Vahid Məhərrəmov: «Bizdə kənd təsərrüfatına qayğı dolayısıyla məmurların biznesinə yönəldilib»
Dövlət başçısı Ilham Əliyev 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasda kənd təsərrüfatı sektorundan da danışıb. Deyib ki, əkin sahələri, yanacaq, gübrəyə subsidiyalar, sahibkarlara aşağı faizlə güzəştli şərtlərlə 1 milyard manatdan çox kreditlər verilib. O, həmçinin, dövlətin kənd təsərrüfatı texnikası alaraq aqrolizinq yolu ilə fermerlərə verdiyini, gübrə zavodunun tikildiyini, pestisid zavodunun tikintisinin də nəzərdə tutulduğunu bildirib. Fermerlərə dəstəkdən danışan Ilham Əliyev onların yalnız torpaq vergisi ödədiyini, bütün başqa vergilərdən azad olduqlarını deyib. Dövlət başçısı əminliklə bildirib ki, bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən ölkə kimi dünyaya təqdim etmək mümkün olacaq.
Kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən iddia olunduğu kimi dəstək varsa, bəs niyə bu sahədə əməli nəticə yoxdur?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, sadalanan imtiyazlar və yardımlar dövlətin fermerlərə qayğısı kimi göstərilir. Əslində, fermer və kəndlilərin vergi ödəməməsinin onlara daha çox ziyan vurur. Yəni, onlar müstəqil və sivil təsərrüfat rəhbəri kimi formalaşa bilməyiblər. Vahid Məhərrəmov hesab edir ki, fermerlər qeydiyyata alınıb vergi ödəyicisi olmalıydılar: “Əlbəttə, mövcud istehsal bu gün onların daha çox vergi ödəməsinə imkan vermir. Rentabellik çox aşağı səviyyədədir. Ona görə də onlar böyük vergi də ödəməyəcəkdilər. Həmçinin, onlar qeydiyyata alınmadıqları üçün təsərrüfatlarını sığortalaya da bilmirlər”.
Ekspert fermerlərə çox subsidiya ödəməklə bağlı məqama toxunaraq onların Avropa ölkələrilə müqayisədə hər hektara görə 10 dəfə az subsidiya aldıqlarını xatırladır. Mütəxəssisin sözlərinə görə, Rusiya və Qazaxıstanla müqayisədə də bizdə subsidiyanın həcmi azdır. Fermerlərə ayrılan subsidiyanın onlara tam çatmadığı və məmurlar tərəfindən mənimsənildiyi faktı dövlət başçısına da bəllidir: “Belə olan halda, kəndli və fermerlərə hərtərəfli dəstək göstərilməsi necə mümkün ola bilər?! Ən az kredit resursları da bizim ölkədə ayrılır. Bu sahəyə ayrılan vəsait ümumi portfeldə 6 faizə yaxındır. Ayrılan kreditin faiz dərəcəsi də çox yüksəkdir. Bu rəqəm qonşu Gürcüstan və Ermənistanda 14 faiz olsa da, bizdə 28 faizdir. Burada ”şapka”nı da nəzərə alanda fermerlər daha yüksək faizə düçar olurlar. Kreditin verilməsində də son dövrlər böyük çətinliklər yaranıb. Son dövrlər bu sahəyə ayrılan kredit resursları manatla ifadədə iki dəfə, dollarla ifadədə isə dörd dəfə azalıb”.
Mütəxəssisin sözlərinə görə, fermerlərə güzəştli şərtlərlə verilən gübrənin keyfiyyəti də çox aşağıdır. Gübrənin qiymətini süni şəkildə üç dəfə artıraraq, 70 faiz güzəşt hesablayıb fermerlərə təklif edirlər: “Bizim fermerlərə gübrə baha başa gəlir. Halbuki, Gürcüstanda fermerlərin gübrəyə olan ehtiyacı pulsuz ödənilir, yəni bu rəqəm təxminən, 400 kiloqrama yaxındır”.
V.Məhərrəmov qeyd edir ki, bizdə kənd təsərrüfatına qayğı dolayısıyla məmurların biznesinə yönəldilib. Bütün güzəşt və qayğı, torpaq sahələrinin suvarma ilə təminatı belə, dövlət məmurları və oliqarxların xeyrinədir. Ekspert bu mənada, kəndli və fermerlərin dövlət qayğısı və dəstəyindən bəhrələnə bilmədiklərini vurğulayır.
Nigar