Azərbaycanda bu mümkündürmü?…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Qardaş ölkə olduğundan Azərbaycanla Türkiyə arasında bəzi paralellər aparmaq düşünürəm ki, heç də qəbahət sayılmaz. Doğrudur bizim Fəthullah Gülənimiz olmasa, məlum oldu ki.., ANS – miz (!) var.  Deməli, nəsə yazmaq, hansısa subyektiv fikirlər söyləmək mümkündür. Əslində ANS – i sadəcə bir az mirşahinsayağı çıxsın deyə yazdım. Bu telekanala rəğbətim olmasa da, etiraf etməliyəm ki, birdəfəlik bağlasalar, hakimiyyəti onlar qədər müsbət mənada orijinal təqdim edən ikinci televiziya olmayacaq. Nə isə, keçək mətləbə.

Siyasi hakimiyətdə hər hansı bir qüvvənin olmasından asılı olmayaraq, hərbi çevriliş, yaxud da ona cəhd  olduqca ağır nəticələr verir. Çoxları bu gün mərhum prezident Əbülfəz Elçibəyi qınasa da, şəxsən o günlərin canlı şahidi kimi, deyə bilərəm ki,  çox düzgün qərar verildi. Ölkə vətəndaş müharibəsindən xilas oldu.

Türkiyədə baş vermiş 15 iyul çevriliş cəhdi haqqında geniş bir yazı ilə çıxış etməyi düşündüyümdən yalnız onu deyə bilərəm ki, xalq çevriliş cəhdinə obrazlı desək, inqilabla cavab verdi. Onların Ərdoğanı dəstəkləməsi yoxsa, hərbi xutnaya yox deməsi növbəti seçkidə məlum olacaq. Hər halda o fikirdəyəm ki, vəziyyətin bu yerə qədər gəlməsində az da olsa AKP hakimiyyətinin də günahı var…

Azərbaycan hakimiyyətinin məhz Türkiyə hadisələrindən sonra hakimiyyəti möhkəmləndirmək üçün atdığı addımlar heç də təsadüfi deyil. Hətta o qədər başları qarışdı ki, bu günə qədər müxalifəti Türkiyədəki hadisələrə görə “günahlandırmaq” haqqında belə fikirləşməyiblər. Etiraf edim ki, bu müsbət (!) bir hadisədir.

Bəri başdan deyim ki, Azərbaycanda hərbi çevriliş cəhdi üfüqdə belə görünməsə də, alternativ, hətta mən deyərdim əsrarəngiz bir şəkildə dəyişiklik mümkündür. Yəqin siz də mənimlə razılaşarsınız ki, seçki yolu ilə hakimiyyətin dəyişməsi o qədər də inandırıcı görünmür. Seçkidən söz düşmüşkən…

Yazıma Səyavuş Novruzovun son açıqlamasından bir sitatla davam etmək  istəyirəm –  ?Təəssüf ki, bu gün YAP-dan başqa seçkidə qalib gələ biləcək güc yoxdur?.

ABŞ prezidenti Barak Obama da təxminən bir neçə il əvvəl belə bir “oxşar” ifadə işlətmişdi. Azərbaycanla birlikdə bir neçə ölkənin adını çəkərək, eynən Siyavuş Novruzov kimi (!) təəssüflənərək ölkəmizdəki seçkilərdən danışmışdı. Demişdi ki, xalq istədiyi insanları seçmək hüququndan məhrum edilib. Yəni, nə olursa olsun,  sonda YAP “qalib” gəlir.

Mən o fikirdə deyiləm ki, Səyavuş Novruzov seçilməkdən bezib, amma razılaşın ki, ifadə bir az qəribə, hətta mən deyərdim ki, bir az demokratik  səslənir. Bəlkə də deputat öz aləmində Qərbə bir mesac atır ki,  biz seçkiləri udanda sevinmirik, bizi də zorla deputat edirlər. Bu son hadisələrin  fonunda da ola bilər.

…Illərdir siyasətçilərimiz, bəlkə də bütövlükdə cəmiyyət Səyavuş Novruzovun qeyri – standart açıqlamalarına əhəmiyyət verməkdən yayınmaqla məşğuldur. Ən yaxşı halda onun açıqlamaları populist, qeyri – ciddi və s. kimi şərh edilir.

Lakin həqiqət budur ki, onun söylədikləri bu günə qədər heç bir dövlət rəsmisi tərəfindən inkar edilməyib. Əksinə, hakimiyyət son illərdə onun bütün irəli sürdüyü tezislərə əməli ilə qarşılıq verib. Bu dəfə necə olacaq, bilmirəm, amma burası dəqiqdir ki, son konstitusiya düzəlişlərindən sonra Milli Məclisin, obrazlı desək, bezən deputatların səlahiyyətləri məhdudlaşdırılacaq. Lakin bu da çıxış yolu deyil. Çıxış yolu xalqın etimadını qazanmaqdır.

Türkiyə hadisələri bir həqiqəti ortaya qoydu, hakimiyyət nə qədər güclü olsa da, həlledici məqamlarda taleyi bir tükdən asılı olur…

Və səhnəyə xalq çıxır.