Quyuya düşən keçi nümunəsi

saadet-cahangir-koseSəadət Cahangir

Biz tənbəl və ərincək millətik. Bunu illərin müşahidələrindən və çoxluğun azlığa nisbətindən deyirəm. Kimsə dana bilməz ki, bizdə haqqının davasını inadla aparan insanlar olduqca azdır. Çoxluq susqun, gözüqıpıq və itaətkardır. Payı əlindən alınanda, ayağı tapdananda, başına qapaz salınanda belə gözünü döyüb durur eləcə. Ay gözəl millətim, deməkdən çənəmiz çıxdı axı. Niyə haqqını yedirirsən bu haramxorlara, niyə övladının tikəsini ağzından çıxaran qapqaçların əlinin üstündən vurmursan, niyə cibinə girən oğruların qolunu qırıb yanına salmırsan ki, yaxşı bir dərs olsun. Övladının gələcəyi olan milyardları oğurlayırlar, susursan. Qiymətləri qaldırırlar, susursan. Maaşını aylarla gecikdirirlər, susursan. Necə izin verirsən qürurunun bu qədər alçaldılmasına və sındırılmasına? Hələ bu susqunluq qarşılığında hansı faciələrə yol verdiyinin fərqində də deyilsən heç. Onlar da sənin bu kirimiş və müti halını görüb dayanmadan irəli gedir. Ölkənin yoxsulluq durumu aclıq həddindən aşağı doğru enməkdə, sən eləcə ağzına su alıb durmaqda. Suyun qiymətindən sonra indi də işıq pulu bahalaşdı. Bu “1 qəpik” deyilən məsələyə də zarafat kimi baxmayın. Faiz nisbəti ilə götürəndə bu, 16,6%, 2006-cı illə müqayisədə 3,5 dəfə bahalaşma deməkdir. Hələ qarşıdan çox belə bahalaşmalar gələcək, biləsiniz. Üçüncü devalvasiya büdcəmizə çoxdan əl qoyub, xəbəriniz yox…

Bu ibrətamiz hekayəni bir dəfə yazmışdım. Amma görürəm ki, bizdə təkrarlamağa hələ çox ehtiyac var. Bir gün bir kəndlinin keçisi quyuya düşür. Yazıq heyvan orda var səsiylə bağırıb durur. Keçinin səsini eşidən sahibi çarəsiz qalıb qonşuları köməyə çağırır. Qonşular dərin quyudakı keçini qurtarmaq üçün xeyli götür-qoy edirlər. Sonda heyvanı qurtarmağın imkansız olduğuna qərar verib, quyunu torpaqla doldurmağa başlayırlar. Hər kəs bir kürək alıb quyunun içinə torpaq atmağa başlayır. Zavallı heyvan da hər dəfə atılan torpağı təmizləmək üçün silkələnər, ayağının altındakı torpaq qalağı qalxdıqca, o da yuxarı çıxar. Kəndlilər son torpaq qalaqlarını atanda, keçinin başının yuxarı qalxdığını görüb heyrət içində qalırlar. Keçi isə quyunun lap ağzına çatanda kənara tullanaraq qaçıb xilas olur.

Indi nə deyirsiniz, yəni biz bu fəhmli keçi qədər də olmadıq ki, səy göstərib düşdüyümüz kor quyudan xilas olaq? Axı nə mane olur bizi uçuruma doğru aparan yolda dayanaq, ağlımızı işə salıb istiqaməti dəyişək? Yoxsa biz də ara söhbətlərində gəzən “bu xalqın dilini-ağzını bağlayıblar” fanatizminə inanıb, əlimizi üzək, oturaq yerimizdə? Otura bilirik, elə bilirsiniz? Çoxluğa qarışıb, bu qədər yükü, dərdi, ağrı-acını üstümüzdən ata bilirik ki? Dilimizi kəsib kirimişcə öz işimizlə məşğul olmağa gücümüz çatır ki? Alınmır axı. On illərdir nə biz tipimizi dəyişə bilirik, nə siz. Nə siz danışmağı öyrənirsiniz, nə biz susmağı. Nə siz qalxmağı öyrənirsiniz, nə biz oturmağı. Nə siz irəli gəlməyə güc tapırsınız, nə biz geri çəkilməyə. Biz sizin bu həyatla necə barışdığınızı, necə qane olduğunuzu, ədalətsiz qaydalara necə boyun əydiyinizi anlaya bilmirik. Biz bu qədər haqsızlığı, özbaşınalığı, zülmü, mütiliyi, yazıqlığı özümüzə sığışdırmağı bacarmırıq. Elə o barışmazlıq və inadkarlıqdır bizi rahat yaşamağa qoymayan şey. Siz də hələ boyun əydiyiniz o sürünməyin adına “yaşamaq” deyirsiniz. Bir başınızı qaldırın, gözünüzü silib yan-yörənizə yaxşı-yaxşı baxın, bəlkə, yaşamağın nə olduğunu da görə bildiniz…