Medianın durumu ağır olaraq qalır

stpSivil Toplum Platformasının keçirdiyi forumda yekun qənaət belədir

«Azərbaycanda medianın durumunu yuxarıda oturan «bazarkomlar» müəyyənləşdirir»

Dünən Sivil Toplum Platforması (STP) “Milli mətbuatın 141-ci ilində Azərbaycan KIV-i” mövzusunda forum keçirib. Tədbirin aparıcısı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı forumu Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirmək istədiklərini, ancaq yuxarılara bağlı mərkəzin ayın sonuna kimi zalların boş olmadığı bəhanəsiylə bundan imtina etdiyini bildirib.

Təşkilatçılar bu səbəbdən foruma məhdud sayda qonaq dəvət edib. Tədbirə diplomatik korpusun nümayəndələri, tanınmış media ekspertləri, ictimaiyyət nümayəndələri qatılıb.

“KIV böhranı iqtisadiyyat böhranını daha da dərinləşdirib”

“Turan” Informasiya agentliyinin direktoru Mehman Əliyev KIV-lərin iqtisadi durumu ilə bağlı məruzəylə çıxış edib.

Onun sözlərinə görə, 2015-ci ildə manatın devalvasiyası və iqtisadi fəallığın azalması ilə əlaqədar Azərbaycan KIV-lərinin iqtisadi vəziyyəti daha da pisləşib, KIV böhranının ardından ölkə böhran zolağına qədəm qoyub. M.Əliyev deyib:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda KIV-in əsas gəlir mənbəyinin – reklam bazarının ümumi dövriyyəsi 13,3% azalıb və bir il əvvəlki 72,5 mln. manatın (93 mln. dollar) yerinə 62,8 mln. manat (60 mln. dollar) təşkil edib. Dollarla ifadə etdikdə bazar 35% geriləyib. Media reklamının həcmi təxminən 26 mln. manat (24,7 mln. dollar) təşkil edib. Manatla ifadə etdikdə 3% artsa da, dollarla ifadə etdikdə reklam həcmi 22,8% azalıb.

Statistika çap KIV-lərdə reklamın dörd dəfədən çox artdığını göstərir. Amma bu, prezidentin ailə üzvlərinin rəhbərlik etdiyi “Bakı” kimi qlamur jurnallara reklam axını hesabına baş verib”.

“Azərbaycan mətbuatının bazarı qara bazardır”

Qəzetlərin tirajı və başqa problemlərindən danışan media eksperti deyib: “Qəzet və jurnalların tirajı azalıb və pərakəndə ticarətdə maksimum satış həcmi gündə 2 min nüsxə təşkil edir. Bu, beş il əvvəl olduğundan 3-4 dəfə azdır. Abunə yazılma yolu ilə yayılan dövri mətbuatın tirajı xeyli yüksəkdir, amma bu, dövlətin himayəsi sayəsində baş verir – büdcə təşkilatlarını bir sıra dövlət və hökumətyönlü qəzetlərə və jurnallara abunə yazılmağa məcbur edirlər.

Mətbuatın pərakəndə satışının növbəti dəfə 90-cı illərin sonlarında başlayan azalmasına dövlət metrolarda, küçələrdə çap məhsullarının satışına qadağa tətbiq etmək, habelə onların köşklərdə satışını məhdudlaşırmaq yolu ilə nail olub. Çap məhsulları satan köşklərin sayı da azalmaqda davam edir. Avropada 1,5 min nəfərə 1 köşk düşdüyü halda, Azərbaycanda 17 min nəfərə 1 köşk düşür.

Tirajın azalmasını internetin inkişafı ilə əlaqələndirmək olmaz. Qonşu ölkələrin – Gürcüstan və Ermənistanın təcrübəsi göstərir ki, qəzetlər hələ də gəlirli və reklam üçün cəzbedici sahə olaraq qalır”.

“Müstəqil və müxalif KIV-lərə reklam verilməməsi məqsədilə reklamverənlərə təzyiq göstərilib və göstərilir. Bunun nəticəsi kimi müstəqil KIV, demək olar, bir institut kimi mövcudluğuna son qoyub. KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə təxminən 34 qəzetə 2,6 mln. manat rəsmi maliyyə vəsaiti ayrılır. Amma dövlətin qeyri-leqal maliyyələşdirmə aysberqinin böyük və ya sualtı hissəsi on milyonlarla dollardır. Azərbaycan mətbuatının bazarı qara bazardır”- deyə M.Əliyev vurğulayıb.

Ilyarımda qanuna 4 dəfə dəyişiklik edilib

Media eksperti Ələsgər Məmmədli isə “Kütləvi informasiya vasitələri haqqında qanunvericilik və difamasiya” mövzusunda məruzə edib. Onun sözlərinə görə, son ilyarımda KIV haqqında qanuna 4 dəfə dəyişiklik edilib ki, bunlar da əsasən qanunun sərtləşdirilməsi ilə bağlıdır.

“Qanunun 19-cu maddəsində KIV-in qanunazidd şəkildə maliyyələşdirildiyinə dair əlaqəli qurumların qeydiyyatın ləğv edilməsi məqsədi ilə məhkəməyə müraciət hüququ əlavə olunub. Bir ildə iki dəfə qərəzli yazıya görə məhkəmə məsuliyyətinə cəlb edildiyi halda, Ədliyyə Nazirliyinin KIV-in qeydiyyatının ləğvi məqsədi ilə məhkəməyə müraciət yolu açılıb”- deyə ekspert vurğulayıb.

Teleradio sahəsindəki durumun gerçək nümunəsi dünən məhkəmə qərarı olmadan qapadılan ANS telekanalıdır.

“4 fevral 2015-ci il tarixdə ”Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi. Bu dəyişikliyin mahiyyəti tənzimləyici dövlət orqanı olan Milli Televiziya və Radio Şurasına (MTRŞ) geniş səlahiyyət verməklə bağlıdır. Daha öncə mövcud olan normada teleradio yayımçısı lisenziyanın istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəməzsə, müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın (lisenziyanın) qüvvəsinin istifadə haqqı ödənilənədək dayandırılması barədə məhkəməyə müraciət edirdi. Son dəyişikliklə bu səlahiyyət birbaşa teleradio yayımı sahəsində müvafiq dövlət orqanına – Milli Televiziya və Radio Şurasına verildi”- deyə Ələsgər Məmmədli vurğulayıb.

“Daha öncələr dəyişiklikdən sonra lisenziyanın dayandırılması və ya ləğv edilməsi üçün MTRŞ-nin məhkəməyə müraciət etməsi tələb olunurdu, məhkəmə qərarı olmadan MTRŞ birbaşa yayımı dayandırma və ya ləğv etmə haqqında qərarı verir. Yeni redaksiyada tənzimləyici quruma yayımı 1 ay dayandırmaq səlahiyyəti də verilib.

Yayımçının bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edilməsi də kanalın bağlanmasına gətirib çıxarır.

Məsələn, 2014-cü ilin əvvəlindən fevral ayının sonunadək 42 gün ərzində ANS TV-yə qarşı iki dəfə məsuliyyətsizliyinə dair qərar qəbul edilib…

14 may 2013-cü ildə Cinayət Məcəlləsinə dəyişiklik edilib, böhtan anlayışı (Maddə 147) genişləndirilərək, “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri maddəyə əlavə edilərək, internet də, sosial şəbəkələr də bu əhatəyə salınıb.

Maddənin sanksiya hissəsinə də dəyişiklik edilərək, cəzalar sərtləşdirilib. Daha əvvəl mövcud olan 240 saatadək müddətə ictimai işlərə cəlb etmək, 480 saata qaldırılıb, ardıcıl cəza kimi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması sanksiyası tamamilə maddədən çıxarılıb, birbaşa 6 ay müddətə həbs cəzası saxlanıb”.

Jurnalistlərin informasiya almaq imkanları yenə məhduddur

Media eksperti Xalid Ağəliyevin isə “Informasiyaya çatımlılıq, jurnalistlərin təqib edilməsi(fiziki, məhkəmə, psixoloji)” mövzusunda məruzəsi dinlənilib. “Bütün dövlət qurumlarının saytları yaradılsa da, jurnalistlərin informasiya almaq imkanları yenə məhdud olub. Belə ki, bu qurumlar saytlarında jurnalistlərin marağında olan əsas informasiyaları yerləşdirməyiblər. Yalnız SOCAR istisnadır, maraqlıdır ki, vaxtilə informasiya sorğusuyla, hətta məhkəmə qərarıyla bu qurumdan alınması mümkün olmayan məlumatlar indi saytda yerləşdirilir”- deyə X.Ağəliyev vurğulayıb. Bunda başqa, ekspert vurğulayıb ki, jurnalistlərə təzyiqlərlə bağlı Avropa Məhkəməsinə göndərilən şikayətlərlə bağlı qərarlar gəlməkdədir. Artıq iki nəfər bu qərarı alıb.

Çıxışlardan sonra məruzələr ətrafında müzakirə aparılıb. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, professor Qulu Məhərrəmli, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli və başqaları medianın durumu ilə bağlı düşüncələrini bölüşüblər. Əksəriyyət mətbuatın ötən illərlə müqayisədə daha acınacaqlı duruma düşdüyünü vurğulayıb. Başlıca vurğu isə o olub ki, ölkədə söz, düşüncə azadlığının durumu ağır olaraq qalır və bütün problemlərin də həlli bundan keçir.

“Azadlıq”