Bir ailənin kefinə qurban verilən xalq

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Xalqa milyonlarla nanata başa gələn “Formula-1″in ardınca ”Jara” musiqi festivalı keçirildi: multikulturalizm adına, Azərbaycanı tanıtmaq adına. Aeroportda ayaq altına sərilmiş gözəl xalılarla qarşıladılar rusiyalı sevgili qonaqlarını. Ötən yüzilin 70-ci illərində, 80-ci illərin başlanğıcında etdiklərini yenə etməkdədirlər: Azərbaycanı satlıq mala, bütün güclü ayaqların altına səriləsi xalı-xalçaya çeviriblər. O illərdə olduğu kimi hakimiyətlərini qoruyub saxlamaq üçün Azərbaycanı bazara çılxarıblar. Ortada bircə ayrıntı var: o çağın siyasi qoşullarına uyğun olaraq Azərbaycanı yalnız Moskva bazarına çıxarırdılar, indi dünya bazarına çıxarıblar. Ancaq yenə yaxın siyasi bazar – Moskva – onlardan ötrü ayrıca önəm daşıyır.

Bu gün dünyada başlıca siyasi güc ABŞ-dır, ancaq ABŞ-ın pis bir işi var: aldıqlarıyla yetərlənmir; demokratiya, insan hüquqları adına çıxışlarda da bulunur. Düzdür, hakimiyətə etki baxımından belə çıxışlar çox da keçərli deyil. Belə çıxışları yaxşı-yaxşı yola verməklə hakimiyətlərinin 23 ilini arxada qoyublar. Bu gedişlə hələ bir 23 ili də arxada qoya bilərlər: 23 ildə ABŞ-ın, Avropanın demokratiya istəyi sonuncu sıradan azacıq da önə keçmədiyindən onlar daha bir 23-ü göz altına ala bilərlər. Əliyevlərin qocaman administrator-filosof ideoloqu R.Mehdiyevin bir sıra çıxışlarından göründüyü kimi, onlar daha bir 23 ili Rusiya ilə Batı arasında var-gəl etməklə, onunla da, bununla da gərəkən bazarlıqları yapmaqla qazanmış durumdadırlar. Əliyevlərin çoxillik, çoxyönlü Azərbaycan bazarlığından hamı qazanır: Əliyevlər özləri də, yaxın-uzaq bazarlıq ortaqları da – demokratiya yönlülər də, diktatura yolunda olanlar da. Burada qazanmayan yalnız Azərbaycandır, Azərbaycan xalqıdır.

Azərbaycanı yağıcasına korrupsiya, repressiya içində boğmaqla multikulturalizmdən danışırlar. Dövlət qurumlarının başdan ayağa korrupsiyaya büründüyü ölkədə multikulturalizm ola bilməz. Bütünlüklə repressiya içində boğulan ölkədə multikulturalizm ola bilməz: Kamal Abdulla kimiləri podratçının (başqa cür desək, rejimin) buyruqlarını yerinə yetirərək Azərbaycanı başına götürən multikulturalizmdən neçə-neçə kitablar yazsa da! Sağlamlıq (səhiyə) sisteminin fiziki soyqırım faktoruna çevrildiyi ölkədə multikulturalizm ola bilməz. Təhsil sisteminin mənəvi soyqırım faktoruna çevrildiyi ölkədə multikulturalizm ola bilməz. 36 min gəncin ANA DILINDƏN “2″ aldığı ölkədə multikulturalizm ola bilməz. 11 il oxuyub ANA DILINI öyrənə bilməyənlər Əliyevlərin parlaqdan parlaq rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya ”çələngi” içində onlara uzatdıqları solğun multikulturalizm çiçəyini alqılayıb sevə bilməzlər.

Onlara – ANA DILINDƏN “2″ alan neçə-neçə 36-40 minlərə, milyonlara – oxullardakı (oxul – ərəbcə, məktəb) Əliyevlər dönəmində az qala leqallaşmış geniş rüşvət bazarından, süpürgə pulundan danışsanız daha yey olmazmı?! Doğal resurslarla dopdolu bir ölkədə öyrəncilərdən süpürgəpulu yığmaq, ola bilsin, xalqın milyardlarını mənimsəmiş bir ailənin ən sonuncu, xırda-xuruş itkilərinin yerini doldurmaq üçündür. Lap elə deyək indiki iki günlük musiqi festivalı kimi.

Kimsə deyə bilər: gəlib – getmək, yeyib-içmək içində olmaqla bu festivaldan ötrü milyonlarla manat puldan keçilib. Mənsə deyirəm: bütün ölkədən yığılan süpürgəpuluyla bu festivaldan birini yox, bir neçəsini keçirmək olar. Axı, oxullarda yığılan pullar yalnız süpürgəpuluyla bitmir; süpürgəpulu oxullardakı pul yığımının sonuncusudur. Üç-dörd günlük bəlli Qarabağ savaş oyunundan sonra tanıdığım bir orta oxul ötyrətmənini diləkçə yazan yerdə yaxaladım. Adam onu onsuz da dolandırmağa yetməyən 200 manatlıq donluğundan 5 manatının ordu fonduna keçirilməsi üçün təhsil nazirinə yazılı ağız açırdı. Onu yersiz-gərəksiz yardımçılıqda qınadım. O isə: “Yuxarıdan göstəriş belədir, dedi, yazmasam, işimi itirəcəm”.