Bu dəfə hadisəni «bostanların suvarılması» yox, «Azərsu»nun məsuliyyətsizliyi yaratdı
Bayıl qəsəbəsində martın 14-dən 15-nə keçən gecə uçqun baş verib. Hadisə Əlibəyov qardaşları 10 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qeydə alınıb. Vaxtilə “Lukoyl” yanacaqdoldurma məntəqəsinin batdığı ərazi uçqun zonasının yuxarı hissəsidir.
Həmin hissədə zibil qutuları olub, qutuların ətrafı isə avtomobil dayanacağı kimi istifadə edilib. Uçqun buradakı gözətçinin daxmasını da məhv edib. Şahidlərinin sözlərinə görə, gözətçini vaxtsız acması xilas edib. O gecə yemək üçün evinə qalxanda sürüşmə baş verib və daxması zibil qutuları ilə birgə torpağa qarışıb.
Uçqunun günahını sakinlər “Azərsu”da görürlər. Onlar bildirirlər ki, küçədə suların quruduğu günü görmək onlara nə yayda, nə də qışda qismət olur: “Nə yaxşı ki, bu uçqun oldu… Bu gün səhər ”Azərsu”dan gəlib deşik boruları yamadılar”.
Uçqun baş verən ərazidə axşam saatlarına qədər hərəkət dayandırılıb. Yolu bağlayan torpaq yığınını texnikanın köməyilə təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev isə APA-ya bildirib ki, ərazidə sürüşmə yox, uçqun baş verib. Onun sözlərinə görə, yolun kənarında tikilən istinad divarı uçub: “Bu yamacda tikilən, arxası torpaqla doldurulub, hamarlanmış, istismar müddəti ötən köhnə divardır. Divar bir dəfə də uçmuşdu. Hazırda ərazidə təmizlənmə işləri aparılır”.
Uçqun baş verən ərazinin yaxınlığında yerləşən yaşayış binası üçün heç bir təhlükə yaranmadığını deyən Ş.Niftiyev Bakının başqa sürüşmə zonalarında vəziyyətin stabil olduğunu da qeyd edib.
Natiq