Azərbaycan İranın pullarını geri qaytarır

dollarTehran «Röyalbank» qalmaqalında dondurulmuş aktivlərinə çıxış əldə edib

Tehran Azərbaycan bankında dondurulmuş 400 milyon dollar məbləğində aktivlərinə çıxış əldə edib. “Fars Nesws” agentliyinin verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankı Birgə Kompleks Fəaliyyət Planının (CCPOA) reallaşdırılmasından sonra Iranın dondurulmuş aktivlərinə çıxışı açıb: “Aktivlər ”Naftiran Intertrade Company” (NICO) və Iran Mərkəzi Bankına məxsusdur”.

Diplomat qeyd edib ki, Azərbaycan yaxın bir neçə ay ərzində Iran vətəndaşları üçün viza rejimini yüngülləşdirə bilər.

Azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli danışıqlar üçün Iran Prezidenti Həsən Ruhaninin avqustun 8-də Bakıya planlaşdırılan səfərindən danışan M.Pakayin deyib ki, Iran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır.

Qeyd edək ki, “Azadlıq” qəzeti hələ ötən il bu məsələ barədə məlumat yaymışdı. Həmin ərəfədə Iranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezinin Azərbaycana səfər etmişdi. O səfər çərçivəsində keçirdiyi görüşlərdə bu məsələni gündəmə gətirərək demişdi: “Azərbaycan və Iranın bank sektorunun nümayəndələri bu kapitaldan istifadə etmək məsələsini müzakirə edir. Bu vəsaitin bir hissəsinin neft sektoruna yönləndirilməsi planlaşdırılır. Bu məsələ Bakıya son səfərim zamanı müzakirə edilib. Vəsaitin qalan hissəsi ”Bank Melli Iran”ın kapitalının artırılmasına yönəldilib”.

Məlumatda qeyd olunurdu ki, Iranın 400 milyon dollar həcmində aktivinin dondurulması ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsus “Royal Bank”ın fəaliyyəti ilə bağlıdır. “Royal Bank”ın bağlanmasına səbəb kimi bu bankın Iranın çirkli pullarının yuyulması ilə məşğul olduğu göstərilirdi. Bildirilirdi ki, ölkə başçısı bu məsələ ilə bağlı Qərbdən xəbərdarlıq aldıqdan sonra bankın bağlanması barədə göstəriş verib. “Royal Bank” bağlanandan sonra isə orada xeyli əmanət batdı. O cümlədən Irana məxsus aktivlər donduruldu.