Irtica zindana!
Əzilən, çeynənən bir ölkənin vicdanlı, duyarlı, mübariz gəncləri var olduqca o ölkənin aydınlıq ümidləri bitməz.
O ölkədə qaranlıqların bağrının yarılacağına…
O ölkədə Azadlıq Günəşinin parlayacağına…
O ölkənin dünyanın çağdaş, modern, mədəni ölkələri ilə bir sırada dayanacağına…
O ölkədə hüququn, ədalətin, özgürlüyün, demokratiyanın bərqərar olacağına ümidlər heç vaxt bitməz.
Kimsə alınmasın, kimsə darılmasın, kimsənin haqqını yemək fikrim də yoxdur, amma zülm altında, istibdad altında olan bir ölkədə gəncliyin mübarizənin önündə addımlamasının həyəcanı, qüruru, sevinci bambaşqadır. Bəlkə də bunun ən sadə səbəbi – bir belə basqılara, təhdidlərə, təzyiqlərə, ölümlərə, itimlərə rəğmən, arxadan daha savaşçı, daha savadlı bir nəslin gəldiyini görməyin insanda yaratdığı rahatlıqdır, qürur hissidir.
Illərdir bu ölkədə son nəfərinədək susdurulmuş və sındırılmış bir toplum yaratmaq üçün çıxmadıqları hoqqa qalmadı. Hər kəsi onlar kimi düşünməyə məcbur etmək istədilər. Hər kəsdən onları sevmək tələb olundu.
Həbslərlə, hədələrlə, hədyanlarla, işgəncə ilə qırmaq istədilər toplumun müqavimətini. Məqsədləri bu ölkədə bir nəfər də etirazçı insanın qalmaması idi.
Hamı taleyi ilə barışmalı, bu çirkin gedişatın önündən çəkilməli idi. Hamı razılaşmalı idi. Hamı bunların ağzından çıxan hər kəlməyə “hə” deməli, hamı içindəki köləlik duyğusuna yenik düşməli, hamı təslim olmalı idi.
Amma olmadı. Bizdən əvvəl başlanan bu çətin, amma müqəddəs yola yeni-yeni yolçular qoşuldu. O yolu daha əzmlə, daha inadla yüyürən yeni insanlar çıxdı meydana. Hardan çıxdıqlarına bəlkə Ilham Əliyev də heyrətlənib. Bəlkə o da oturub düşünür indi, soruşur yan-yörəsindəkilərdən: “Axı bizim hesabla bu qırılmışların kökü indiyədək çoxdan kəsilməli deyildimi, bir ucdan hardan qaynayır bunlar bulaq kimi?”
Düşünəcək, soruşacaq, heyrətlənəcək, əlbəttə.
Zarafat deyil. Əvvəl atası, sonra özü nə qədər əziyyət çəkdi Azərbaycanı tamamən bir adamın iradəsinə tabe etmək üçün. Məgər bunca həbslər, ölümlər, hədələr, şillə-təpiklər, dubinkalar, gözyaşardıcı qazlar, sümükqıran itlər, suvuran maşınlar, elektroşoklar, butılkalar havayı imişmi indiyədək? Indiyədək etdiyi zülmə, çəkdirdiyi məşəqqətlərə görə bu qədər tənqidləri, ittihamları havayı yerəmi eşidirmiş?
Hələ sağa-sola payladığı deputat mandatları, orden-medallar, prezident təqaüdləri, evlər, maşınlar – yəni bütün bunlar havayı məsrəfmişmi?
Bir halda ki, hər sındırdığı qələmin yerinə daha kəskin, daha iti qələm çıxacaqdı ortaya…
Hər susdurdurduğu ağızın yerinə yeni-yeni ağızlar danışmağa başlayacaqdı…
Hər qandalladığı qolun yerinə yeni-yeni qollar qalxacaqdı havaya, dəyərdimi bu qədər əziyyətə, bu qədər maya buraxmağa, el-aləmlə bu qədər üz-göz olmağa?
Ilham Əliyevin bunları düşünməsi, özündən, ətrafından bunları soruşması təbiidir. Asan məsələ deyil xalqın üzərindəki qalibiyyət təntənəsinin əslində bir mifdən, bir fiksiyadan başqa bir şey olmadığını görmək.
Ona bu xəyal qırıqlığını, ona bu üzüntünü, əndişəni yaşadan isə Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyinin Müsavat, Cəbhə, Vətəndaş Həmrəyliyi, “Nida”, “Azad Gənclik”, “Müsbət dəyişiklik” çətiri altına toplaşan ləyaqətli, fədakar, vicdanlı, yalnız yaşı ilə deyil, başı ilə də, təfəkkürü, beyni, ruhu, ürəyi ilə də gənc olan kəsimidir.
Onlar bu gün meydana çıxırlar.
Bu gün meydan onlarındır – saat 15-dən 17-dək Səbail rayonundakı 20-ci yaşayış massivində, Elçin Əzizov küçəsindəki sürücülük məktəbinin həyətindəki stadionda vicdan məhbuslarına azadlıq hayqıracaqlar.
Rüşvətsiz təhsil istəyəcəklər.
Ölkənin ərazi bütövlüyünü tələb edəcəklər.
Azərbaycanın bu çirkin gedişatına “dur” deyəcəklər.
Hakimiyyətin mitinq üçün sürücülük məktəbinin həyətini göstərməsində də bir hikmət var, yəqin. Yəqin, hakimiyyətdəkilər də artıq bu ölkənin sükanı arxasına gec-tez o gənclərin keçəcəyi həqiqətilə barışıblar, sadəcə, hələlik özlərini o yerə qoymurlar.
Tək arzum bu gün Azərbaycan üçün narahat olan…
Ağlı və ürəyi Azərbaycanın bir ovuc adamın bitib-tükənməyən sərvət, hakimiyyət ehtiraslarına qurban verilməsilə barışmayan…
Yalnız yaşca deyil, başca da, ruhca da özünü gənc sayan, bu ölkənin gələcəyilə bağlı məsuliyyətini anlayan hər bir vicdanlı insanı o meydanda görməkdir.