Əsədin ölüm fətvası verildi

Yaxın Şərqin şeyxi: “İmkanı olub, Əsədi öldürməyən günahkardır”

Körfəz ölkələri səfirlərini Dəməşqdən çıxardı; Türkiyə vətəndaşalarını Suriyanı tərk etməyə çağırdı

Suriyada gərginlik davam edir. Müxalifət təmsilçilərinin verdiyi məlumata görə, İdlib şəhərində gedən sonuncu döyüşlərdə 23 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb. Fəallar 10 minlərlə insan həbs edilərək işgəncələrə məruz qaldığını bildirib. Yaranmış gərginlikdən qaçan suriyalılar isə qonşu Türkiyəyə, İordaniya və Livana üz tutur. Həma və Homsda çəkilmiş həvəskar kadrlarda da isə şəhərlərin ağır artilleriya atəşinə tutulduğu görünür. Hökumət qüvvələri dinc əhalinin evlərinə girərək soyğunçuluq edirlər.

Bəşər Əsədin əmrindəki əsgərlərlə üsyançı hərbçilər arasında qarşıdurmaların paytaxt Dəməşqə çatdığı haqda məlumatlar yayılıb. Ordudan qaçaraq “Azad Suriya Ordusu”na qatılan bəzi əsgərlərlə rejimə bağlı silahlı qüvvələr arasında Dəməşqin Qatana, Dumayir və Tal bölgələrində qarşıdurmalar baş verdiyi deyilir. Bu arada yayılan digər xəbərə görə, Suriya diktatoru ötən həftə görüşdüyü Kofi Annana müxaliflərlə yalnız Moskvada danışıqlara başlamağı qəbul etdiyini bildirib.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif əl Zəyani bildirib ki, Suriya rejimi öz xalqını öldürməyi davam etdirməklə yaranmış böhranın həllinə dair bütün cəhdləri rədd edir. Baş katib beynəlxalq cəmiyyətin Suriyada baş verənlərlə bağlı təcili və konkret mövqe ortaya qoymasını istəyib. Bununla yanaşı Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr Dəməşqdəki səfirliklərini bağlamaq qərarı veriblər.

Misirin tanınmış din xadimi Saffet Həcazi Bəşər Əsədin ölümünə fətva verib. Dini xadim diktatorun öldürməsinin hər bi müsəlmanın borcu olduğunu söyləyib:“İmkanı olub Əsədi öldürməyən günahkardır. Əgər tanınan biri olmasaydım özüm gedib onu öldürərdim”. Türkiyənin isə öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb. Türkiyə Suriyada baş verən hadisələrin təhlükəsizliklə bağlı ciddi narahatlığa səbəb olduğunu bəyan edib. Xarici İşlər Nazirliyinin bəyənatında bildirilir ki, martın 22-də paytaxt Dəməşqdə konsulluğun xidmətləri dayandırılacaq.

Baş nazir Rəcəb Təyyib Ərdoğan isə son günlər qaçqınların sayının artdığı Suriya ilə sərhəd boyunca təhlükəsiz zonanın yaradılmasını təklif edib. Rəcəb Təyyib Ərdoğan həmçinin bildirib ki, bütün vətəndaşlar Türkiyə qayıtdıqdan sonra səfirin geri çağrılmasını da nəzərdən keçirəcək.

İnformasiya şöbəsi