Bataqlıq quşları şanslıdır, yoxsa biz?

Azərbaycana bahar gəlir. Adətən hər il bu vaxtlar həyətdəki həmişəyaşıl ağacların budaqları arasında gizlənmiş quşlar ara-sıra səslənərək baharın müjdəsini verərdi. Indi o da yoxdur. Şübhəsiz, bu il qış daha sərt keçib. Havalar hələ də yaman üzünü göstərir. Amma əsas səbəb bu deyilmiş. Sən demə, “köçəri quşlar Azərbaycandan küsüb”. Dünən “Modern.az” saytından belə başlıqlı bir yazı oxudum. Çox maraqlı faktlar öyrəndim. Məlum oldu ki, buralarda vaxtaşırı yuvası başına yıxılan, isti ocağından didərgin düşən təkcə ölkəmizin vətəndaşları deyilmiş. Məmləkətimizə uzaq yerlərdən 2-3 aylıq pənah gətirən quşlar da yanlış seçimlərinin qurbanı olurmuşlar.
Bu məsələ haqqında açıqlama verən mütəxəssis Elçin Sultanov deyir ki, indi “Sədərək” ticarət mərkəzinin yerləşdiyi ərazi binadan buraları qışlama yeri seçən quşların “istirahət” zonasıymış. Sonra həmin sahəni qurudub alış-veriş mərkəzi açıblar. Indi, demək olar, quşlar həmin ərazinin yerdə qalan kiçik bir hissəsinə sıxışdırılıblar. Amma ora da qurudularsa, quşların buralardan həmişəlik küsüb gedəcəyini söyləmək olar. Mütəxəssis müsahibəsində daha maraqlı bir fakt açıqlayıb: Azərbaycan su bataqlıq quşlarının sayına görə dünyada üçüncü yeri tuturmuş. Bu o deməkdir ki, ölkəmizin bataqlıq sarıdan heç bir əyər-əskiyi yoxdur.  
Oxuduqlarımdan iki nəticəyə gəldim. Birincisi, bataqlıq mühiti sevən quşlar üçün ölkəmizdə yaxşı şərait olduğuna görə onlar buralarda məmnuniyyətlə qalmaq istəyirlər. Amma ikinci səbəb, Azərbaycanda ekoloji mühitin korlanması və təbiətə olan basqılar üzündən onlar küsüb uzaqlara üz tuturlar.
Quşların təbiətin ən həssas varlıqları arasında yer aldığını yaxşı bilirəm. Amma Azərbaycanda ekoloji mühit çirkliliyi bizim quşlardan daha təhlükəli durumda olduğumuzdan xəbər vermirmi? Məgər mənəvi mühitin zəhərliliyindən bezib ölkəni tərk edən insanların sayı köçəri quşların sayından azdır? Bir zamanlar xaricə yalnız oxumaq arzusuyla gedən dost-tanışların uşaqları belə doğma vətənə dönmək istəmir. Nəinki istəmir, hətta burada gündən-günə ağırlaşan, havasızlaşan, çirkinləşən atmosferdən uzaq qalmağı bir şans, bir fürsət bilir. Onları qınamağa haqqımız və ya gücümüz çatırmı?..
Yaşam üçün təbiətdə ekoloji və mənəvi dəyərlər ayrılmaz bir harmoniya təşkil edir. Təbii mühitdə “biorəngarənglik” deyilən amilin pozulması, yəni qurdun, quşun, böcəyin, çiçəyin öz rolunu itirməsi ekoloji fəlakətlər törədirsə, əxlaqi dəyərlərin itirilməsi böyük mənəvi yaralara yol açır. Azərbaycan, təəssüflər ki, bu pozuntuların gündən-günə ayaq alıb yürüdüyü bir ölkəyə çevrilir. Buradakı durum qədim nağıllarımızda təsvir olunan atın qabağına ət, itin qabağına ot qoyulan mənzərəni xatırladır. Indi burada bəhs edilən bataqlıq quşlarının rahatlığını əlindən alan səbəblər insanlara daha böyük zərər vurur. Müqayisədə bu varlıqların mövsümlə bağlı köç etdiyi ölkədə yaşadığı iqlim və uyğun məskən qayğıları insanların yaşadığı problemlərin yanında çox kiçik qalır. Heç olmasa, o quşlar ölkədən-ölkəyə heç bir pasport, viza, sığınacaq əngəlləri olmadan sərbəst uçub gedə bilirlər. Əslində, o yazıq quşlar haradan bilsin ki, onların böyük arzusu kimsənin dəyib-toxunmadığı adi bir bataqlıq,  bizimki isə yaşam xəyallarımızı dağıdan, qıran, alt-üst edən bir bataqlığı qurutmaq və tezliklə oradan xilas olmaq istəyidir…