«Yeni Azərbaycan»da tirajlanan iyrəncliyi hansı təxribatçı və necə törədə bilər?
“Azadlıq” radiosunun müxbiri Xədicə Ismayıla qarşı mənəvi terror davam etdiyi günlərdə Azərbaycan hökuməti bu çirkabın içərisində çabalayaraq batmaqda davam edir. Prezident Administrasiyasının iki “başbilən”i danışaraq özlərini biabır etməkdə davam edirlər. Heç kimə sirr deyil ki, bu cür olayların arxasında dayanan qüvvə Azərbaycan hakimiyyətidir. Bu iqtidarın ən yüksək vəzifəlilərinin yaxınlarına məxsus Lider televiziyası həmişə bu cür yaramaz siyasətin başında dayanıb. Indi isə belə bir görüntü yaratmaq istəyirlər ki, bu cür olayları kənar, təxribatçı qüvvələr törədir.
Niyə qaçırlar?
Hakimiyyət Xədicə Ismayıla və onun simasında azad jurnalistikaya zərbə vurmaq istəsə də, əks-effekt alındı. Bütün dünya bu əməllərə görə Ilham Əliyevi və idarə etdiyi güman edilən sistemi qınadı. Çünki bütün dünya bilir ki, bu işləri Azərbaycanda kimlər hansı məqsədlə edir. Müxalifətin, azad gənclərin, ziyalıların təpkiləri bir daha hakimiyyətə tərs sillə oldu. Əxlaqsızlığın bu həddini cəmiyyətin bağışlamayacağını görüb geri çəkilmək istədilər. Amma geri çəkilmək cəhdləri daha eybəcər və utandırıcı, insan heysiyyətinə, siyasətçi qüruruna uyğun olmayan formada oldu. Guya Azərbaycanda insanların şəxsi həyatı qanunla qorunur. Bu açıqlamanı verən Əli Həsənov deyir ki, aidiyyəti orqanlar araşdırma aparır. Niyə günlərdir prokurorluq yatmışdı? Bu qədər gözləməyə nə ehtiyac vardı? Deməli, siyasi komanda gözləyirdi.
Elnur Aslanov avtoqol vurub
Ramiz Mehdiyevin keçmiş köməkçisi Elnur Aslanov isə deyib ki, bu videonu yayanlar təxribatçı, ölkəni qarışdırmaq istəyən qüvvələrdir. Düz deyib. Hətta əlavə etmək olar ki, insan adına heç bir dəyərə sahib olmayan qüvvələrdir. Öz əxlaqını yaymaq istəyən qüvvələrdir. Elnur Aslanov da yəqin ki, bunu demək istəyib. Amma bu müdrik cavan “Yeni Azərbaycan” qəzetini oxumurmu? Görmürmü ki, hakim partiyanın rəsmi media orqanı Xədicə Ismayıl haqqında nələr yazır? Onda belə çıxır ki, bu qəzeti, həm də hakim partiyanın qəzetini Azərbaycanı qarışdırmaq istəyən təxribatçı qüvvələr çıxardır? Əlbəttə, onlar bunu ediblər. Azərbaycan hakimiyyəti bu siyasətindən əl çəkmədikcə daha yazıq duruma düşəcək, daha çıxılmaz dalanlarda nəfəsi təngiyəcək, daha böyük həyəcanlar, sarsıntılar keçirib özlərini beləcə ifşa edəcəklər. Elnur Aslanovda günah yoxdur, bu qədər iyrəncliyi və cinayəti törədən hakimiyyəti kim təmsil etsə, bu cür çaşardı.
Seymur Həzi