yummağa hazırdırlar, təki iqtidar onlara vəzifə versin.
Mən bu yazını hazırlayarkən Elşən Musayevin “Qafqazinfo” saytında gedən yazılarını və ondan götürülmüş müsahibəyə nəzər saldım…
Elbrus Ərud Samir-Turanın başına açdığı “oyunu” onun da başına gətirib, onu inandırmağa çalışıb ki, səndən Misir Mərdanov üçün yaxşı “müavin” çıxar. Adam inanıb və yüklənib müxalifətə, amma çoxlu “açıq” verib. Məsələn, Ramiz Mehdiyevin patronajlığı ilə keçirilən son seçkidə uduzmasını(!) belə izah edir: “Mən, psixoloji anlamda ən böyük itkini bu seçkidə yaşamışam”. Yəni sənin seçkin məni az qala dəli edəcəkdi…
Sonra YAP-dan incidiyini dilə gətirir, qeydiyyatdan keçən bir partiya sədrinin sonrakı fikri isə daha maraqlıdır, buyurun: “Və ümumiyyətlə qeyd edim ki, mən son 10 ilin bütün seçkilərində YAP-ın vəkili olmuşam.
– Maraqlı və analoqu olmayan bir faktdır ki, partiya sədri digər bir partiyanın vəkili olur.
 – Hər halda qanunda belə bir məhdudiyyət yoxdur”.
Sonda quşu gözündən vurur:
“Məndən bu hakimiyyətin əleyhinə söz ala bilməyəcəksəniz”.
Yəni vəzifə verməsəniz, açaram sandığı, tökərəm pambığı. Di gəl, Ramiz müəllim kimi as bürokrat, bundan baş aç görüm necə açacaqsan. Rədd etmək də yaxşı deyil, ardı gəlməyə bilər. 2015-ə iki il var, qoy “ruhdan” düşməsinlər.
Anlaşıldı, bu cür “çaşmadan” sonra hələ uzun müddət müxalifətə, azad fikirli gənclərə qara yaxmaq tələb olunur. Zahid Oruc və Etibar Hüseynov kimi “olmaq” hər “kişinin” işi deyil, anlaşılan…
Yadıma bir ibrətamiz rəvayət düşdü. Kəndin ağasının bir iti var imiş. Bu itin bir pis şakəri varmış, zurna-qavala dayana bilmirmiş, harda çaldılar, ora can atarmış. Bir gün qonşu kəndin ağası oğluna toy edəndə it zənciri qıraraq ora üz tutur. It sahibindən xoşu gəlməyən ağa ondan qisas almaq qərarına gəlir. Təpənin birinə zurnaçını, o birinə isə qavalçını yerləşdirir. Gah o təpəyə qaval, gah bu təpəyə zurna səsinə qaçan it axırda əldən düşüb cəhənnəmə vasil olur.