İran təranələri

Şeytandansa, Əzrayılı tərcih edin, ən azı məqsədi bəllidir
(atalar sözü)

Iqtidarın xarici siyasətini xarakterizə etdikcə, istər-istəməz nüfuzlu (!) bir reket qəzetin iş prinsipi gözlər önünə gəlir. Bir iri məmur uzun müddət manşetlərdən düşmür. Mal varlığı, obyektləri, vəzifədə olan qohumları, xaricdəki mülkləri, himayə etdiyi müğənnilərə qədər yazılır və birdən,.. həmin qəzetdə onun haqqında ard-arda “qərəzsiz”  materiallar dərc olunur(!). Məsələn, “filan nazir, filan məsələyə münasibətini bildirdi”, yaxud “ay filan nazirin oğlunun Azərbaycan sevgisi varmış” (!). Vəssalam. Məsələ aydın olur, məmur qəzeti “görüb”, yaxud da baş redaktorun qulağı “çəkilib”.
Hazırda Iran-Azərbaycan dostluğu haqda “təranələr” ən yüksək səviyyədə ifa olunur. Bir neçə ay əvvəl Iranı bir nömrəli düşmən elan edənlərin yadına orada yaşayan soydaşlarımız düşüb. Buna qədər isə iqtidar son bir ildə təxminən 3 dəfə Iranla “küsüb-barışıb”.
Balanslaşdırılmış xarici siyasətin (!) təkərlərini nə qədər “doldurub-boşaltmaq” olar, axı?
Siyasətimiz son 18 ildə, ancaq bir münasibət üzərində qurulub – “Əliyev iqtidarını sevməyən Azərbaycanı sevmir”(!). Fikir verdinizsə, müdafiə nazirimiz Səfər Əbiyevin Iran prezidenti ilə görüşü zamanı dövlət bayrağımız salonda yox idi. Dünya diplomatiyasında bu cür “jest”lərin bir adı var – sayğısızlıq. Bir neçə il öncə Israillə Türkiyə arasında yaşanan “alçaq kreslo skandalı” da buna bənzər idi. Türk diplomat qəsdən alçaq kresloda əyləşdirildi və Türkiyədən layiqli cavabını aldı. Tarixdə örnək çoxdur, çox az hallarda bunu cavabsız qoyan ölkələri isə barmaqla saymaq olar.
Iran-Azərbaycan münasibətlərində təkcə son bir ildə dəfələrlə gərgin anlar yaşanıb. Elə gərgin anlar qədər də “barışma, uzlaşma” müşahidə edilib. Rusiya ilə Iran torpaqlarımızın 25 faizini işğal etmiş Ermənistanın regionda əsas partnyorlarından biridir. Rusiya silah-sursat, Iran isə enerji və ərzaq malları ilə düşmənlərimizi təchiz edir.
Iran rəsmilərinin dəfələrlə Ilham Əliyev və onun komanda üzvlərinə etdikləri hücumların şahidi olmuşuq. Təxminən bir ay bundan əvvəl isə, Iranın rəsmi mediası olan “Press TV” Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini və fövqəladə hallar naziri Kəmaləddin Heydərovu narkotik qaçaqmalçılığını himayə etməkdə suçladı. Avtoritar bir yapıya sahib olan Iranda dövlət KIV-i təsadüfi bəyənatlar vermir. Elə ardınca bizim rəsmilər Iranı terrorizmi dəstəkləməkdə ittiham etdi. Bir neçə həftə keçməmiş məlum oldu ki, “aranı qarışdıranlar Iranda ruhanilər, bizdə isə ziyalılar və mətbuat imiş…”. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun bu qənaətinə heyrət etməmək olmur. “Lazım gələndə”, sərhəd qoşunları komandanı, nazirlər, deputatlar ziyalı, “Azərbaycan”, “Səs” qəzetləri isə müstəqil mətbuat olurmuş(!)…
Bəzi siyasi analitiklər, Azərbaycan iqtidarının Iran “siyasətini”, Qərblə bazarlıq (!) kimi qiymətləndirirlər. Bildiyimiz kimi, Qərb Irandakı dini rejimi arzuolunmaz elan edib. Iran isə müsəlman ölkələrin əhatəsindədir. Azərbaycan iqtidarı isə, belə “hesab edir ki” Amerika Iranı vurmaq üçün mütləq ölkə ərazisindən plastdarm kimi istifadə etmək niyyətinə düşəcək. Bu çox yanlış fikirdir. Əvvəla, 30 milyondan çox azərbaycanlının yaşadığı Irana bu ölkədən hücum etmək Qərbin planlarına daxil deyil. Yəni iqtidarın Iran reveransı, daxili hakimiyyətin möhkəmlənməsinə hesablanmış bir gedişdir. Hətta belə bir bazarlıq gündəmə gəlsə, Arazın o tayında yaşayan 30 milyondan çox soydaşımıza, zaman-zaman edilən haqsızlıqlara göz yuman Əliyev rejiminin atacağı addımlar gün kimi aydındır.
Azərbaycan dövlətinin xarici siyasəti, tayfa hakimiyyətinin uzunömürlü olmasına indeksləşdirilib – burada riayət ediləcək ənənə, diplomatik etiket, bayraq, himn ikinci dərəcəli(!) məsələdir. Ermənistanın hərbi müttəfiqi olan Belarus və Qarabağa görə Ermənistanı tanımayan, hər an hərbi yardım etməyə hazır olan Pakistanla fərqli münasibətlər buna parlaq nümunədir.
Bir sözlə, biz sonu gəlib – çatmış oxşar rejimlərin dayanışması mərhələsini müşahidə etməkdəyik. Bu rejimlər də öz nazirlərinə bənzəyir, yaxşısı-pisi olmur, hamısı eynidir, bəzi həmkarlarım “bəzək-düzək” verməyə çalışsalar belə…