Xalqın dəstəyinə demokratiyanı dərinləşdirməklə cavab verilməlidir
Yaxşı olar ki, imkanı ola-ola xalqa atəş açmamış əsgər və zabitlər soruşturmadan sonra azad edilsin
AXCP sədri Əli Kərimli facebook səhifəsində hərbi çevrilişə cəhddən sonra Türkiyədə ölüm cəzasının bərpasına edilən çağırışlara münasibət bildirib:
Türkiyədə edam cəzasını bərpa etmək çağırışları ciddi narahatlıq yaradır. Abdulla Öcalana, digər PKK-çılara etməyib, qiyam qaldırmış əsgər və zabitlərə edam cəzası tətbiq etmək absurd olar, Türkiyə toplumundakı kin və qəzəbi daha da artırar. Ümumiyyətlə toplumun, müxalifətin, medianın dəstəyi ilə dövlət çevrilişinə cəhdin qarşısını almış Türkiyə iqtidarı bundan sonra daha təvazökar, barışcıl davranmalıdır. Toplumun, o cümlədən müxalifət partiyalarının, medianın, hətta ordunun tam əksəriyyətinin dəstəyinə indi minnətdarlıqla, xoşgörü ilə, demokratiyanı dərinləşdirməklə cavab verilməlidir. Müxalifətlə polemikalarda əvvəlki sərt leksikona qayıdılmamalıdır. Mətbuata təzyiqlər dayandırılmalı, tənqidi fikirlərə daha dözümlü yanaşılmalı, toplumdakı sərt qarşıdurma ovqatını aradan qaldırmaq üçün təşəbbüslər edilməlidir.
Əlbəttə, bu hərbi qiyamı təşkil edənlər, onlara bu işdə kömək göstərənlər (yeri gəlmişkən, indi tam aydınlaşıb ki, Silahlı Qüvvələrin rəhbərliyi və ordunun böyük əksəriyyəti bu işdə iştirak etməyib) cəzalandırılmalıdır. Lakin bu uğursuz qiyam cəhdindən kütləvi həbslər, məhkəmədə, prokurorluqda, ədliyyədə olan müstəqil şəxslərə divan tutmaq üçün istifadə edilməməlidir. Türkiyə hüquq sistemi yaxın keçmişdə çox böyük yanlışlıqlara da imza atıb. “Ergenekon”, “Balyoz” kimi səsküylü cinayət işlərində çoxsaylı əsassız, nahaq həbslər həyata keçirildiyi ortadadır. Hətta ölkənin Baş Qərargah rəisi olmuş İlkər Başbuğ belə, bu qərəzli həbslərin qurbana çevrilib, 2 il müddətinə həbsdə saxlanılıb, yalnız 2 ildən sonra təqsirsizliyi etiraf edilib. Həbslər, istintaq, məhkəmə prosesləri maksimum şəffaf olmalı, qurunun oduna yaş da yanmamalıdır. Cəmiyyət əmin edilməlidir ki, hökumət bu uğursuz qiyam cəhdindən vintləri sıxmaq, hesab çəkmək üçün istifadə etməyəcək.
Və nəhayət, çox yaxşı olar ki, Türkiyə hökuməti imkanı ola-ola əlindəki silahdan xalqa atəş açmamış, xalqın dinc dirənişinə təslim olub silahını təhvil vermiş əsgər və zabitləri soruşturmadan sonra azad etsin. Hüquqşünas kimi təsdiq edirəm ki, həmin əsgər və zabitlər cinayətdən könüllü imtina etmiş şəxslər sayılmalıdırlar. Həmin minlərlə əsgər və zabit istəsəydi, çox qanlar tökərdi, Türkiyəni əməlli-başlı vətəndaş müharibəsinə cəlb edərdi. Yaxşı ki, belə olmadı. Görünür ki, yalnız az sayda hərbçi polisə, əhaliyə atəş açıb. Həmin şəxslər də cəzalandırılmalıdır. Komandirlərinin əmrilə küçələrə çıxarılmış və xalqla üz-üzə gəlincə təslim olmuş minlərlə əsgər və zabit isə dövlətin humanist yanaşmasına haqq edir.