Kütləvi istehlak mallarının qiymətləri hər an qaldırıla bilər

nemet-eliyev1Böyük bahalaşma gündəmi zəbt edib. Kütləvi istehlak mallarının qiymətləri hər an qaldırıla bilər. Çünki dövlət büdcəsinin gəlirləri kəskin şəkildə azalıb.

May ayında Əlavə Dəyər Vergisi(ƏDV) üzrə büdcəyə daxilolmalar yanvar ayının faktiki göstəricisi ilə müqayisədə 33,4% azalıb. Aprel ayı ilə müqayisədə bu göstərici mayda daha 5%-dən çox pisləşib. ƏDV-nin büdcə daxilolmalarında payı 22%-ə yaxındır.

Mənfəət vergisi üzrə büdcəyə daxilolmalar “yanvar daxilolmaları”na nəzərən 29%, “aprel daxilolmaları”na nəzərən 3 dəfə azalıb. Məlumat üçün xatırladaq ki, aprel ayında mənfəət vergisi üzrə büdcəyə daxilolmalar 2 dəfədən çox artmışdı. Görünür, sahibkarlar Vergilər Nazirliyinin bu yükünü çəkə bilməyib. Elə bu üzdən də may ayında bu vergi növü üzrə büdcəyə ödəmələr sürətlə azalıb və hətta yanvar səviyyəsindən də 29% aşağı düşüb. Bu vergi növünün büdcədə payı 11%-dən çoxdur.

Büdcə gəlirlərinin formalaşmasında 6%-dən çox payı olan gəlir vergisi üzrə büdcəyə daxilolmalar may ayında 1-ci aya nəzərən 48% düşüb.

“Digər daxilolmalar” kateqoriyası üzrə büdcəyə yığılan pul mayda yanvara nəzərən 83% azalıb. Bu göstərici aprelə nəzərən may ayında daha iki dəfə pisləşərək 91 milyon manata qədər enib. İlk üç ayda bu mənbələrdən büdcəyə hər ay orta hesabla 600 milyon manata qədər vəsait daxil olmuşdur. “Digər daxilolmalar” kateqoriyası büdcədə ən böyük paya malikdir. Dövlət Neft Fondundan büdcəyə transferlər də buraya aiddir və Fondun büdcədə payı 45%-dən çoxdur.

Aksiz, yol vergisi, mədən vergisi və xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə büdcəyə daxilolmalar yanvara nəzərən artsa da, dövlət büdcəsinin ümumi gəlirləri mayda 45%-dən çox azalıb.

İyun ayında vəziyyət daha da pisləşib.

 

Yazı iqtisadçı-ekspert Nemət Əliyevin facebook səhifəsindən götürülüb