Dünən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və administrasiyanın başqa bir təmsilçisi Elnur Aslanov həmkarımız Xədicə Ismayıla qarşı törədilən amansız və murdar cinayətlə bağlı qayğılı bəyanatlar verdilər. Adətən bu cür hadisələrə münasibətini açıqlayanda həmin qurumun təmsilçiləri təxminən belə deyir: “Hər ölkədə və hər kəsə qarşı belə hadisələr törədilə bilər, bununla məşğul olmaq isə hüquq-mühafizə orqanlarının işidir və onlar öz işlərini bilirlər. Bundan şou düzəltmək lazım deyil.”
Amma birdən-birə üslub dəyişdi. Pisləyirlər, hüquq-mühafizə orqanlarının bu işlə məşğul olacaqlarını deyirlər. Doğrudan da, indiyəcən susan, jurnalistin müraciətinə günlərdir reaksiya verməyən, onun təhlükəsizliyini təmin etməyən Baş Prokurorluq da eyni gündə cinayət barədə açıqlama yaydı. Bildirdilər ki, cinayət işi açılıb, istintaq başlayıb.
Prezident administrasiyası geri çəkilir?
Nə dəyişdi? Bu işlərin ondan görülməsinə narahat olmayan, bu videoları hazırlamağı və yaymağı dolayısı ilə hətta üzərinə götürməkdən çəkinməyən, iqtidarın əsas təbliğat ruporu olan Lider TV-də təkrar-təkrar yayan bizim hakimiyyət niyə birdən-birə taktikanı dəyişir? Geri çəkilməkdirmi bu?
Səbəb çox sadədir. Gördülər ki, istədikləri effekti ala bilmədilər…
Rüsvay edə bilmədilər, rüsvay oldular. Ölkə bunları qınadı. Dünya bunların üstünə gəldi…
Bütün dünya indi ondan danışır ki, Ilham Əliyevin ailə biznesindən yazan jurnalist şantaj edilir.
Bir sözlə, Xədicə Ismayılın geri çəkilməməsi, özünə və Azərbaycana baş ucalığı gətirən bir dirəniş göstərməsi, mərdliklə və yüksək intellektlə cavab verməsi, nəticədə gözlənildiyindən artıq dəstək qazanması şantajın mənasını itirdi. Ola bilsin ki, bu halda vəziyyətdən çıxmaq haqda düşünürlər. Əslində, doğrusunu edərlər. Anlamalıdırlar ki, burada fayda yoxdur.
Avropa Parlamenti də hakimiyyəti sorğulamağa başlayıb. Sual isə çox sadə, lakin olduqca məzmunludur: Niyə Ilham Əliyevin ailə biznesi haqda yazan jurnalist adi adamların eləyə bilməyəcəyi şantaja məruz qalır?
Xarici təxribat? Yoxsa qorxulu bəyanat?
Lakin baş verənləri rahatlıqla hakimiyyətin yeni taktika seçməsi, yaxud geri çəkilməsi kimi də qəbul etmək olmur. Çünki verilən bəyanatlarda çox düşündürücü bir məqam var. Prezident Administrasiyası şöbə müdiri Elnur Aslanov dünənki açıqlamasında deyir: “Biz bu videogörüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik.”
Videonun yayılmasını, tutaq ki, Iranın üstünə atmaq olar, bəs şantaj barədə açıqlamadan sonra YAP-ın mətbu orqanı “Yeni Azərbaycan” qəzetindəki təxminən eyni məzmunlu yazını kimin üstünə atmaq olar? Görəsən sabitliyi pozan təxribatçı niyə yap.tv saytı yaradaraq yaymır bunu?
Ümumiyyətlə, bu cür yanaşma bizdə çox ciddi narahatlıq yaratmalıdır. Belə çıxır ki, bizim ölkədə hakimiyyətə heç bir məsuliyyət saxlamayan təxribatçılar fəaliyyət göstərir. Necə bəyəm, bəlkə bundan da təhlükəli hücumu, əməli, cinayəti sabah ölkədə sabitliyi pozan həmin qüvvələrin üstünə atmaq istəyəcəklər?
Nə anlama gəlir bu bəyanat? Bu, nə qorxulu açıqlamadır?!

Videonu təxribatçılar yayıbsa, “Yeni Azərbaycan”dakı məqaləni kim yayıb?
•