Nemət Əliyev: «Ölkədə istehsal olunan ÜDM-in yarım illik həcmi üzrə 9,7 milyard dollarlıq itki əmələ gəlib»
Qubad Ibadoğlu: «Son iki ayda büdcə gəlirləri kəskin azalıb, xərclər isə sürətlə artıb»
Ölkə iqtisadiyyatında böhran elementləri hər ötən müddət çılpaqlığı ilə görünür. Büdcə gəlirlərinin kəskin azalması, büdcə öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlər yaradır. Büdcəyə vergi daxilolmalarında ciddi problemlər yaşanır. Bütün bu məqamlar iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir. Bundan başqa, ölkənin bank sektoru ciddi böhran içərisindədir. Problemli kreditlərin faizi hər ötən ay artır. Bank sektoru problemli kreditlərin bu cür səviyyəsinə faktiki olaraq hazır deyil.
Diqqətinizə təqdim etdiyimiz ekspert rəyləri iqtisadiyyatın hazırda hansı formada acınacaqlı vəziyyətdə olduğunu bir daha təsdiqləyir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ölkədə istehsal olunan Ümumi Daxili Məhsulun yarım illik həcmi üzrə 9,7 milyard dollarlıq itki əmələ gəlib. Daha pisi odur ki, bu itkilərin 70%-i qeyri-neft sahələrinin payına düşüb. Belə vəziyyət qeyri-neft sektorunun gələcəyinə bağlanan ümidləri puça çıxarır.
Xatırladaq ki, bu ilin ilk 5 ayında bu göstərici üzrə itkilər 8,3 milyard olmuşdu. Deməli, hər növbəti ayda ümumi itkilərimiz daha da çoxalır. Mərkəzi Bankın yarıtmaz məzənnə siyasətinin bu itkilərin daha da böyüməsinə xüsusi “töhfə” verəcəyini də nəzərə almaq lazımdır: “Daha çox itki vermək sahəsində nəinki region ölkələrini çox geridə qoymuşuq, bu məsələdə hətta Orta Asiyadan hansısa ölkənin bizimlə müqayisəyə gələ biləcəyini təsəvvür etmək indi çox çətindir. Ötən il ÜDM üzrə 22 milyard dollar itki verdiyimizi də unutmamalıyıq. Beləliklə, milyardlarla gəlirlərdən məhrum olmuş iqtisadiyyatımızı yaxşı perspektiv gözləmir”.
Iqtisadçı Qubad Ibadoğlu da mövzuyla bağlı facebook səhifəsində status paylaşıb. Son iki ayda büdcə gəlirlərinin kəskin azalıb, xərclərin isə sürətlə artdığını deyən Q.Ibadoğlu vurğulayıb ki, ilin ilk yarısında dövlət büdcəsində neft gəlirlərinin payı 68,1 faiz olub: “Bu ilin son 2 ayına olan büdcə gəlirləri göstəriciləri ciddi narahatlıq doğurur. Belə ki, bu ilin may ayında dövlət büdcəsinə 740,3 milyon manat, iyun ayında isə 680 milyon manat vəsait toplanıb. Bu isə müvafiq olaraq son 6 aya olan orta aylıq göstəricidən 33,5 faiz və 27,6 faiz azdır. Məlumat üçün qeyd edim ki, dövlət büdcəsinə yanvar ayında 1 milyard 350 milyon, fevral ayında isə 1 milyard 33 milyon manat vəsait toplanmışdı”.
Q.Ibadoğlu qeyd edib ki, bu il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 7 milyard 615 milyon manat və ya ayda orta hesabla 634,5 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir proporsional olaraq bu ilin ilk yarısında dövlət büdcəsinə yığılan vəsaitin 62,1 faizini birbaşa Neft Fondundan transfertlər təşkil edir: “Bundan başqa, il ərzində dövlət büdcəsinə xarici neft şirkətlərindən vergi daxilolmaları 370 milyon manat proqnozlaşdırılıb, elə təxminən bu qədər də vəsaitin Dövlət Neft Şirkətindən daxil olması gözlənilir. Belə olan halda ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirlərində neft bölməsindən daxilolmaların payı 68 faizdən çox olur. Göründüyü kimi, bu ilin dövlət büdcəsi hələ də neft gəlirlərindən asılı olaraq formalaşır. Odur ki, bu ilin ikinci yarısında büdcənin vəziyyəti və eyni zamanda bununla da xarici faktorlardan asılı olacaq. Hətta neft gəlirlərinin artması paralel olaraq Dövlət Neft Fondundan transfertləri çoxalda bilər. Bu isə büdcə gəlirlərin il ərzində 70 faizindən çoxunun bu mənbədən formalaşmasını şərtləndirə bilər”.ÿ
Rəsmi statistik məlumatlar göstərir ki, dövlət büdcəsinə 6 ayda yığılan 6 133,8 milyon manatın yarısı son 2 ayda – may və iyun aylarında xərclənib. Son 2 ayda büdcə xərcləmələrinin kəskin artmasında “Formula 1″ Avropa Qran Pri yarışlarının da rolunun olması da şübhə doğurur. Əvvəlki illərin praktikasından görsənir ki, ilin ikinci yarısında, xüsusilə də noyabr-dekabr ayında büdcə xərcləmələri çoxalır. Bu gedişlə qeyri-neft sektorundan daxilolmaların artmayacağı şəraitdə büdcədə ilin sonuna yaxın gərginlik yaranacağı ehtimal oluna bilər.
Xəyal