«Fövqəlnazir» kənd təsərrüfatı nazirinə salam vermədi
Milli Məclisin dünənki iclasında iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov kənd təsərrüfatı naziri Ismət Abbasovu nümayişkəranə şəkildə aşağılayıb. “Fövqəlnazir” Ismət Abbasovla yanaşı əyləşən təhsil naziri Misir Mərdanova salam versə də, kənd təsərrüfatı nazirinə əl uzatmayıb. Bu mənzərə jurnalistlərin də diqqətini cəlb edib.
Kəmaləddin Heydərovun Ismət Abbasovla münasibətləri uzun müddətdir ki, gərgindir. Bu gərginliyin kökündə “fövqəlnazir”“in” Kənd Təssərüfatı Nazirliyini nəzarətə götürmək istəyi dayanır. Məlumat üçün deyək ki, Kəmaləddin Heydərov bu posta özünün yaxın çevrəsinə daxil olan YAP-çı deputat Eldar Ibrahimovu təyin etdirmək istəyir. Eldar Ibrahimovun vaxtaşırı aqrar sektorla bağlı tənqidi fikirləri də bununla izah olunur.
Bundan xəbərdar olan Ismət Abbasov fürsət düşdükcə Kəmaləddin Heydərovun maraqlarına zərbə vurmağa cəhd göstərir. Un idxalı ilə bağlı KTN rəsmilərinin, o cümlədən Ismət Abbasovun özünün verdiyi açıqlamaların kökündə məhz bu amil dayanır. Ismət Abbasov dəfələrlə bildirib ki, ölkəyə un idxalı monopoliyadadır və unun baha qiymətə olmasının səbəbi də budur. Idxal mafiyasının başında isə Heydərovun dayandığı sirr deyil.
Xatırladaq ki, iki nazir arasındakı ziddiyyət, hətta məşhur “Wikileaks”” saytının açıqladığı diplomatik yazışmalarda da əksini tapmışdı.
Heydərovun dünənki hərəkəti onun Abbasovla münasibətlərinin təsəvvür edildiyindən də pis olduğunun göstəricisi sayıla bilər.
Informasiya şöbəsi