11 beynəlxalq təşkialtdan hakimiyyəti ittiham edən bəyanat

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaş Qrupu (Beynəlxalq QHT qrupu) Azərbaycanda Xədicə İsmayılovanın timsalında müstəqil jurnalistlərin şantaj və təqib edilməsini pisləyib.

Təqib kampaniyasının son epizodu gizli kamera ilə çəkilmiş intim xarakterli videoçarxın İnternetdə yerləşdirilməsidir.

Koalisiya üzvləri X,İsmayılovanın təqib edilməsinin və qorxudulmasının təcili və tam təhqiqatına  çağırıb. Koalisiya həmçinin dövlət və özəl KİV-in etik öhdəliklərə əməl etməsinin və redaksiya nəzarətinin vacibliyini xatırladır, onları etik normalara uyğun olmayan yazıların dərcindən və yayımlanmasından çəkinməyə çağırır.

Hakimiyyətin ali eşelonundakı korrupsiya faktlarının araşdırılması ilə məşğul olan X.İsmayılovanın intim fotolarının olduğu zərf martın 7-də onun dostuna, bir neçə qohumuna və bir sıra müxalifətçi KİV-ə göndərilib.

“X.İsmayılovaya  qarşı çirkin kampaniya bir məqsəd güdür – tənqidi yazıların  dərcinə son qoymağa məcbur etmək. Onu şantaj edənlər çox yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti intim xarakterli məsələlərə həssas yanaşır və onlar başa düşürlər ki, bu, X.İsmayılovanın özü üçün də pis nəticə verə bilər.

Azərbaycan hökuməti bu hücumların araşdırması üçün dərhal tədbirlər görməli, bu cür təhdidlərin baş verməsini istisna edən atmosferi təmin etməlidir”, – Koalisiyanın koordinatoru, ARTICLE 19-un icraçı direktoru Anyes Kalamar bildirib.

Azərbaycanda jurnalistləri qorxutmaq üçün böhtan kampaniyasından istifadə olunması birinci dəfə deyil. Bu cür hallarla “Azadlıq” qəzetinin redaktoru və direktoru Qənimət Zahidovla Azər Əhmədov, həmin qəzetin müxbiri Aqil Xəlil və başqaları da üzləşiblər.

Bəyanatı 11 təşkilat imzalayıb:

• Article 19

• Jurnalistləri Müdafiə Komitəsi

• Freedom House

• Human Rights House Foundation

• Human Rights Watch

• Index Censorship

• Beynəlxalq Jurnalistlər Federasiyası

• KİV Müxtəlifliyi İnstitutu

• Norveç Helsinki Komitəsi

• Sərhədsiz reportyorlar

• WAN-IFRA

• Rafto Fondu.