Rusiya haranı Suriyaya çevirmək istəyir?

gultekin-hacibeyli-yeniŞoyqu: «Mərkəzi Asiya və Qafqazda Suriyadakı böhranlı vəziyyət təkrarlana bilər»

Gültəkin Hacıbəyli: «Şoyqunun bəyanatı Rusiyanın açıq əzələ nümayişidir»

“Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində yeni hərbi münaqişələrin yaranması ehtimalı mövcuddur”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Dünyada hazırkı vəziyyətin inkişafının analizi göstərir ki, yaxın perspektivdə yeni hərbi münaqişələrin yaranması ehtimalı var. Suriyadakı böhranlı vəziyyət hər hansı bir ölkədə, o cümlədən Mərkəzi Asiya və Qafqazın postsovet dövlətlərində təkrarlana bilər. Bu şərtlərdə Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”, – deyə Rusiyanın müdafiə naziri qeyd edib.

Şoyqunun bu hədə tipli açıqlamasını necə dəyərləndirmək olar? Adı çəkilən regionlarda Qərblə qarşıdurmada olan Rusiya görünür, bu cür addımlarla Qərbi şantaj etməyə çalışır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, bu Rusiyanın açıq əzələ nümayişidir. Rusiya Cənubi Qafqazda və Orta Asiyada mövqelərinin qorunub saxlanmasında maraqlıdır. Hazırda Cənubi Qafqazda Rusiya və Qərbin mövqelərinin tam bərabər olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, Ermənistan tamamilə Rusiyanın nəzarətindədir, Gürcüstan isə Qərblə ciddi inteqrasiya münasibətlərinə girib: “Azərbaycan isə iqtisadi baxımdan Qərbə inteqrasiya edir. Amma siyasi baxımdan Azərbaycanın Rusiya ilə sıx əlaqələri var. Cənubi Qafqazda hər iki tərəf bərabər nüfuza və təsir imkanlarına malikdir. Rusiya bu status-kvonun dəyişməsində maraqlı deyil. Rusiya gözəl anlayır ki, özünün məhdud siyasi və iqtisadi imkanları ilə Cənubi Qafqazda vəziyyəti öz xeyrinə dəyişə bilməz. Mövcud durum dəyişəcəksə, bu Rusiyanın ziyanına dəyişəcək. Rusiyanın bölgəyə müdaxilə etmək imkanı yalnız hərbi yol ilədir. Rusiya istənilən vaxt Cənubi Qafqaza hərbi potensialından istifadə edib, müdaxilə edərək, region ölkələrinə təsir edə bilər. Şoyqunun xəbərdarlığı məhz bundan qaynaqlanır. Rusiya Azərbaycana heç bir iqtisadi sanksiya tətbiq edə bilməz. Iqtisadi aslılıq demək olar ki, yox dərəcəsindədir. Amma Rusiya Qarabağ münaqişəsinin alovlandırılması yolu ilə bölgədə ağır vəziyyət yarada bilər. 90-cı illərin acı təcrübəsini xatırlatmaq istəyirəm. O zaman Azərbaycana etnik separatizmi qıxzışdırmaq istiqamətində müdaxilələr olmuşdu. Bu müdaxilələrin də arxasında birmənalı olaraq Kreml dayanırdı”.

G.Hacıbəyli bildirdi ki, Şoyqunun xəbərdarlığı hazırkı vəziyyət nəzərə alınarsa, eyni zamanda şantaj tipli də dəyərləndirilə bilər. Onu da qeyd etmək lazımdır ki, bu kifayət qədər real xəbərdarlıqdır: “Aprel hadisələrinin nəticəsində Rusiyanın iştirak faktoru danılmazdır. Rusiyanın bölgəyə bu cür müdaxilə imkanları var. Ona görə bu bəyanat açıq təhdid xarakterlidir. Amma digər tərəfdən sevindirici haldır ki, Rusiya Cənubi Qafqaza bütün təsir imkanlarını itirib. Əllərində yeganə təsir imkanı sərt hərbi müdaxilədir. Bu özü artıq müsbət tendensiyanın göstəricisidir. Qərbin yüksək texnologiyaları qarşısında Rusiya Cənubi Qafqaz ölkələrini heç nəylə cəlb edə bilməyəcəyini anlayır”.

Xəyal