Qarabağ danışıqlarını dayandırın…

ilham-huseynİlham Hüseyn

Əvvəlcə məmurların zəbt etdiyi torpaqları azad edək

Dərdimiz uzana-uzana Everest zirvəsindən yekə olub. Illərdi oturub hökumətin səhnəyə qoyduğu tamaşalara baxırıq. Hökumətin ən təsirli tamaşası “Qarabağ boyda dərdimiz var” adlanır. Bəli, 24 ildir 20 faiz ərazimiz düşmən tapdağındadır və danışıqlar prosesində zərrə qədər irəliləyiş yoxdur. BMT-nin qətnamələrini, ATƏT-in Minsk qrupunun həmsədrlərini çiynimizdə daşıyırıq. Tərəflər arasında bugünə qədər 50-dən artıq görüş keçirilib. Amma ərazi bütövlüyümüz təmin olunmur, parçalanmış vəziyyət davam edir.

Bugünlərdə isə rəsmən təsdiqləndi ki, bütövlüyümüz təkcə Qarabağ tərəfdə xəsarət almayıb. Sən demə düşmən işğalı altında olmayan torpaqlarımız məmur işğalı altındaymış. Ölkə başçısı Nazirlər Kabinetinin sonuncu iclasında bildirdi ki, dövlət məmurları əkinə yararlı torpaq sahələrini zəbt ediblər. Bəli, zəbtetmə prosesi Qarabağdan kənarda da davam edirmiş.

Təklif edirəm ki, Qarabağ danışıqlarını dərhal dayandırıb, məmurlarla “diplomatik danışıqlar”a start verək. Başa düşürük ki, “lazım” döyüş cəbhəsinə gedə bilmir. Heç olmasa bu “lazım” məmur cəbhəsinə getməyi bacarmalıdır. Həm də məmurların zəbt etdiyi torpaqları işğaldan azad etmək üçün BMT-nin dörd qətnaməsinə, ATƏT-in Minsk qrupunun monitorinqinə, lobbiçilik fəaliyyətinə, Soçidə, Vyanada görüş keçirməyə, Novruz Məmmədovun kəmşirin açıqlamalarına ehtiyac yoxdur. Topsuz-tüfəngsiz bu işğal faktını aradan qaldırmaq olar.

Vallah, erməni işğalında olmayan torpaqlarımıza “bayraq” sanca bilmiriksə, erməninin zəbt etdiyi torpağa bayrağın dirəyini də basdıra bilməyəcəyik.

Ərazimizin 20 faizi işğal olunub, amma 80 faizində də ərazibütövlüyü təmin edilməyib. Yerli işğalçılar dənizi hasarlayıb, hektarlarla ərazini zəbt edib. Dünya birliyini Qarabağ haqsızlığına dözməkdə ittiham edən hökumət, məmurların haqsızlığına niyə dözür?

Məmurların zəbt etdiyi ərazini işğaldan azad etmək üçün də Rusiyanın “dobro”su lazımdır?  Axı, bu özbaşınalığın qarşısını almaq üçün “Istiqlal” snayperi də lazım deyil.

Faktiki olaraq məmurların zəbt etdiyi ərazi, aprel döyüşləri zamanı geri qaytardığmız 800 hektardan 50 dəfə böyükdür.

Azərbaycanın ən gözəl guşələri iri məmurların girovuna çevrilib, turizm əhəmiyyətli bütün məkanlar məmurların biznesi üçün fəaliyyət göstərir, hektarlarla ərazi iri məmurlar tərfindən hasarlanıb. Hətta Alahın bizə bəxş etdiyi dənizi də vətəndaşdan oğurlayıblar.

Əgər məmurların zəbt etdiyi ərazini azad etmək üçün siyasi iradə yoxdursa, düşmənin zəbt etdiyi ərazini hansı qətiyyətlə azad edəcəyik?

Biz 24 ildir hökumətdən torpaqların geri qaytarılmasını tələb edirik, hökumət isə bu illər ərzində qalan torpaqları da işğala məruz qoyub. Düşmən tapdağında olan əraziylə, məmur tapdağında olan ərazinin nə fərqi var? Ikisinə də gedə bilmirik, ikisinə də giriş qadağandır, ikisi də dövlətin nəzarətindən çıxıb.

Daxili işğala qarşı bu qədər tolerant olan hökumət, xarici işğalçı üzərində qələbə qazana bilməz. Məmur torpağı zəbt edibsə, bu məmurun adı bəlidirsə və bunu ölkə başçısı da bilirsə, problem dərhal həll edilməlidir. Bizdə isə bu təbii haldır. Qiyməti süni qaldıran da, milyardları mənimsəyən də, qanunsuz hökm çıxaran da, AŞPA-da rüşvət verən də, torpaqları zəbt edən də məlumdur. Sadəcə olaraq bu gedişata “dur” deyən yoxdur.

Biz də avam-avam Sankt-Peterburq, Vyana görüşünün nəticələrini müzakirə edirik. Əlidən, Vəlidən torpağı ala bilməyənlər, Köçəryandan, Sarkisyandan necə torpaq alacaq?