Ədalət Sizlikdi…

yalcin3Yalçın İmanov

Samuel Bekketin bir hekayəsi var. Hekayənin sərgərdan qəhrəmanı sevdiyi qadının adını mal təzəyinin üstünə cızır. Və əminliklə düşünür ki, sevgi deyilən nədisə elə buymuş…

Vərəmli xəstələrin saxlandığı və bəlkə həm də müalicə olunduğu müalicə müəssisəsinin, 2, 9 və başqa saylı  cəzaçəkmə müəssisələrinin yerləşdiyi Binə qəsəbəsindəki cəzaçəkmə şəhərciyinin girişində bir park var. Adı “Ədalət Parkı”dır. Bu parkın orda hansı niyyətlə salınması illərdir mənə sirri-xuda, müəmma kimi gəlir. Həmin parkın girişində yekə, yöndəmsiz hərflərlə “Qoy ədalət zəfər çalsın!” şüarı həkk edilib. Həmişə bu şüarı oxuyanda yadıma Bekketin mal təzəyinin üstünə sevdiyi qadının adını cızan və bunu elə sevginin özü hesab edən o qəhrəmanı düşür…

Ədalətin nə olduğunu bilmədən də onun şüarını harasa cızmaq olar! Nə olsun ki, bu cızılan şey mal təzəyi deyil!

***

Uzun müddətdir ki, tövsiflə bağlı bir məqalə yazmaq istəyirəm. Bilməyənlər üçün deyim ki, tövsif cinayət əməlinin cinayət-hüquq normasına uyğunlaşdırılması, əmələ hüquqi qiymət verilməsidir. Bir xeyli elmi material da oxumuşam. Hüquq alimlərinin yekdil mövqeyi belədir ki, tövsif mühüm ictimai, siyasi, sosial hadisə olmaqla yanaşı, həm də psixoloji, məntiqi bir prosesdir…

Bugünlərdə məhkəməsi başlayacaq Tale Bağırzadə və onun arxadaşlarının hər birinə Cinayət Məcəlləsinin 30-a yaxın maddəsilə ittiham irəli sürülüb. Məlum məsələdir ki, məqsəd ömürlüyü təmin eləməkdir. Hərçənd, bu maddələrin elə bir neçəsi də bu məqsədi reallaşdırmağa kifayət edə bilərdi. Hacıya toxunmuş maddə buketindən biri də 278-dir – hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama. Maddənin dispozisiyası dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur. İndi bu ittihamın konkret və mühüm əsaslarından biri nə olsa yaxşıdır? Başınızı çox da sındırmayın, min il yatsaz da ağlınıza gətirə bilməzsiz. “Ağa (İmam Zaman Ağa) gələcək, zülm bitəcək, dünyada ədalət bərqərar olacaq!” Cəmi şiələrin min illik duası, neçə əsrlik inancı!

…Tövsiflə bağlı yazını qatlayıb bir kənara tulladım.

***

O gün Bakının rayon məhkəmələrinin birində elan olunmuş vaxtdan xeyli gecikən prosesimin növbəsinin nə vaxt başlayacağını gözləyirdim. Bekarçılıqdan məhkəmə zalının yarıaçıq qapısından içəridə baş verənlərin zorən müşahidəçisinə çevrilmişdim. Orta yaşlı hakim (güman ki, təzə təyin olunanlardandı), prosesi yekunlaşdırıb, müşavirəyə getdiyini elan elədi və dəhlizə çıxdı. Dərhal da əllərini arxasında cütləyib fit çala-çala bir o başa, bir bu başa getdi, yolda arada imkan eləyib, başını yandakı başqa bir boş məhkəmə zalına saldı, bir 15-20 saniyə başı zalda, bədəni çöldə boş zalda güman ki, nələrisə müşahidə elədi, Allah bilir, bəlkə də elan edəcəyi qətnamənin detallarını götür-qoy elədi, sonra dönüb hərəkətini davam elətdirəndə katibi yaxınlaşdı, başqa bir iş üzrə tərəfin bir 10 dəqiqəyə gəlib çatacağını söylədi. Hakim mantiya geyinmiş məhlə uşağı kimi “15 dəqiqəyə gəlsə nə olar ki?!” deyib şit-şit güldü, sonra dəhlizdəki tamaşaçıların susqun baxışları altında addımlayıb zala daxil oldu, müşavirənin yekun nəticəsini elan elədi…

Şərq peripatetizmində fəlsəfəni gəzişə-gəzişə öyrədirdilər, yaxud da öyrənirdilər. Azərbaycan hüquq peripatetizmində müşavirəni dəhlizdə eləyirlər…

***

Rus ədəbiyyatında İsanın (Peyğəmbərin) dönüşü ən çox işlənmiş mövzulardandı. Hərçənd, hətta orda da bizdən fərqli olaraq belə şeylərə görə, heç kimə konstitusion quruluşu dəyişdirmək ittihamı irəli sürülmür. Platonovun “Can”ı bu mənada, güman ki, ən uğurlu əsərlərdən biridi. Əsərin qısa annotasiyası belədir ki, Moskva İqtisad İnstitutunun məzunu Nəzər Cağatayev (İsa) itmiş xalqını axtarıb tapmaq, real, xoşbəxt həyata qaytarmaq missiyasını həyata keçirir. Başdan-başa adamı sarsıdan, adamın içini didən təsvirlərlə zəngin olan əsərdə bir epizod var. Xivə bazarında bir türkmən qızı yaşmağını ağzına sıxır, bazar camaatının başı üzərindən kədərlə uzaqlara baxır. Cağatayev (İsa) bu mənzərəyə baxır və fikirləşir: Əgər bu türkmən qızı indi öz fikirləri, kədərilə qayğılı halda durursa, ondan əvvəl adamlar niyə yaşayıblar? Əgər öz qızlarına nəyləsə kömək edə bilməyiblərsə, əbəs yerə yaşayıb ölüblərsə… onun valideynləri, onun tayfası nə qədər bədbəxt idilər…

Mən bu kədərli duruş və baxış mənzərələrinə tez-tez rast gəlirəm. Küçədə-bacada, məhkəmə dəhlizlərində, polis və prokurorluq binalarının qarşılarında.

Bu sözsüz baxışlar, ümidsiz duruşlar adama ölkəsində ədalətin yoxluğunu, xeyirxahlığın azlığını pıçıldayır.

Mən həmişə o həqiqətə inanmışam ki, bir adamın kədərli duruşu, bir adamın ölmüş qəlbi bütöv bir şəhəri, bütöv bir ölkəni bədbəxt edəcək gücdədir.

Əmin olun…