aliyev-mammadyarov

Məmmədyarovdan Əliyevə küt zərbə

Nazir «danışıqlar prosesi iflasa uğrayıb» deməklə İlham Əliyevin bleflərini ifşa etdi

Elmar Məmmədyarovun alman qəzetinə müsahibəsi Ilham Əliyevə ağır zərbə olub. Guya suallardan yayınmaq istəyən xarici işlər naziri ayağını hakimiyyətin gizlətmək istədiyi minaların üstünə qoyub. Ona görə də partlayıb, çünki göyə sovrulan Azərbaycan hakimiyyətinin çoxüzlü və bir nəticə verməyən siyasətidir.
Siyasi məhbusların olub-olmaması barədə polemikaya qoşulmaq istəmirəm. Bütün dünya bilir ki, Azərbaycanda vicdan məhbusları var və onların azadlığa çıxması üçün Ilham Əliyevə təzyiqlər edirlər. Amma Elmar Məmmədyarov deyir ki, bizdə siyasi məhbus yoxdur, fəqət, bu məsələ siyasətimizin prioritetidir. Adama deməzlərmi ki, əgər bir problem yoxdursa, onun həlli niyə prioritetdir? Beləcə, Azərbaycan hakimiyyətinin əli ilə başı arasındakı rabitəsizlik özlərini pis vəziyyətə qoymaqda davam edir. Biz isə başqa bir məsələyə şərh verəcəyik.

Davam edən iflas

Alman jurnalistinin: “Ermənistan yarışmada iştirakdan imtina etdi. Siz Qarabağ konfliktinin yüksələn xətlə inkişafından ehtiyat edirsinizmi” sualına Elmar Məmmədyarov belə cavab verib: “Iştirakdan imtina siyasətlə əlaqələndirilməməlidir. Iyirmi ildir ki, BMT qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına çağırır. Buna baxmayaraq, aparılan bütün danışıqlar iflasa uğrayıb. Amma biz sülh danışıqlarını davam etdirməyə hazırıq. Status-kvo qəbuledilməzdir. Ümid edirəm ki, Ermənistan rəhbərliyi özündə müdriklik tapıb, münaqişənin siyasi həllinə imkan yaradacaq”.
Bu sual-cavabdan sonra Ilham Əliyevin diplomatik yolla işğal edilmiş torpaqları geri almaq barədə danışması sadəcə milləti ələ salmaqdır. Diplomatik işin başında duran nazir rəsmən bildirir ki, danışıqlar prosesi iflasa uğrayıb. Deməli, başqa bir yol axtarılmalı, tapılmalıdır. Bu yoldan imtina edilməlidir. Iflas etmiş danışıqlar prosesini davam etdirmək isə sadəcə status-kvonu qorumaq cəhdidir və hazırkı vəziyyət odur ki, torpaqlarımız erməni işğalındadır, hakimiyyət isə sadəcə “Qarabağ kartı” ilə dünyanı cana doyurmayıb, həm də “erməniyə işləmək” ittihamı ilə bütün azad cəmiyyəti bir xof altında saxlamaq siyasəti aparır. Bir sözlə, “erməni məsələsi” açıq şəkildə Azərbaycan hakimiyyətinin işinə yaradığı üçün böyük bir “vətənpərvərlik” eşqi ilə bu status-kvonun davam etməsi üçün iş aparılır. Elmar Məmmədyarov isə guya nəticənin olmamasında Ermənistanı suçlamaq istərkən bir daha səriştəsiz danışıqlar apardıqlarını və siyasətlərinin arxasında heç bir irədənin dayanmadığını ortaya qoyub:  “Ümid edirəm ki, Ermənistan rəhbərliyi özündə müdriklik tapıb, münaqişənin siyasi həllinə imkan yaradacaq” nə deməkdir? O demək deyilmi ki, Azərbaycan tərəfi özünün bir təsiredici gücünün olmadığını etiraf edir. Iflasa uğramış danışıqlardan nəticəni yalnız Ermənistana bağlamaq əlacsızlıqdan xəbər vermirmi? Ermənilər dünya durduqca naz etsələr nə olacaq? Bəs müdrik xarici siyasət var idi? Bəs bütün dünyada sizi tanıyırdılar? Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq adı altında milyonları xərcləyirdiz? Azərbaycanın bir həqiqəti var, o da bu rejimin bizi dünyada biabır etməsidir.

Seymur Həzi