Azərbaycan NATO ilə təlimlərdən niyə imtina etdi?

nato-azerbƏliyev şəxsi maraqlarına toxunmadığı müddətdə ölkənin təhlükəsizliyi ilə bağlı istənilən təhdidi görməzdən gələ bilər

Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb ki,ÿiyulun 18-də bu ölkədə NATO-nun “Si Briz-2016″ təlimləri başlayacaq. Azərbaycan bu təlimlərdə iştirakdan imtina edib. Daha öncə Bakı NATO-nun ”Rapid Trident-2016″ hərbi təlimlərində iştirakdan imtina etmişdi.

Görünür, prezident Ilham Əliyevin ABŞ diplomatları və rəsmilərilə görüşlərdə söylədiklərinin əksinə, ABŞ-Azərbaycan əlaqələri hələ də inkişaf müstəvisinə daxil ola bilmir. Azərbaycanın istər ABŞ, istər NATO ilə münasibətlərində soyuq küləklər əsir. Bəs bu vəziyyət Azərbaycanın təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil etmirmi?

Azərbaycanın gərgin geosiyasi vəziyyətini nəzərə alsaq, qonşu ölkələrdən gələn təhdidləri zəiflətmək naminə NATO ilə əməkdaşlıq müstəsna əhəmiyyət daşıyır. Azərbaycan ordusunun NATO standartlarına yaxınlaşmaqla, müasir döyüş qabiliyyətinə yiyələnməsi ölkənin müdafiə gücünün artmasına xidmət edə bilər. Nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətindədir, onda NATO ilə əməkdaşlığın əhəmiyyəti daha da artır.

Bir vaxtlar münasibətlər qənaətbəxş idi, NATO-nun dəstəyi ilə bir sıra təlim bazaları, hərbi hava limanları, Xəzərdəki müşahidə məntəqələri yenilənmişdi, Azərbaycan birgə hərbi təlimlərdə iştirak edirdi. Ancaq 3 ilə yaxındır ki, ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq münasibətləri dondurulub.

Bəs həmişə “balanslı siyasət” aparması ilə öyünən Azərbaycan hökumət NATO ilə münasibətlərdə kəskin dönüşlər etməyini necə izah etmək olar? Necə oldu ki, bir vaxtlar faydalı sayılan bu münasibətlər indi belə əhəmiyyətsizləşib? Münasibətlərin inkişaf trayektoriyasına nəzər yetirsək, görərik ki, NATO ilə hərbi münasibətlərin dondurulması Qərbin Azərbaycandan demokratiya, islahatlar tələblərinin artdığı dövrə təsadüf edir. Qərbdən gələn siyasi islahatlar, demokratik açılım tələbləri hökumətin hərbi, siyasi kursunu şimal istiqamətinə çevirib. Çünki Rusiyanın Əliyev rejimindən ölkədəki hüquq və azadlıqların durumu ilə bağlı heç bir tələbi yoxdur. Şimal qonşumuz ölkəmizin Avrointeqrasiya meyllərinin əleyhinə olduğundan, Azərbaycanda avtoritar rejimin qalmasında maraqlıdır. Görünür, bu baxımdan Əliyev və Putinin maraqları üst-üstə düşür.

Ancaq 2-5 aprel Qarabağ döyüşləri göstərdi ki, ölkənin hərbi gücü Ermənistandan nə qədər üstün olsa da, aparılan bacarıqsız siyasət Rusiyanı münaqişədə son söz sahibinə çevirib. Azərbaycandakı siyasi elitanın Rusiyadan asılılığı Qarabağ münaqişəsində status-kvonun qalmasında maraqlı olan, Ermənistanın strateji müttəfiqi Rusiyanın təsirlərini daha da artırıb.

Rusiyadan fərqli olaraq, son sammit də daxil olmaqla, NATO-nun toplantılarında dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Buna baxmayaraq, hökumətin nəzarətində olan mediada anti-Qərb ritorikaları davam etməkdədir. Amma bunun əksinə, Ermənistanla hərbi əməkdaşlığı artırmaq və birgə hava hücumundan müdafiə (HHM) sistemiÿyaratmaq barədə Rusiyanın planlarını pisləyən məqalə və və müzakirələrə demək olar, rast gəlinmir. Görünən odur ki, Əliyev onun şəxsi maraqlarına toxunmadığı müddətdə ölkənin təhlükəsizliyi ilə bağlı istənilən təhdidi görməzdən gələ bilər.

İlkin İsmayıllı