Dərdimizin dərmanı…

rovshenRövşən Hacıbəyli

“Azərbaycan dərman istehsal edəcək”. Indi medianın əsas xəbər başlıqlarından biridir. Ilham Əliyev Nazirlər Kabinetində keçirilən son müşavirədə Azərbaycanda dərman istehsal edən zavodların tikiləcəyini, bununla da ölkə əhalisinin dərman ehtiyacının ödənəcəyini bildirib. Bu xəbərə kimsənin sevinəcəyinə inanmıram.

Başdan başlayaq. Ötən ildən dərmanların qiymətlərini dövlətin tənzimləyəcəyi bildirildi. Guya bəzi dərmanların qiymətləri “tənzimləndi” də. Aptekə yolu düşənlərdən soruşmaq yetərlidir; ötən ilki devalvasiyalardan sonra dərmanları hansı qiymətə alırlar. Elə siz özünüz, əziz oxucular, hər kəsin yolu apteklərdən düşür, qiymətləri görür, əvvəlkilərlə müqayisə apara bilirsiniz. Dərmanların qiymətindən hər kəs şikayətçidir. Ölkə başçısının məsələyə müdaxiləsindən sonra qiymətlər daha da qalxıb. Bütün başqa məsələlərlə bağlı belə olub. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədən danışılanda, onlar daha geniş miqyas alır. “Sənaye ili” elan elədikləri il ölkədə sonuncu zavodlar da söküldü. Kənd təsərrüfatının ən ağır keçən ili ötənilki olub; Ilham Əliyevin “kənd təsərrüfatı ili” elan etdiyi 2015. Başqa misallar da çəkib sizi yormaq istəmirəm.

Ölkədə bütün sahələr Ailənin monopoliyasındadır, o sıradan dərman biznesi. Prezidentin öz biznesini çökdürməsi təşəbbüsünə kimsə inanmaz, inanmadı da. Əhali getdikcə səfalətə sürüklənir, pensiyaların verilməsində gecikmələr başlayıb. Sadə səbəb illərdir axan milyardların şəxsi ciblərə, ofşorlara ötürülməsidir. Neftin qiymətinin düşməsi pul axınını xeyli azaldıb, şəxsi ehtiyaclarına yetmir, büdcədən daha çox qoparmağın yollarını düşünürlər, üstəlik, ac adamların bir gün üsyana qalxacağını da göz önünə almamış deyillər. Aclıq, səfalət üzündən ölkə əhalisi də xəstə duruma gətirilib. Irili-xırdalı məmurların, deputatların durmadan sayını artırdıqları klinikalar belə xəstə əhalini tam gücüylə qəbul etməkdə çətinlik çəkir. Istənilən klinikaya gedən adam düşünür ki, ölkə əhalisi burdadır. Iran-Turan xəstəxanalarına gedənlərin də sayı-hesabı yoxdur. Hər gün avtovağzaldan Irana 7-8 avtobus adam gedir, onların hamısı Azərbaycan səhiyyəsindən qaçıb yaxın xaricdə əlac axtaranlardır…

Dərman istehsal edən zavod yeni yem mənbəyidir. Öz bizneslərini inkişaf etdirmək üçün açacaqlar, ucuz, keyfiyyətsiz dərman istehsal edəcəklər, zorla satdıracaqlar; “Azərsun”, “Jalə”, “Atena”, “Naz-Lifan”… saymaqla bitməyən Ailə şirkətinin məhsulları kimi…

Qabaqlar bütün mağazalarda müxtəlif ölkələrdə istehsal olunmuş çaylar vardı. Indi yalnız böyük marketlərdə bir küncdə, görünməz yerdə başqa çaylarla qarşılaşa bilərsən, o da məhdud çeşiddə. Bütün vitrinsə “Azərsun” məhsullarının ixtiyarındadır.

Dərmanın qiymətlərini endirməyə gücü çatmayan prezident başqa yola əl atdı; daha əlverişli, daha qazanclı yola. Sifarişlər indidən hazırdır. Hansı klinikanın, özəl xəstəxananın həddi nədir ki, bu dərmanlardan almasın, lap bir çağlar deyildiyi kimi: Hamı yerli mal alsın, xeyir… daha hamısını mən deyəsi deyiləm ki, xeyirin kimə qalacağını məndən yaxşı bilirsiz.

Çətin zamandır, bir vaxtlar öyündüyümüz neft dəyərini itirib, getdikcə də itirməkdədir. Əslində, qoca nazirimizin – Artur Rəsizadənin çevik təfəkkürü qarşısında baş əyməliyik (heç şübhəsiz, dərman zavodu tikmək ideyası ondan gəlib, sadəcə böyüklük göstərərək bunu prezidentin diliylə xalqa çatdırıb), belə müdrik qərarlar verdiyinə görə.

Ancaq, əziz bacılar və qardaşlar, çalışın xəstələnməyin, o zavodun məhsulu sizin dərdinizə dərman olmayacaq, olmayacaq!..