“Xalq Cəbhəsi bu gün də zalımın qarşısında, məzlumun yanındayıq!”
Azərbaycan Xalq Cəbhəsinin 27-ci təsis günüdür. Xalq Cəbhəsi 1988-ci ildə Azərbaycanda başlanan meydan hərəkatının – milli azadlıq mübarizəsinin içərisindən çıxıb. AXC-nin təsis konfransı 1989-cu ilin 16 iyulunda baş tutub. AXC meydan hərəkatının sonrakı mərhələdə təşkilatlanıb idarə olunmasında müstəsna rol oynayıb. Məhz AXC-nin təşkilatçılığı ilə meydan hərəkatı 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqda konstitusiya aktının qəbulu, müstəqilliyimizin bərpası ilə nəticələnib. AXC 1992-1993-cü illərdə mərhum lideri Əbülfəz Elçibəyin Azərbaycanda ilk və hələlik sonuncu demokratik seçki ilə seçildiyi prezidentliyi altında ölkədə bir sıra tarixi islahatlara və uğurlara imza atıb. 1993-cü ildə hakimiyyətdən devrildikdən sonra da AXC öz strukturlarını qoruyub saxlaya bilib, çətin bir mərhələləri aşıraraq, 1995-ci ildə yeni konstitusiya tələblərinə uyğun ictimai-siyasi hərəkat statusundan siyasi partiya statusuna keçmək haqda qərar verib. 1995-ci ildən bəri AXC-nin hüquqi-siyasi varisi kimi AXCP-dir. AXCP sədri Əli Kərimli bu əlamətdar gün münasibətilə feysbuk səhifəsində partiyadaşlarına və xalqa müraciət edib:
“Bu gün AXC-nin günüdür. 27 il bundan öncə AXC azadlıq, ədalət harayı kimi xalqın bağrından çıxdı. AXC Milli Azadlıq Hərəkatının, Qarabağ uğrunda mübarizənin təşkilatı kimi meydana gəldi. AXC ilk sədri Əbülfəz Elçibəyin liderliyilə dövlət müstəqilliyinin bərpasına nail oldu. Qarabağ üçün savaşdı, 33 könüllü batalyon yaratdı, sıralarından minlərlə şəhid verdi, Rusiya qoşunlarını ölkəmizdən çıxardı, demokratik islahatlara başladı.
Ölkəmizdə sülalə hakimiyyəti bərqərar olandan sonra isə demokratiya, insan hüquqları, hüquqi dövlət, azadlıq və ədalət mübarizəsinin ön cəbhəsində oldu, sıralarından yüzlərlə siyasi məhbus verdi. Ancaq prinsiplərindən bir addım da geri qoymadı. Mübarizəni mərdliklə, şərəflə apardı. Üzvləri olmazın məhrumiyyətini yaşadı, ancaq təşkilat olaraq heç vaxt yolundan sapmadı, xalqa təmənnasız xidmətin nümunələrini yaratdı, Xalqın Cəbhəsi olaraq qaldı.
Bu gün də cəmiyyətdə dürüst, sözünü qorxmadan deyən adamlara, rəsmən AXCP üzvü olub-olmadığına baxmadan cəbhəçi deyirlər. Cəbhəçilər millətə xidməti ən böyük şərəf bilirlər və bu yolda hər cür çətinliyə sinə gərməyə hazırdırlar. Bu gün də AXCP-nin sıralarında 10 minlərlə insan – veteran cəbhəçilər, mübariz xanımlarımız, cəsarətli gənclərimiz çiyin-çiyinə haqq mübarizəsi aparırlar. AXCP bu gün də zalımın qarşısında, məzlumun yanındadır!
AXC-nin təsis günündə ilk sədrimiz Əbülfəz Elçibəyi və rəhmətə getmiş bütün hərəkatçıları hörmətlə anıram. AXC-nin qurucularını, Xalq Hərəkatının hər bir iştirakçısını hörmətlə xatırlayıram. Cəbhəçi dostlarıma demək istəyirəm ki, Əbülfəz Elçibəydən sonra belə bir təşkilata sədr olmağı özüm üçün böyük şərəf hesab edirəm. Əminəm ki, apardığımız mübarizə nəticəsini verəcək və liderimiz, rəhmətlik Əbülfəz Elçibəyin dediyi kimi, Azərbaycana müstəqilliyi gətirәn bizlәr demokratiyanı da gətirəcəyik. AXC heç vaxt sırf partiya maraqlarından çıxış etmədi, hər zaman millətimizin mәnafeyini üstün tutdu. Ona görə də AXC-nin quruluşunun 27 illiyi ilə əlaqədar bütün həmvətənlərimi təbrik edirəm! Hamınıza azadlıq və ədalətin təntənəsini yaşamağı arzulayıram!”