pul-korrupsiya

İlhamənin mirasının izinə düşənlər…

pul-korrupsiyaDövlətin mirasının bölüşdürülməsindən niyə yazmırsız?

Günlərdi ölkə mətbuatı mərhum müğənni Ilhamə Quliyevanın mirasından yazır. “Ilhamə Quliyevanın mirası kimə qalacaq”, “Ilhamə Quliyevanın mirası qalmaqal yaratdı”, “Ilhamə Quliyevanın miras davası başladı”, “Ilhamə Quliyeva mirasını kimə vəsiyyət edib” başlıqlı xəbərlər göz deşir. Sanki Ilhamə Quliyevanın mirasının necə bölüşdürülməsi dövlət əhəmiyyətli hadisədir. Sanki bu mirasın kimə çatacağı cəmiyyət üçün taleyüklü məsələdir.

Bəli, ölkə problemlər içində boğulur, insanlar yaşamaq uğrunda mübarizə aparır, sabahın proqnozları daha dəhşətlidir və belə bir vaxtda “Ilhamənin mirası” bir nömrəli məsələ kimi gündəmə girir.

Maraqlıdır, Ilhamənin mirasını araşdıranlar, bu mirasın kimə çatacağını səbrsizliklə gözləyənlər, dövlətin mirasına niyə biganə qalıblar?

Milyonlarla vətəndaşın haqqının oğurlandığı, məmurların dövlət mirasını ata malı kimi bölüşdürdüyü ölkədə Ilhamənin qızıllarının kimə qismət olacağı önəmli deyil.

Son 10 ildə ölkədən 95 milyard dollar vəsait çıxarılıb və “mətbuat orqanları”nın səhifələrində bu barədə bir sətir də yazılmır. Amma Ilhamənin 30-40 minlik qızılının taleyi barəsində palaz-palaz yazılar dərc olunur.

On dəfə Ilhamənin mirası haqqında yazanda, bir dəfə də dövlətin mirasından yazmaq olmazmı? Qanunla Ilhamənin mirasının kimə çatmalı olduğunu araşdırırsız, indi də qanunla neft pullarının kimə çatmalı olduğunu araşdırın…

Qanunla dəniz kənarlarına hasar çəkilməlidirmi, qanunla iri məmurlar torpaq sahələrini zəbt etməlidirmi, qanunla nazir bizneslə məşğul ola bilərmi, qanunla bütün sahələr məmurların inhisarına verilə bilərmi, qanunla mandat satıla bilərmi, qanunla sosial yardımın yarısı rüşvət şəklində alına bilərmi, qanunla mülkiyyət hüququna təcavüz edilə biərmi? Niyə bu suallara da aydınlıq gətirmirsiz? Yəni bütün bunlar Ilhamənin mirasından önəmsizdir?

Daşkəsəndəki qızıl yataqlarının taleyinə biganə qalıb, Ilhamənin qızılının arxasınca düşümək absurd deyilmi?

23 ildir dövlətin sərvətlərini bir qrup adam bölüşdürürsə, Ilhamənin qızılının necə bölüşdürülməsinin nə əhəmiyyəti var?

Hər il sosial problemlər səbəbindən minlərlə ailə dağılır,  2.5 milyon vətəndaş kredit borcu ödəyir, hər gün 2-3 nəfərin intihar xəbəri yayılır. Bəli, hökumət gələcək nəsillərə dərd mirası, borc mirası qoyur, “kəşfiyyatçı mətbuat” isə Ilhamənin mirasının izinə düşüb.

Ilhamə Quliyeva heç olmasa pul, qızıl, ev miras qoya bilib. Bu hökumət isə vətəndaşın evini, pulunu, qızılını da əlindən alıb. Son bir ildə “uğurlu siyasət” iki devalvasiya “miras”ı qoyub ki, bu da vətəndaşı daha ağır vəziyyətə salıb, hökumət hər doğulan uşağa 750 dollar borc mirası qoyub. Ərazimizin 20 faizini düşmənə miras qoymuşuq. Yalan, yaltaqlıq, rüşvət, saxtakarlıq dəyərə çevrilərək, miras halına gəlib.

Məhkəmələrin oyuncaq quruma çevrilməsindən yazmaq əvəzinə, Ilhamənin miras məhkəməsindən yazırlar.

Ölkə yüz il geriyə atılıb, bunlar yüzüncü dərəcəli məsələlərin üzərində “həyəcan” yaratmaqla məşğuldular. 9 milyonun mirası yoxa çıxıb, bir nəfərin mirasını axtarırlar.

Cənablar, əvvəlcə rəhmətə getmiş milyardlarımızın, məhv edilmiş gələcəyimizin taleyi ilə maraqlanın, sonra rəhmətliyin mirasına vaxt ayırarsız.

İlham