Heydər Əsədov Kərəm Həsənovu nişan verdi
Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısına həsr olunmuş iclasında aqrar sahə barədə danışarkən bildirib ki, bəzi hallarda bəzi hallarda torpaqlar zəbt edilib: “Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir.
Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır”.
Məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov Modern.az saytına açıqlama verib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edilib: “O dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. Indi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək.
Qərar layihəsini hazırlamışıq, 1 həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq”.
Heydər Əsədov istifadə edilməyən torpaqların sahibləri arasında məmurların da adlarının olduğu barədə Ilham Əliyevin iradlarını belə şərh edib: “Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib. Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik. Ona uyğun olaraq da dəyişikliklər oldu”.
Nazir qeyd edib ki, hazırda monitorinqlərin nəticələri ümumiləşdirilir: “Monitorinqlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən, həmçinin bizim tərəfimizdən aparılıb. Bundan başqa hər bir rayonda yeni yaranan kənd təsərrüfatı sahələri həmin rəqəmləri hər bir rayon üzrə yoxlayıb təsdiq edəcək. Bundan sonra yekun rəqəm söyləmək mümkün olacaq”.
Heydər Əsədovun sözlərindən belə anlaşılır ki, torpaq zəbt edən məmurların adlarını ölkə başçısına Əmlak Məsələləri üzrə Dövlət Komitəsi təqdim edib. Hər halda Heydər Əsədov açıq şəkildə bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yalnız idarə olunmayan torpaqların mövcudluğu barədə arayış verib.



