Bu maraqlı macəraları Türkiyənin əfsanə kapitan pilotu Mustafa Kolko 8 il əvvəl “Havada 44 il nələr yaşadım” adlı xatirələr kitabında qələmə alıb. Inanıram ki, Kolkonun kitabında yer alan xatirələr sizin üçün də maraqlı olacaq…
3 il havada yaşamış əfsanə pilot
Hesablamasına görə həyatı boyunca 3 il havada yaşamış olan təqaüdçü pilot bu müddətdə 26 min saat uçduğunu qeyd edir. Göydə yaşadıqları ilə bağlı verilən suala cavab olaraq deyir ki, iş həyatında heç bir UFO-ya bənzər şeylə rastlaşmayıb, buna da inanmır: “THY pilotlarının UFO gördüyünə dair hesabat tutulması söhbəti şayiədir. Heç kim UFO görməmişdir. Atmosferdə, ionosferdə işıq qırılmaları baş verər, yaxud ulduz düşər. Millət Aya, Marsa endi, harada bu UFO-lar. UFO gələcək, bir şəkil çəkib, çıxıb gedəcək. Hardan çıxdı, varmı belə bir şeyə şahid olan? Hardansa bir qalıq tapırlar, hay-küy qopur ki, UFO-ymuş. Həyat təcrübəmdən söyləyirəm sizə, THY-da təlim rəhbəri də oldum. Bu məsələdə bir isbatı olan varsa, gəlsin, mənə sübut etsin, oturduğum Ataköydəki evimi ona verərəm”.
Illər boyu uçduğu bəzi təyyarələrin bu anda havaçılıq muzeyində sərgiləndiyini deyən Mustafa Kolko deyirdi ki, hər hansı pilotun təyyarəyə sərxoş minməsi yolverilməzdir. “Hələ bir də Ramazan ayında kim hansı cəsarətlə sərxoş ola bilər, kim bir şüşə rakı içib, ora çıxa bilər, ağlım almır” deyən pilot bildirir ki, bu illərdə bənzər iki hadisənin şahidi olub.
“Rahşan xanım təyyarəyə oğlaqla mindi…”
Illərin pilotu Türk siyasətinə damğasını vurmuş liderlərlə uçuş zamanı yaşadığı bir neçə xatirəni belə qələmə aldı: “1974-cü il seçkiləri öncəsi idi. Bülent Ecevit və partiyası Antalya mitinqi üçün təyyarə kirayə etmişdi. Biz də Eceviti, həyat yoldaşını və bəzi partiya üzvlərini Ankaradan Antalyaya apardıq. Mitinq bitdi, dönərkən Rahşan xanım qucağında hədiyyə edilən bir bala oğlaqla təyyarəyə mindi. Hesab edirəm ki, o oğlaq sərnişin kabinəsində uçan ilk və son keçi balası olmuşdur. Bülent Ecevit də zaman-zaman pilot kabinəsində bizimlə uçardı”.
Məşhur pilotun başqa maraqlı bir xatirəsi də Kənan Evren haqqındadır: “Kənan Evren ilk ziyarətini Todor Jivkovun dəvəti ilə Bolqarıstana etdi. O zaman xarici ziyarətlər zamanı dövlət başçısı təyyarənin pilləkənindən qalxdığı zaman hava qüvvələrinə aid 4 təyyarə salamlama üçün alçaqdan uçardı. Sofiyaya getmək üçün Ankaradan havaya qalxdıq. Ancaq səfər cihazımızda qəza baş verdi. Biz Istanbula enmək istədik, lakin əmr əsasında enmədən köməkçi cihazla Sofiyaya çatdıq. Evren Jivkova hədiyyə olaraq ərik və Afyon qaymağı aparmışdı. Amma qaymağın təyyarədə unudulduğu bir gün sonra aydın oldu. Qaymaq xarab olduğu üçün Jivkov onun dadına baxa bilmədi. Iki gün sonra ani bir qərarla dönüş saatımız 15 dəqiqə əvvələ alındı. Səbəb o oldu ki, Jivkov bizim heyəti yola saldıqdan sonra gözləmədən getdi. Evren bir az incik idi. Dönüş saatı 15 dəqiqə erkən olduğundan, Fantomların bizi qarşılamasını həll etmək üçün paşaya Istanbul üzərində 15 dəqiqə dövrə vurdurduq.
“Seneqaldan 11 tutuquşu ilə döndük…”
Mülki aviasiya barəsində rəhmətlik Turqut Özal qədər məlumatlı birinə rast gəlmədiyini ifadə edən Kolko Kapitan, birlikdə 7 dəfə pilot kabinəsində uçduqları üçün bir çox xatirələri olduğunu söylədi. Təcrübəli pilot Turqut Özalın prezidentliyi dövründə 9 yanvar 1993-cü il tarixində Seneqala etdikləri səfər zamanı maraqlı hadisələr yaşandığını bildirdi. “Prezident heyətində Mehmet Barlas, Cengiz Çandar da vardı. Özal hər zamankı kimi pilot kabinəsində otururdu. Lagosa eniş hazırlığı edərkən kəmərlərin bağlanması lazım idi. Lakin Özal o qədər kökəlmişdi ki, kəməri heç cür bağlaya bilmədi. Kabinə komandiri kömək etməyə çalışsa da, bir şey alınmadı. Prezident ”burax, qızım, mən kapitanı tanıyıram, bir şey olmaz, belə də enərəm” dedi.
“Seneqalda iki gün qaldıq. Bazarda gəzərkən heyətdəki yoldaşlar Cengiz Çandarın tövsiyəsi ilə tutuquşu almışdılar. Təyyarədə 11 tutuquşu vardı. Dönüş üçün hər kəs təyyarəyə mindi. Yolasalma mərasimi bitmişdi. Lakin Mehmet Barlas pilot kabinəsinin qapısından bildirdi ki, baqajları gəlməyib. Məsələni sonra Özala da söylədi. Yolasalma üçün gələn heyət getdikdən təxminən 15 dəqiqə sonra vəziyyəti qülləyə bildirdik. Barlasın baqajları da gəlincə, gecikmə ilə havaya qalxdıq.”
“Mehmet Ağara kabinədə siqaret çəkməyə icazə verdim…”
Kapitan Kolko Nəcməddin Ərbakanı mübahisəli Liviya ziyarətinə aparan qrupun tərkibində iştirak etdiyini belə xatırlayır:
“Baş nazir Nəcməddin Ərbakan və Dövlət naziri Abdullah Gülün də olduğu heyətlə Liviyaya getdik. Dönüş planına görə əvvəldən hazırlıq üçün hava limanına gəldik. Lakin dönüş planından 4 saat vaxt keçdi, gələn olmadı. Nə isə sonda gəldilər, təyyarə havalandı. Bir müddət sonra Gül yanındakı səfir ilə pilot kabinəsinə gəldi. Hər zaman təbəssümüylə tanıdığımız Gülün üzündə hüznlü bir ifadə vardı. Bəlkə də sıxıntıdan sərnişin kabinəsində dayana bilməmişdi. Sonra anladıq ki, Qəddafi yenə edəcəyini etmişdi. Ərbakan pilot kabinəsinə minə bilməzdi. Yalnız qapıdan ”bəylər, uğurlu yolçuluqlar” deyib keçərdi”.
Kolkonun maraqlı etiraflarından biri də Mehmet Ağarla bağlıdır:
“Uçuşda siqaret qadağası yeni qoyulmuşdu. Siqaret alışqanları çox çətin günlər keçirirdi. O zamanın sevilən bürokratı Mehmet Ağar da siqaret çəkən biri idi, amma burda siqaret çəkmək də qadağan olunub. Stüardessa ilə xəbər göndərdi – ”görəsən kapitan pilot kabinəsində bir siqaret çəkmək üçün icazə verərmi” deyə. Xətrinə dəyə bilmədim. O da gəlincə, pilot kabinəsindəki sayımız 6 nəfər oldu. Nəysə, Ağar siqaretini çəkib tez yerinə döndü. Amma nə qədər böyük bir xəta idi. Bu etdiyim məsuliyyətsizliyin vicdan əzabını hələ də çəkirəm”.
Mirəli