İslam Partiyası da Xədicə İsmayılı müdafiə etdi

Azərbaycan İslam Partiyası “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şəxsi həyatına müdaxiləni pisləyib. Qurumun bəyanatında deyilir ki, “Azadlıq” radiosunun müxbirinə qarşı mənəvi ölçüyə sığmayan hərəkət hər bir qeyrətli, namusa dəyər verən Azərbaycan kişisini narahat edir: “Tərbiyəsizliyin və əxlaqsızlığın bu həddə çatmasını ictimai təhlükəli cinayət kimi qiymətləndiririk. Hər hansı bir qadına qarşı belə şantaj əslində bütün qadınlara qarşı təhqir təəssüratı yaradır. Şəxsi həyata müdaxilə və təcavüz, eyiblərin görüntüsünü yaratmaq və yaymaq cəmiyyətdə əxlaqsızlığın, təhqirin təbliğindən başqa bir şey deyil”.

Bəyanatda vurğulanır ki, dini atributlara, mənəvi dəyərlərə qadağalar olan cəmiyyətlərdə belə halların baş verməsi gözləniləndir: “Xədicə İsmayilovaya qarşı bu cinayəti törədənlər tapılmalı və layiqli cəzalarına çatmalıdır. Əks halda gələcəkdə hər bir şəxsi, hər bir ailəni bu kimi şantaj və təhqirlər gözləyə bilər”.