Kerrinin səfərində Qarabağ müzakirələrdən niyə çıxarıldı?

gultekin-hacibeyli-yeniGültəkin Hacıbəyli: «Hazırda Qarabağla bağlı Qərb və Rusiya dialoqunda əsas səy münaqişənin yenidən alovlanmamasına yönəlib»

Bir müddət əvvəl Lavrov və Kerinin görüşlərində Qarabağ münaqişəsini də müzakirə edəcəyi bildirilsə də, bu baş vermədi. Qarabağ məsələsi Rusiya prezidenti Vladimir Putin ilə ABŞ Dövlət katibi Con Kerri arasında keçiriləcək görüşdə də müzakirə edilmədi. Putin ilə Kerri arasında görüş iyulun 14-də baş tutub.  Qarabağ danışıqları ilə bağlı son zamanlar aktivləşmənin fonunda müzakirələr bir qədər artmışdı. Amma Kerrinin müzakirələrindən Qarabağ məsələsinin çıxarılması bir sıra suallar doğurur.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, hazırda Qarabağ münaqişəsinin həlli üçün əlverişli beynəlxalq mühit yoxdur. G.Hacıbəylinin sözlərinə görə nə qədər ki, bu mühit yaranmayıb münaqişənin həlli perspektivləri görünmür: “Apreldə baş verən əməliyyatlardan sonra Minsk Qrupu həmsədrlərinin açıq və fəal şəkildə tərəfləri hərbi əməliyyatlardan çəkinməyə dəvət etməsi, daha sonra Vyana görüşündə Azərbaycanın az qala iç rayonlarına kameraların quraşdırılmasıyla bağlı məsələlərin müzakirəyə çıxarılması, onu deməyə əsas verir ki, beynəlxalq birlik münaqişənin alovlanması məsələsinə çox həssasdır və bunun qarşısını almaq ortaya ciddi səylər qoyur. Bu baxımdan hazırda bütün dünyanın səyi münaqişənin yenidən hərbi müstəviyə keçməməsinin qarşısını almağa yönəlib. Amma bu gün münaqişənin həlli perspektivləri görünmür. Ən azı ona görə ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”.

Varşavada keçirilən NATO sammitində hətta Ermənistanın özü belə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən G.Hacıbəyli vurğuladı ki, Ukrayna, Gürcüstan, Moldovanın ərazi bütövlüyünə dəstək ifadə edən sammit aydındır ki, Qarabağla bağlı fərdi yanaşma sərgiləyə bilməz. G.Hacıbəyli vurğuladı ki, bu baxımdan münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Amma münaqişənin bu formada həllinə rusiya ciddi şəkildə mane olur. Çünki konflikt həll olunarsa, Rusiya Cənubi Qafqazda manevr imkanlarını və Ermənistanı itirəcək: “Bu gün Ermənistan Rusiyanın ən yaxın siyasi, hərbi müəttəfiqidir. Ermənistan ərazisində Rusiya hərbi bazaları yerləşir. Ermənistanın təhlükəsizliyinə görə Rusiya hərbi-siyasi məsuliyyət daşıyır. Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həlli nəticə etibarı ilə Rusiyanın Ermənistanı itirməsinə səbəb ola bilər. Bu baxımdan Stratfortun açıqladığı hesabatda da vurğulanır ki, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Münaqişənin həlli Cənubi Qafqazın iki ölkəsinin Rusiyadan aslılığının azalmasına gətirib çıxara bilər”.

G.Hacıbəyli vurğuladı ki, bütün reallıqları nəzərə alsaq, demək olar ki, hazırda Qarabağla bağlı Qərb və Rusiya dialoqu mövcud vəziyyətin saxlanmasına, münaqişənin yenidən alovlanaraq hərbi fazaya keçməsinin qarşısını almağa yönəlib. “Bunun xaricində Qarabağ münaqişəsinin həlliylə bağlı hər hansı yenilik gözlənilmir. Bu bir daha sübut edir ki, bu problem hələ də dünya güclərinin prioritetinə çevrilməyib. Bu baxımdan Kerrinin Moskva səfəri zamanı Qarabağ münaqişəsinin prioritet müzakirə mövzusu olmaması başa düşüləndir”, deyə G.Hacıbəyli vurğulayıb.

Xəyal